Xəbər lenti

Dünya 21:35 24.04.2024

"Qərb Ukraynanı təkbaşına buraxmayacaq" - Ekspert

"ABŞ-ın Ukraynaya yönəlik bu dəstəyinin iqtisadi, siyasi, hərbi və psixoloji təsirləri var".
 
Bunu Qaynarinfo-ya açıqlamasında "QAFSAM” sədrinin müavini Nazim Cəfərsoy ABŞ Senatının Ukraynaya yardım paketini təsdiqləməsinin nə ilə nəticələnəcəyini şərh edərkən deyib.

Nazim Cəfərsoy bildirib ki, son dövrlər Ukraynaya Qərbin yardımı ilə bağlı ciddi problemlər yaranmışdı:

"ABŞ-da respublikaçılarla demokratlar arasında mövcud olan problemlər Ukraynanın Qərb tərəfindən yalnız buraxıla biləcəyi və onun məğlub olacağı düşüncələrini formalaşdırdı. Lakin yardımın təsdiqi geosiyasi baxımdan Ukraynanın yalnız buraxılmadığını göstərmək baxımından önəmlidir. Bu addım onu da göstərdi ki, ABŞ daxilində respublikaçılarla demokratlar Ukrayna məsələsində çətin də olsa müəyyən uzlaşmalara gələ bilirlər".

Ekspert vurğulayıb ki, ABŞ-ın bu dəstəyi özündə Avropanın dəstəyinin artmasını da stimullaşdıracaq. Həmsöhbətimizə görə, iqtisadi baxımdan Senatın atdığı addım iki məqam baxımından əhəmiyyətlidir: 

"Bu yardım olmasaydı Ukraynanın iqtisadi gücü Rusiya ilə mübarizəyə tab gətirməyəcəkdi. ABŞ kimi iqtisadi gücün Kiyevə bu istiqamətdə verdiyi dəstək Ukraynanın iqtisadi müqavimət gücünü artıracaq. Bu fonda Avropanın da Kiyevə iqtisadi yardımları artacaq".
 


Ekspert deyib ki, təhlükəsizlik baxımından bu Ukraynaya lazım olan silahların daha geniş miqyasda və daha çox sayda Kiyevə verilməsinə gətirib çıxaracaq. Onun fikrincə, bu da önəmli məqamdır:

"Psixoloji olaraq atılan addım Ukraynanın yalnız buraxılmadığı düşüncəsinin yenidən güclənməsinə rəvac verəcək. Yalnız Ukrayna deyil, ABŞ-ın postsovet məkanındakı müttəfiqləri, Gürcüstan, Baltik ölkələri, Polşa kimi ölkələrdə də əvvəl Qərbin Kiyevi buraxdığı kimi neqativ düşüncələr yer almışdısa, Senatın qərarı bu neqativi də əngəlləyəcək".
 
Ekspert bildirir ki, Senatın qərarı həmçinin ABŞ-la Rusiya arasındakı geosiyasi gərginliyin daha da güclənməsinə xidmət edəcək:

"Bu gərginləşmə öz təzahürünü başqa bölgələrdə də göstərə bilər. Məsələn, Cənubi Qafqazda. Bu isə region ölkələrinin manevr imkanları, iki güclə  münasibətlərində müəyyən eniş və risqlər yarada  bilər". 

Qeyd edək ki, ABŞ Senatı Ukrayna, İsrail və Tayvana 95,2 milyard dollarlıq yardım paketini təsdiqləyib. Bu vəsaitin 61 milyard dolları Ukrayna üçün nəzərdə tutulub. Həmin vəsait bir neçə əsas istiqamət üzrə bölüşdürüləcək. Ukraynanın baş naziri Denis Şmıqal bildirib ki, 49,9 milyard dollar müdafiə xərclərinə, 7,8 milyard dollar potensial büdcə dəstəyinə, 1,57 milyard dollar isə iqtisadi yardıma yönəldiləcək. Digər 400 milyon dollar isə sərhədlərin mühafizəsi və humanitar minatəmizləmə xərcləridir. Beləliklə, Nümayəndələr Palatasınına rdınca ABŞ Senatı da nəhayət Ukraynaya dəstək paketinə razılıq verdi. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->