Xəbər lenti

Dünya 13:10 01.05.2024

"Gürcüstanda inqilab baş verə bilər" - Ekspert

"Gürcüstanda inqilabi şərait yetişir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Gürcüstanda hökumətlə xarici agentlər haqqında qanuna etiraz edən qüvvələr arasında qarşıdurmanın daha da güclənməsini şərh edərkən deyib.

Politoloq bildirib ki, Gürcüstanda cərəyan edən proseslər müxalif qüvvələrin daha sıx birləşməsinə gətirib çıxaracaq:

"Saakaşvili də bütün müxalifətə birləşib, məsələni birlikdə həll etmək barədə müraciət edib. Bu isə onların gücünün daha da artmasına, daha mütəşəkkil fəaliyyətə səbəb olacaq. Düşünürəm ki, etiraz dalğası hələ xeyli çəkəcək. Üzü payıza doğru uzana bilər. Onun tezliklə səngiyəcəyi ağlabatan deyil. Davamlı aksiyalar isə əhalinin kütləvi şəkildə müxalifət ətrafında birləşməsinə gətirib çıxaracaq. Bu baş verərsə, etiraz aksiyaları müxalifətin qələbəsilə bitəcək.


 
Hakimiyyət daxilində isə parçalanma var. Prezident Zurabişvili də müxalifətin tərəfindədir. Bu əsasda da onunla hökumət arasında ziddiyyətlər günü-gündün artır. Oktyabrda bu ölkədə seçkilərdir. Belə vəziyyət başlanan prosesin həmin dövrə qədər davam edəcəyi istisna deyil. Əksinə, bu ehtimal daha böyükdür. Yəni proses belə tezliklə səngiməyəcək. Son hadisələr də göstərir ki, tərəflər oktyabr seçkilərinə indidən start veriblər".
 
Ekspert bildirib ki, ilk olaraq starta xarici agentlər haqqında qanunu qəbul etməklə iqtidar başlayıb. Ancaq onlar müxalifətin gücünü nəzərə almayıblar:

"Hiss olunur ki, müxalifət prosesə daha ciddi hazırlaşıb. Hər şey oktyabr seçkisində öz yerini tutacaq". 

Qeyd edək ki, Gürcüstan parlametinin qəbul etdiyi xarici agentlər haqqında qanun ölkəni əməlli-başlı qarışdırıb. Gürcüstan hakimiyyəti müxalifətin mitinqlərinə qarşı güc tətbiq etməyə başlayıb. Hətta bəzi müxalif liderlər belə polisin hücumuna məruz qalıb.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->