Xəbər lenti

Fələstinlilərin 70%-dən çoxu HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumunu dəstəkləyir
Dünya 15:27 21.12.2023

Fələstinlilərin 70%-dən çoxu HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumunu dəstəkləyir

Fələstin Siyasi və Sosioloji Araşdırmalar Mərkəzinin sorğusuna əsasən, İordan çayının qərb sahilində və Qəzza zolağında yaşayan fələstinlilərin əksəriyyəti HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumunu dəstəkləyir. Eyni zamanda, anklavın hər beşinci sakini müharibə zamanı çəkdiyi əzablara görə HƏMAS-ı günahlandırır, İordan çayının qərb sahilində isə hərəkata dəstək üç dəfə artıb.

Qaynarinfo xəbər verir ki, bu barədə sorğu nəticələrinə əsasən "The Wall Street Journal” yazır

Sorğu dekabrın əvvəlində İsrail və Fələstin hərəkatı arasında atəşkəsin qüvvədə olduğu bir vaxtda başa çatıb. Sosioloqlar İordan çayının qərb sahilində 750, Qəzza zolağında isə 481 yetkinlik yaşına çatmış insanla şəxsən müsahibə götürüblər. 

Sorğuya görə, respondentlərin 72%-i HƏMAS-ın İsrailə hücum qərarını "doğru”, 22%-i isə "yanlış” hesab edir. Fələstin Siyasi və Sosioloji Araşdırmalar Mərkəzinin direktoru Xəlil Şikakinin qeyd etdiyi kimi, bu o demək deyil ki, fələstinlilərin əksəriyyəti "HƏMAS tərəfindən həmin gün törədilən vəhşilikləri” bəyənir. Fələstinlilərin fikrincə, diplomatiya və danışıqlar onlar üçün mümkün deyil, buna görə də hücum və silahlı mübarizə "Qəzzanın mühasirəsi və blokadası”na və ümumilikdə "İsrail işğalına” son qoymaq üçün bir vasitədir.

Respondentlərin 80%-i qadın və uşaqların öldürülməsinin müharibə cinayəti olduğunu hesab edir. 85% HƏMAS-ın oktyabrın 7-də həyata keçirdiyi hücumların videosuna baxmadıqlarını bildirib.

Qəzza zolağında hər beş sakindən biri HƏMAS-ı müharibə ilə bağlı əzablara görə günahlandırsa da, hücumdan sonra anklavda Fələstin hərəkatına dəstək bir qədər artaraq 42%-ə çatıb. Qərb sahilində HƏMAS-a dəstək üç dəfə artaraq 44%-ə çatıb.

Xatırladaq ki, İsrail və HƏMAS arasında müharibə hərəkatın İsrail ərazisinə hücumu ilə başlayıb. 1,2 min israilli həlak olub, 5,4 mini yaralanıb. İsrail cavab hərbi əməliyyatı həyata keçirir, nəticədə 20 minə yaxın fələstinli həlak olub, 53 minə yaxın insan isə yaralanıb. Qəzza zolağında həlak olanların əksəriyyəti qadın və uşaqlardır.

Nizami Bağırov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->