Xəbər lenti

Siyasət 21:35 25.04.2024

Qırğızıstan və Azərbaycanı hansı iqtisadi maraqlar birləşdirir? (ŞƏRH)

"Qırğızıstanın Avropaya çıxarılası və rəqabətə tab gətirəcəyi məhdud sayda məhsulu var".
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisad elmləri doktoru, professor Elşad Məmmədov Qırğızıstan məhsullarının Avropaya daşınmasında tranzit yolu olaraq Azərbaycanın rolundan danışarkən deyib.

Elşad Məmmədov bildirib ki, öncə Qırğızıstanın hansı məhsullarının Avropa bazarına çıxarıla biləcəyi dəqiqləşməlidir:

"Hazırda Qırğızıstanın Avropa bazarına çıxarılası və bu bazardakı rəqabətə tab gətirməyə qadir məhsulları fikrimcə, çox məhdud saydadır. Digər  tərəfdən, unutmayaq ki, Qırğızıstandan istər Azərbaycan üzərindən, istərsə də digər xətlər üzrə olsun, Avropaya məhsulun çatdırılması fonunda son nəticədə onun hansı qiymətə başa gələcəyini də düşünmək lazımdır. Ona görə də Azərbaycan Qırğızıstanla əməkdaşlığa Avropa bazarı  prizmasından deyil, ölkəmizin inkişafı prizmasından baxmalıyıq. Yoxsa, əməkdaşlığımızı Qırğızıstan məhsullarının Avropaya göndərilməsi istiqamətində qursaq bunun faydası olmayacaq".



Həmsöhbətimizin fikrincə, Bakı ilə Bişkek arasında ikiqat vergitutmanın aradan qaldırılması isə ilk növbədə insan kapitalının inkişafına təkan verəcək:
 
"Bişkeklə Bakı arasında ikiqat vergitutmanın aradan qaldırılmasını dəstəkləyirəm. Hesab edirəm ki, Ermənistanı çıxmaq şərtilə digər postsovet ölkələrilə ikiqat vergitutmadan uzaqlaşmalıyıq. Çünki ikili vergi qoyma rəqabət qabiliyyətinin qorunmasına mənfi təsir göstərir. Ona görə də ikili vergi tutmadan uzaqlaşmalıyıq. Həmin addımın atılması Bakı ilə Bişkekin qarşılıqlı ticarət dövrüyyəsində bütün sahələrə müsbət təsir göstərəcək. O cümlədən insan kapitalı sahəsinə də. Bu istiqamətdə böyük potensialımız var. Amma ikili vergitutma bu istiqamətə də mənfi təsir göstərir. Ümumiyyətlə, yüksək əlavə dəyər tutumlu sahələrin hamısı üzrə ikili vergi qoymadan uzaqlaşmaq lazımdır. ƏDV kimi iqtisadiyyatın inkişafına tormozlayıcı təsir göstərən vergidən qaçmalıyıq. Əks halda, öz məhsullarımızın nə yerli bazarda, nə də bölgədə rəqabət qabiliyyətindən danışa bilməyəcəyik”. 

Qeyd edək ki, Qırğızıstan Prezidenti Sadır Japarovun Bakıya səfəri iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına təkan vermək baxımından mühüm kəsb edir. Qırğızıstan son illər Avropaya münasibətdə də açıq siyasət aparır. Halbuki Qırğızıstanın Avropaya açıq sərhədləri yoxdur. Bu fonda qırğız mallarının Avropaya çatdırılmasında Azərbaycan tranzit ölkı olaraq mühüm rola malikdir. İki ölkə həmçinin, ikiqat vergitutmanın aradan qaldırılması barədə də razılığa gəlib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->