Xəbər lenti

Dünya 18:46 09.06.2026

"Soyuq ləkə" Avropaya, oradan Asiyaya gəlir: Kanada tipli sərt qışlar yaşana bilər

İndiyə qədər elmi dairələrdə tam izah olunmayan "soyuq ləkə” hadisəsinin qlobal hava temperaturuna ciddi təsir göstərə biləcəyi bildirilir. Mütəxəssislər xüsusilə Avropada "Kanada tipli sərt qış şərtləri"nin müşahidə oluna biləcəyini qeyd edir.

Qaynarinfo xəbər verir ki, qlobal iqlim dəyişikliyi fonunda dünyanın böyük hissəsi istiləşsə də, Qrenlandiyanın cənub-şərqində yerləşən və elmi ədəbiyyatda "soyuq ləkə” və ya "istiləşmə boşluğu” kimi tanınan bölgə diqqət çəkir.

Son araşdırmalar göstərir ki, Şimali Atlantikdəki bu geniş ərazi son onilliklərdə qlobal istiləşmə tendensiyasının əksinə olaraq təxminən 1°C soyuyub.

Britaniya mərkəzli "Metro”nun məlumatına görə, alimlər bu vəziyyətin Atlantik Meridional Dövriyyə Axını (AMOC) adlanan böyük okean cərəyan sisteminin zəifləməsi ilə bağlı olduğunu düşünür.



Bu sistem tropik bölgələrdən gələn isti və duzlu suları Şimali Atlantikə daşıyır, burada soyuyan sular daha dərin qatlara enərək qlobal istilik balansında mühüm rol oynayan "okean daşıma kəməri” yaradır.

Mütəxəssislərin fikrincə, bu sistemdə baş verəcək ciddi dəyişikliklər dünyanın müxtəlif bölgələrində iqlim və hava şəraitinə təsir göstərə bilər.

Kaliforniya Universitetindən iqlim alimi Wei Liu bildirir ki, "soyuq ləkənin” əsas səbəbi atmosferdən çox okean dinamikaları və AMOC sisteminin zəifləməsidir.

Araşdırmalara görə, bu proses Qrenlandiya buzlaqlarının əriməsi nəticəsində okeana qarışan şirin suyun artması ilə daha da güclənə bilər. Bu isə isti Körfəz axınını zəiflədərək ümumi dövranı poza bilər.



Alimlər AMOC sisteminin əsrin sonuna qədər ən az 20 faiz zəifləyə biləcəyini, uzunmüddətli perspektivdə isə tam dayanma riskinin belə istisna olunmadığını bildirir.

İngilis meteoroloq Cim Dalein sözlərinə görə, belə bir ssenari reallaşarsa, Şimali Qərbi Avropada Kanada tipli sərt qışlar, uzun sürən şaxtalar və güclü qar yağışları müşahidə oluna bilər.

Mütəxəssislər həmçinin qeyd edir ki, AMOC-un zəifləməsi təkcə Avropanı deyil, Şimali Amerikanın şərq sahillərində dəniz səviyyəsinin yüksəlməsi, Afrikanın Sahel bölgəsində yağıntıların azalması və Asiyada musson sistemlərinin zəifləməsi kimi qlobal təsirlər də yarada bilər.

Aydın
--> -->