Dünya 17:44 06.10.2022

Ramzan Kadırov Rusiya ordusunda vəzifəyə gətirilə bilər? - Politoloq

Rusiya prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırova general-polkovnik rütbəsi verib. Bu barədə məlumatı Kadırov öz rəsmi teleqram kanalında paylaşıb. 

2021-ci ilin sentyabrında Çeçenistan rəhbəri "Vətən Qarşısında Xidmətə Görə" III dərəcəli ordenlə, 2006-cı ildə isə "Vətənə xidmətə görə" IV dərəcəli ordenlə təltif edilib. O, həmçinin 2003-cü ildə "Şücaət", 2015-ci ildə "Şərəf", 2000-ci ildə "Hərbi şücaətə görə” II dərəcəli medal və 2005-ci ildə Çeçenistanın Kadırov adına ordenləri ilə təltif edilib. 2006-cı ildə Kadırov Rusiya Qəhrəmanı adına layiq görülüb. 2020-ci ildə isə Putin ona Milli Qvardiyanın general-mayoru rütbəsini verib. Bundan əlavə, Kadırov "Çeçenistan Respublikasının Əməkdar Bədən Tərbiyəsi İşçisi" və "Çeçenistan Respublikasının Əməkdar İnşaatçısı" fəxri adlarına malikdir. 

Qeyd edək ki, Ukrayna müharibəsi başlayandan Kadırov prosesdə aktivliyilə seçilir. Son zamanlar isə onun bu istiqamətdə fəallığı daha da artıb. Ukraynada hətta Rusiya silahlı qüvvələrinin tərkibində ayrıcı olaraq çeçen batalyonları da iştirak edir. Bildirildiyinə görə, Kadırov özü də bir neçə dəfə işğal edilmiş Ukrayna şəhərlərinə səfərlər edib. Ramzan Kadırov Ukrayna Ordusunun Liman şəhərini azad etməsindən sonra bu istiqamətdə müdafiəyə rəhbərlik edən Rusiya Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Dairə komandanı, general-polkovnik Aleksandr Lapini sərt şəkildə tənqid edib. Kadırov Liman şəhərində Rusiya qoşunlarının açıq hədəfə çevrilmə təhlükəsi ilə bağlı Baş Qərargah rəisi Valeri Gerasimova məlumat verdiyini açıqlayıb. 

"İki həftə əvvəl "Axmat”  Xüsusi Təyinatlı Qüvvələrinin general-mayoru, mənim əziz qardaşım Aptı Alaudinov şəxsən mənə bildirdi ki, döyüşçülərimiz asanlıqla hədəfə çevrilə bilər. Mən də öz növbəmdə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimova təhlükə barədə məlumat verdim. Amma general məni əmin etdi ki, o, Lapinin hərbi sərkərdə istedadına şübhə etmir, Limanda və onun ətrafında geri çəkilməyin mümkün olduğunu hesab etmir. Bir həftə sonra Lapin qərargahını tabeçiliyindən yüz kilometr aralıda olan Starobelskə köçürür, özü də Luqanskda oturur. 150 km məsafədə olan bölmələri necə operativ idarə edə bilərsiniz? Elementar hərbi logistikanın olmaması səbəbindən bu gün biz bir neçə yaşayış məntəqəsini və ərazinin böyük bir hissəsini tərk etmişik. Lapinin bacarıqsız olması ayıb deyil. Onun Baş Qərargahdakı yuxarıdakı rəhbərlər tərəfindən ört-basdır edilməsi ayıbdır. Əlimdə olsaydı, Lapini sıravi rütbəsinə endirərdim, mükafatlarından məhrum edərdim və əlinə silah verib ayıbını qanla yumaq üçün cəbhəyə göndərərdim. Ordu qohumbazlığı yaxşılığa aparmayacaq. Orduya güclü xarakterli, cəsur, prinsipial, döyüşçünün qayğısına qalan, tabeliyində olanın köməksiz, dəstəksiz qala bilməyəcəyini bilən insanları təyin etmək lazımdır. Xüsusən də çətin vaxtlarda orduda qohumbazlığa yer yoxdur”, deyə Kadırov qeyd edib. 

