Xəbər lenti

Gürcüstan Abxaziya və Cənubi Osetiyanı geri qaytarır, əvəzində isə... (ŞƏRH)
Dünya 17:51 06.05.2024

Gürcüstan Abxaziya və Cənubi Osetiyanı geri qaytarır, əvəzində isə... (ŞƏRH)

Gürcüstanda siyasi gərginlik olduqca təhlükəli həddə gəlib çatmaqdadır. "Xarici agentlər haqqında” parlamentin ikinci oxunuşunda qəbul edilən qanun layihəsi onu deməyə əsas verir ki, Bdzina İvanişvili və onun Gürcü Arzusu Partiyası Qərbin, ölkə prezidenti Zurabişvili və müxalifətin kəskin etirazlarına rəğmən prosesin məhz mövcud istiqamətdə getməsində israrlıdır.
 
Görünən odur ki, bu Cənubi Qafqaz ölkəsində sözügedən mövzu istiqmətində ölkə artıq ölüm-dirim mübarizəsindədir. Tərəflərdən heç biri geri çəkilmək, kompromisə gəlmək barədə düşünmür. Aydın məsələdir ki, bu proses oktyabrda qonşu ölkədə keçiriləcək seçkilərlə bağlıdır. Belə ki, tərəflərdən hər hansı birinin indiki mərhələdə mövcud qanun layihəsi məsələsində geri addım atması seçicilər arasında reytinqinin aşağı düşməsinə, zəif olduqları görüntüsünün yaranmasına gətirib çıxaracaq. Ona görə də həm iqtidar, həm də müxalifət "son damla qana” qədər vuruşmağa hazırdır. Maraqlıdır, Avropa Birliyi üzvlüyünə yenicə namizəd olmuş Tiflis nədən birdən-birə 360 dərəcə geri addım atır? Nə və yaxud hansı məsələ gürcü iqtidarını belə bir addıma getməyə sövq edib? İstisna deyil ki, Tiflisin bu addımı onun Avropa Birliyi üzvlüyünə namizəd statusunun itirilməsinə rəvac verəcək. Belə ki, Aİ artıq bu istiqamətdə Tiflisə xəbərdarlıq da ünvanlayıb.
 
Digər tərəfdən, sözügedən qanun ölkədəki nisbi sabitliyin pozulmasına da gətirib çıxara bilər. Aydın məsələdir ki, "Gürcü Arzusu" hökuməti vəziyyətin bu həddə keçməsində məntiqlə maraqlı deyil. Çünki bu onun iqtidarının sonu da ola bilər. Buna baxmayaraq, oliqarx İvanişvilinin oyuncağı olan mövcud Gürcüstan hökuməti bu məsələdə israrlıdır. Bu da səbəbsiz deyil. Səbəb isə Abxaziya və Cənubi Osetiya məsələsilə bağlıdır. Yəni Rusiyapərəst Gürcüstan hökumətinin Kremlin xoşuna gələn "Xarici agentlər haqqında” qanunun qəbulu fonunda, güman ki, Kreml də Tiflisə münasibətdə onun maraqlarına cavab verən hansısa addıma gedəcək. Bu maraqlar isə ilk növbədə indiki məqamda birmənalı şəkildə Abxaziya və Cənubi Osetiyanın yenidən Gürcüstana geri qaytarılması məsələsilə bağlı ola bilər. Məsələ ondadır ki, mövcud beynəlxalq şəraitdə Rusiya qonşulara münasibətdə əvvəlkitək hədə qorxu ilə danışmağın real nəticə verməyəcəyini anlayır. Moskva başa düşür ki, belə yanaşma əksinə postsovet ölkələrini ondan daha da uzaqlaşdıracaq. 

Son illərin təcrübəsi ən azından bunun belə olduğunu düşünməyə əsas verir. Belə vəziyyətdə, Kreml keçmiş sovet respublikalarını yenidən öz çətiri altına qaytarmaq üçün istəsə, istəməsə də belə, bir çox hallarda onların istəklərini də təmin etməyə məcburdur. Gürcüstanın istəyi isə yuxarıda qeyd etdiyimiz kimi, indiki halda Suxumi və Tsxinvalini geri qaytarmaqdır. Əvəzində Moskva onlardan Qərbə inteqrasiyaya son qoymağı tələb edir. Onun nəticəsidir ki, Gürcüstanın hazırkı hakimiyyəti "Xarici agentlər haqqında” qanunun qəbulunda belə israr edir. Çünki bu addım fonunda Qərb istəməsə də belə Moskvanın maraqlarına oynamaqla Tiflisə münasibətdə yandırdığı "yaşıl işığı” söndürəcək. Moskva da bunun əvəzində Gürcüstanın ərazi bütövlüyünün bərpasına, Abxaziya və Cənubi Osetiyanı geri qaytarmasına bir növ "dobro” verəcək. Çünki mövcud vəziyyətdə Rusiya üçün Gürcüstana tam nəzarəti həyata keçirməyin ən optimal yol məhz budur. Təhdid və təzyiq yolu birmənalı şəkildə Tiflisin Moskvadan qaçması, uzaqlaşması ilə sonuclanacaq. Bununla Rusiya Gürcüstanı yenidən öz orbitinə çəkəcək. Gürcü əhalisi arasında Rusiyaya olan mənfi münasibət xeyli dərəcədə zəifləyəcək. 

Gürcüstandakı rusiyapərəst hesab edilən və itirilmiş torpaqların qaytarılmasına "nail olan" "Gürcü Arzusu"nun hakimiyyəti də daha bir müddət üçün uzanacaq. Qərb isə əksinə, tədricən Gürcüstandakı mövqelərini itirəcək. Mövcud durumda Gürcüstanın Abxaziya və Cənubi Osetiyanı geri qaytarması da ümumən qan tökmədən baş verəcək. Belə ki, Kremldən edilən bir zəng və ya təpki kifayətdir ki, həmin separatçı rejimlər geri addım atsınlar. Düzdür, Rusiya bu ərazilərin Gürcüstana qaytarılması müqabilində həmin ölkənin Qərbə inteqrasiyasının qarşısını almaqla yanaşı, Tiflisdən başqa üstünlüklər də əldə edəcək. Ən azından Abxaziya və Cənubi Osetiyada Rusiyanın müəyyən hərbi kontingenti olacaq. Digər tərəfdən, gözləniləndir ki, Abxaziya və Cənubi Osetiya daha geniş statusla, məsələn konfederasiya formasında Gürcüstana qaytarılsın. Hər halda, Gürcüstanın hazırkı hakimiyyətinin Moskvanın istəklərinə xidmət edən "Xarici agentlər haqqında" qanunda israr etməsinin arxasında dayanan başlıca məqam Abxaziya və Cənubi Osetiyanın yenidən geri qaytarılması məsələsilə bağlıdır... 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->