Xəbər lenti

Dünya 19:19 17.04.2024

Rusiyada əcnəbilərə qarşı daha bir qanun - Miqrantları nə gözləyir? (ŞƏRH)

"Bunun hansısa bir formada insanları çətin duruma salan bir məsələ olduğunu düşünmürəm”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov Rusiyanın Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün hazırladığı SİM kartların sayına məhdudiyyətlər tətbiq edən qanun layihəsini şərh edərkən deyib.
 
Azər Allahverənovun sözlərinə görə, miqrasiya proseslərinin tənzimlənməsilə birbaşa və dolayısı ilə əlaqəli olan və həmin prosesin tənzimlənməsinə xidmət edən müəyyən normativ sənədlər var:

"Bununla bağlı qanunvericilikdə müəyyən sərtləşdirici məqamlar, məhdudlaşmalar varsa, bu istənilən halda miqrantların maraqlarına uyğun gəlməyə bilər. Amma bəlli məsələdir ki, dövlət qurumları bu və ya digər təşəbbüslə çıxış etdikdə, miqrasiya sahəsində mövcud təhlükələri nəzərə almaqla bu tip tədbirlərə əl atırlar. Bəzi hallarda baş verən hansısa qeyri-qanunu əmələrdə bu və ya digər formada bilərəkdən ya da bilməyərəkdən miqrantların iştirakı da olur. Miqrantların malik olduğu hansısa SİM nömrələr üzərindən də hansısa qeyri-qanuni hərəkətlər baş verir”. 
 


Ekspertə görə belə vəziyyət hüquq mühafizə orqanlarının zəruri tədbirlər həyata keçirməsi üçün mövcud imkanlarının nisbətən məhdudlaşdırılmasına gətirib çıxarır:

""Crocus Siti Hall”da baş verən cinayət əməlində bir neçə elementdən istifadə olunub ki, onlardan biri də əlaqənin mobil telefonlar vasitəsilə qurulması olub. Ona görə də bu istiqamətdə daha sərt nəzarət mexanizminin qurulması məsələsi gündəmə gəlib. Bu mənada SİM kartların sayına məhdudiyyətlər tətbiq edən qanun layihəsi ola biləcək təhlükələri minimuma endirməyə kömək edəcək təşəbbüslərdəndir”.

Bu qanunun miqrantlara təsirinə gəldikdə, ekspert deyir ki, qanuni şəkildə ölkə ərazisində yaşayanlar üçün ciddi təsirlərə səbəb olmayacaq:

"Hesab etmirəm ki, bu hansısa bir formada insanları çətin duruma salan bir məsələ olsun.  Qeyri-qanuni yollarla ölkədə yaşayanlar isə müxtəlif yollarla bundan yayınmağa çalışacaq. Hesab edirəm ki, yeni qaydalar miqrantlar  arasında qeyri-qanuni əməllərin sayının azalması və daha ciddi dövlət nəzarətinin həyata keçirilməsinə hesablanmış təklifdir”. 

Qeyd edək ki, Rusiyanın Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün SİM kartların sayına məhdudiyyətlər tətbiq edən qanun layihəsi hazırlayır. Bu barədə senator Artem Şeykin danışıb. O, vətəndaşlar və hüquqi şəxslər üçün SİM kartların sayı məsələsi ilə bağlı idarəyə məktub göndərib. Cavabda qeyd ediblər ki, xarici vətəndaşlar üçün SİM kartların sayının məhdudlaşdırılması məsələsinə də baxılır. Xatırladaq ki, əcnəbi vətəndaşlar, o cümlədən əmək miqrantları və ya vətəndaşlığı olmayan şəxslər Rusiya telekommunikasiya operatorlarından SİM kartları yalnız biometrik məlumatlardan istifadə etməklə ala bilərlər. Həmçinin onlar kartları Dövlət Xidmətləri portalında qeydiyyatdan keçərək və rabitə mağazalarında şəxsən əldə edə biləcəklər.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->