Amal Abuşov
Ölkə 11:44 24.02.2021

Zərərin yarısından qayıtmağı bacaran zirək azərbaycanlı

Amal Abuşov

Bəli, qar təbiət hadisəsidi. Özü də qəfildən yağmadı, Umayra xanım neçə vaxtdı ki, xəbərdarlığını etmişdi. Amma ki, qarı özlərinə əyləncə kimi görən məmur ordusu bu dəfə də bizimlə əyləndi, vətəndaşı düşünən olmadı.

Səhər 8:00-da işə getmək üçün evdən çıxdım. 30 dəqiqə evimizin yanındakı dayanacağımızda gözlədim. Metronun bağlı olması bizi avtobusa möhtac qoyub. "79" cəmi bir dəfə gəldi, o da heç ön qapını açmadı, içində adamlar bir-birinin "başında" idi. Həmin dayanacaqda gözləməyin mənasız olduğunu düşünüb yuxarı qalxdım ki, "18"ə minim. "Zərifə Əliyeva adına park”ın yanında da yarım saat gözlədim, avtobus gəlmədi. Çarəsizlikdən 9-cu mikrorayona getdim ki, bəlkə, "65"ə minərəm. Çünki orda avtobusların axrıncı dayanacağı var, ümid etməyə dəyərdi. Sonuncu dayanacaqda avtobus harda idi?
Geri qayıtdım, "18"i gözləməyə davam etdim. Maşınlar üzüyuxarı qalxa bilmirdi, ora-bura sürüşürdülər. Artıq bir saatdan çox idi, amma yollarda nə qartəmizləyən maşın, nə də əlində bel olan adam görünmürdü. Qəfildən villalar tərəfdən gələn bir qartəmizləyən maşın göründü, yanıyla da bir nəfər telefonla çəkə-çəkə qaçır. 40 illik həyatımda görmədiyim görüntünü də gördüm.

Çox keçmədi ki, bir dəstə kommunal xidmət işçisi dayanacağın önünə toplaşdı. Saat 9:30-u göstərirdi. Dərhal da onlara "Hunday" markalı avtomobil yaxınlaşdı, içindən "müəllim" düşdü. O da telefonunu çıxarıb, camaata müraciət etdi: "Xahiş edirəm, kənara çəkilin, şərait yaradın"... Əlində bel olan qadınlar dayanacaqda dayanan qadınları (kişilər onsuz da yolun kənarına səpələnmişdilər) bir kənara itələyib yerdəki buzu qaşımağa girişdilər. 
"Müəllim" də telefonunu çıxardı, onları çəkməyə başladı. Çəkdi və özündənrazı şəkildə maşına əyləşib getdi....

Avtobus isə hələ də görünmürdü. Saata baxdım, 11-ə beş dəqiqə işləyib. Yavaş-yavaş evə qayıtmağa başladım. Başqa çarəm qalmamışdı. Lap tutaq ki, sona qədər səbr edib, işə gedərdim. Bəs bunun geri qayıtmağı da var axı. Atalarımız da "zərərin yarısından da qayıtmaq xeyirdi" deyiblər...