Kadırovun general-polkovnik Lapini sərt şəkildə tənqid etməsi, ardınca Putinin ona general-polkovnik rütbəsi verməsi onu göstərir ki, yaxın zamanlarda Çeçenistan lideri Rusiya ordusunda hansısa bir yüksək vəzifəyə gətiriləcək. Düzdür, onun nə müdafiə naziri, nə də baş Qərargah rəisi vəzifəsinə gətirilməsi real deyil. Amma ola bilsin, Kadırov Ukrayna cəbhəsində döyüşən rus ordusuna baş komandan gətirilsin. Yaxud da onun şəxsən rəhbərliyi altında hansısa bir qruplaşma yaradıb, onları Ukraynaya göndərəcəklər. Bir sözlə, Ramzan Kadırovun son günlər daha çox canfəşanlıq nümayiş etdirməsi, Rusiya ordusunun uğursuzluqlarında bu və ya digər generalları ittiham etməsi və nəhayət general-polkovnik rütbəsinə layiq görülməsi, bütün bunlar onun orduda hansısa yüksək vəzifəyə gətiriləcəyinin anonsudur. 

Politoloq Cümşüd Nuriyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, Kadırova general-polkovnik rütbəsinin verilməsi vuruşmaq istəməyən rus generallarına verilən mesajdır:



"Kadırova Putin tərəfindən general-polkovnik rütbəsinin verilməsi əslində rusiyalı generallara verilən mesajdır. Eyni zamanda, bununla Putin vuruşmaq istəməyən müsəlmanlara da mesaj verir ki, Rusiya üçün döyüşənlərə belə bir hərbi rütbə verilə bilər. İstəməzdim ki, çeçen xalqının başçısı başqa xalqın qənimi kimi təqdim olunsun. Təəssüf ki, Ramzan Kadırov bu yolu seçib”. 

Ekspertin fikrincə, Putinin Kadırovla bağlı qərarı çıxılmazlıq sindromu ilə bağlıdır:

"İndi Putin motivasiya yaratmaq üçün hər cür yolu sınıyır. Onlardan biri də bu yoldur. Amma Kadırova həmin rütbənin verilməsi uğursuz yoldur. Rusiyanın generaliteti əksərən ukraynalı olduğundan öz xalqına qarşı vuruşmur. Putin hesablamadığı situasiya ilə üzləşib. Ona görə də Kadırov kimilərə general-polkovnik rütbəsi verir ki, bəlkə situasiyadan çıxa bilər. Amma mövcud situasiyadan qurtula bilməyəcək”. 
 
Cümşüd Nuriyev deyir ki, Kadırova rütbə verilsə də, o ordu ilə bağlı heç bir vəzifəyə təyinat almayacaq:

"Kadırov bu rütbəni almaqla nə Müdafiə Nazirliyinə, nə də Baş Qərargaha gətirilməyəcək. Putin gözəl bilir ki, Rusiya generaliteti Kadırovu qəbul etməyəcək. Kadırov heç peşəkar hərbçi də deyil. Müdafiə sistemində ən yüksək posta gətirilsə, nə rus generalları onunla işləməyəcək, nə də ki, Kadırovun özü həmin vəzifənin öhdəsindən gələ bilməyəcək. Bu adam həddən artıq çılğındır. Hərb elmi isə səbri sevir”. 

Həmsöhbətimiz düşünür ki, Kadırov Müdafiə Nazirliyinə gətirilərsə, Rusiyada dövlət çevrilişi olacaq. Politoloq deyir ki, Putin Kadırovu Ukraynaya məhz onu məhv etməkdən ötrü göndərə bilər:

"Kadırov "Roma papasından daha çox katolik" olmaq istəyir. Ona görə onun Ukraynaya göndərilməsi Kadırovun məhvi demək olacaq. Bu amildən çeçenləri çökdürmək üçün də istifadə edə bilərlər”. 

Rüfət Sultan