Xəbər lenti

Rusiyanın İranla ticarəti sanksiyalara görə ziyanla işləyir
Dünya 13:11 02.05.2024

Rusiyanın İranla ticarəti sanksiyalara görə ziyanla işləyir

Rusiya biznesi milli valyutalarda ödənişlərə keçdikdən sonra İranla ticarətdə itkilərlə üzləşir. Orta hesabla, Rusiya şirkətləri hər pul köçürməsində İrandakı bazar məzənnəsi ilə hökumətin müəyyən etdiyi məzənnə arasındakı uyğunsuzluq səbəbindən təxminən 20-25% itirirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə "İzvestiya”ya Xarici ticarət və beynəlxalq iqtisadi münasibətlərin inkişafı şurasının idarə heyətinin sədri Maksim Çereşnyov bildirib.

O xatırladıb ki, hər iki ölkəyə qarşı tətbiq edilən beynəlxalq sanksiyalar səbəbindən Moskva və Tehran ödənişləri dollar və avro ilə həyata keçirə bilmir.

İranın Rusiyadakı səfirliyinin attaşesi Rəhimi Möhsün bildirib ki, bunun fonunda Rusiya və İran mərkəzi bankların rəqəmsal maliyyə aktivlərinə (DFA) və rəqəmsal valyutalarına keçid imkanlarını araşdırmağa başlayıblar. Söhbət rəqəmsal rubl və kripto-rial kimi alətlərdən gedir.

Rəhimi qeyd edib ki, rəqəmsal aktivlər və valyutalarla ödənişlər dövlətlər arasında ticarəti sadələşdirə və sanksiyaların təsirlərini potensial olaraq azalda bilər. Amma hələlik yeni ödəniş üsullarına keçmək üçün heç bir infrastruktur və qaydalar yoxdur, - İran nümayəndəsi əlavə edib.

G.V. Plexanov adına Rusiya İqtisad universitetinin Qlobal maliyyə bazarları və fintex kafedrasının dosenti İlyas Zaripov xatırladıb ki, Moskva və Tehran artıq bir-birlərinin milli ödəniş sistemlərinə (SWIFT-in analoqları) - Rusiyanın SPFS və İran Shetabına qoşulmaq barədə razılığa gəliblər. Onun sözlərinə görə, mərkəzi bankların və DFA-ların rəqəmsal valyutalarından istifadə qarşılıqlı fəaliyyətdə növbəti addım olacaq. 

Finam Financial Group-un analitiki Nikolay Dudçenko deyir ki, İran və Rusiya arasında yeni ödəniş üsullarının tətbiqi Rusiya ilə ticarəti davam etdirən digər ölkələrlə belə qarşılıqlı hesablaşmalara növbəti keçid üçün presedent ola bilər.

2023-cü ildə Rusiyanın İranla ticarət dövriyyəsi 4 milyard dollara çatıb. Rusiya ixracının əksəriyyətini ərzaq məhsulları və kənd təsərrüfatı xammalı təşkil edib (81% və ya 2,2 milyard dollar), "Delovaya Rossiya”nın İrandakı biznes səfiri Dmitri Antonov deyir. Digər 9%-i isə maşın, avadanlıq və nəqliyyat vasitələrinin payına düşüb.

Zaripov qeyd edib ki, İran öz növbəsində Rusiyaya ərzaq (tərəvəz, meyvə, qoz-fındıq), hərbi və ikili təyinatlı texnika, o cümlədən avtomobil, tikinti materialları, dərman və tibbi ləvazimatlar tədarük etməyə hazırdır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->