Siyasət 14:39 06.10.2022

İlham Əliyevin Ağdamdan dünyaya verdiyi sülh mesajı - Deputatın şərhi

436"Azərbaycan ermənilərin Ağdamda və digər ərazilərində törətdiyi dağıntılara baxmayaraq, İkinci Qarabağ müharibəsindən sonra Ermənistana sülh təklif edib”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib. 

"Biz İkinci Qarabağ müharibəsinin başa çatmasından dərhal sonra, Ağdamda bütün bu gördüklərinizə, istənilən şəxsin görə biləcəyi ermənilər tərəfindən törədilmiş 10 min kvadrat kilometr ərazidəki dağıntılara, insanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, Ermənistana sülh təklif etdik. Biz sülh sazişi üçün baza rolu oynayacaq beynəlxalq hüququn 5 əsas prinsipini ictimaiyyətə bəyan etdik, xüsusilə də ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarının irəli sürülməsindən çəkinmək, güc tətbiqi və güc tətbiqi ilə təhdiddən çəkinmək, dövlət sərhədinin delimitasiyası və kommunikasiyaların açılması. Beləliklə, bu, əslində beynəlxalq hüququn əsas prinsipləridir və sülh sazişi və ya əlaqələrini normallaşdırmağa çalışan ölkələr arasındakı istənilən saziş buna əsaslanmalıdır”, deyə dövlət başçısı vurğulayıb. 
 
Qaynarinfo-ya açıqlamasında dövlət başçısının sözügedən fikirlərinə münasibət bildirən Milli Məclisin deputatı Elman Nəsirov qeyd edib ki, Azərbaycanın bütün addımları sülhə, regionda uzunmüddətli, davamlı sülhün bərqərar olmasına xidmət edir:



"Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev dəfələrlə, ən yüksək tribunalarda, ən yüksək səviyyəli görüşlərdə birmənalı şəkildə bildirib ki, postmünaqişə dövrünün həllini gözləyən məsələlərlə bağlı konkret planımız var və bu istiqamətdə də addımlar atırıq. Bütün addımlarımız sülhə, regionda uzunmüddətli, davamlı sülhün formalaşması mənafeyinə xidmət edir. Yəni Azərbaycan sülh istəyir. Azərbaycan müharibədə qalib gəlib, indi də sülhü qurmaq istəyir. O sülh ki, nəticə etibarı ilə bütün regiona sabitlik gətirəcək. O sülh ki, həm də Ermənistan üçün bu hava su kimi lazımdır. Onun nəticəsində Ermənistanın blokadası götürüləcək, kommunikasiya əlaqələri bərpa ediləcək, İrəvanın Türkiyə ilə də münasibətləri nizamlanacaq. Nəticə etibarı ilə Ermənistan da ağır iqtisadi böhrandan nicat yolu tapacaq. İşlər bu istiqamətdə gedir. Bu Azərbaycanın prinsipial mövqeyidir. Eyni mövqedən çıxış edərək Azərbaycan Prezidenti Brüsseldə, Şarl Mişelin vasitəçiliyilə keçirilən görüşlərdə də mövqeyini bildirib. 

Ancaq təəssüf ki, Ermənistan tərəfi sülh istədiyini desə də, qarşılığında hərbi avantüraya, təxribatlara əl atır. Nəticədə kövrək sülh prosesinə arxadan zərbə endirir. Sonra da Ermənistan özü bunun cəzasını çəkir. Çünki qarşısındakı güclü Azərbaycan Ordusudur. Ali Baş Komandan bir daha söylədi ki, sülh istəyirik, ancaq heç də hər şey tək bizim istəyimizlə bağlı deyil. Qarşı tərəf də anoloji istəkdə olmalı, bu yöndə konkret addımlar atmalıdır. Belə addımları atacağı təqdirdə, proses həqiqətən də sülhə aparıb çıxaracaq və hər bir tərəf üçün olduqca vacib sülhün, əmin-amanlığın, təhlükəsiz mühitin formalaşmasını təmin edəcək”. 

Rüfət Sultan