Xəbər lenti

Gürcüstan uğrunda son savaş - Kim qalib gələcək? (ŞƏRH)
Dünya 16:01 07.05.2024

Gürcüstan uğrunda son savaş - Kim qalib gələcək? (ŞƏRH)

Gürcüstanda siyasi qarşıdurma getdikcə dərinləşir. "Xarici agentlər haqqında" qanun layihəsinin müzakirəsi siyasi təlatüm yaradıb. ABŞ rəsmi Tiflisi sanksiyalarla hədələyir. Gürcüstan hökuməti isə geri çəkilmək fikrində deyil. Bu qarşıdurma son nəticədə hakimiyyət dəyişikliyinə səbəb ola bilərmi?

Siyasi şərhçi Xəqani Səfəroğlu Qaynarinfo-ya açıqlamasında bildirib ki, Gürcüstanda baş verənlərin həm daxili siyasi səbəbləri, həm də geopolitik savaş çaları var:

"Gürcü Arzusu" iqtidarı qəfildən demarş edərək Gürcüstanın Avrointeqrasiya xəttindən kənara çıxamağa başlayıb. İvanişvilinin Tiflisdə son mitinqdə  çıxış bu siyasi xəttin əsas prioritetlərini göstərdi. Əgər dünənə qədər Cənubi Qafqazda böyük güclərin razılaşdırılmış balanslı mövqeyi var idisə bu gün ayırıcı xətlər getdikcə nəzərə çarpır. Ukrayna savaşı, Qərb-Rusiya qarşıdurması Gürcüstanı çətin vəziyyətə salıb. MDB məkanında baş verməkdə olan böyük dəyişikliklər Cənubi Qafqazda ənənəvi tablonu dağıdır". 

Xaqani Səfəroğlunun fikrincə, logistika savaşları ön sırada gəlir:
 


"Tiflis üçün kompas rolunu Azərbaycan oynamğa başlayıb. Çünki böyük logistik layihələrin əsas keçid yeri Bakıdır. Bir çox məsələlər üzrə Tiflisin iqtisadi taleyini bu layihələr həll edir. Bu layihələr isə Orta Dəhliz, "Şimal-Cənub", "Şərq-Qərb" istiqamətləri üzrə Asiyadan Avropaya böyük nəqliyyat imkanları açır. Gürcüstan bu layihələrdən kənarda qalmaq istəmir, eyni zamanda prosesin siyasi yox, iqtisadi tərəfdaşlıq kontekstində baş verməsini istəyir. "Gürcü Arzusu" iqtidarı bu baxımdan ehtiyat nümayiş etdirməyə başlayıb. Onlar Gürcüstanın Avropa İttifaqına "Ukraynasayağı" perspektivinə qorxulu yuxu kimi baxırlar. İvanaşvilinin "Avropa Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açmağa can atır"  bəyanatı bu baxımdan ciddi açıqlamadır".

Ekspert iddia edir ki, Gürcüstan bölgədə "boz məkan" olmaq istəmir:

"Avropa isə Tiflisdən strateji əməkdaşlıqdan imtina cəhdlərini qətiyyən qəbul etmir. Qərb 2008-ci ilin avqust müharibəsində əldə etdiyi siyasi "rıçaqlarını" indi bölgə üçün təyinedici faktora çevirmək istəyir. Qərb Tiflisdən Avropaya inteqrasiya üçün lazım olan dəstəyi vəd edir, amma bunun üçün əvvəlcə siyasi qərarı elan etməyini tələb edir. "Gürcü Arzusu" isə onun üçün fəlakətli ola biləcək belə dəyişikliyə həvəsli deyil. Amma Gürcüstanda güclü müxalifət  var və bu qüvvələr uzun illərdir ki, Avropanın ciddi maliyyə və siyasi dəstəyi ilə platformaya çevriliblər. Həbsdə olan sabiq prezident Saakaşvili də prosesin "motor"udur. Üstəlik Gürcüstan prezidentinin də hakimiyyətə qarşı çıxması onların xeyrinə işləyir. "Xarici agentlər haqqında" qanun layihəsinin indiki həssas məqamda müzakirəyə çıxarılması bir qədər təəccüblü görünə bilər, amma qarşıdan seçkilər gəlir. Gürcü iqtidarı Qərbin bununla bağlı ölkədə malik olduğu etiraz resurslarını bilə-bilə buna getməklə ola bilsin prosesləri dalğalandırmaq istəyir".

Xaqani Səfəroğlu vurğulayıb ki, siyasi meydan qızışır, mxalifət hələ 5 ay sonra elan edəcəyi taktiki addımlarını indi açıqlamağa məcbur olur, qanun qəbul olunsa müxalifətin aldığı milyonlarla dollar yardımın qarşısı kəsilir:

"Bu baxımdan Qərbin ciddi naratlığı anlaşılandır. Bütün Avropanın kollektiv şəkildə "xarici agentlər haqqında" qanunu pisləməsi onu göstərir ki, tərəflər "haqq-hesab gününə" hazırlaşırlar. Gürcüstanda qaynar prosesə start verilib. Fikrimcə, məsələ sanksiyalara qədər gedib çatmaz. Amma "Gürcü Arzusu" üçün ciddi sınaqlar gözlənilir. Xüsusən Saakaşvili ilə bağlı məsələ Avropa İttifaqına üzvlük məsələsində "çəkic" rolunu oynaya bilər. Həmçinin gürcü cəmiyyətində "Şengen vizası", Avropaya asan gediş-gəliş və azad biznes strukturları rəsmi Tiflisə təzyiqi təşkil etmək baxımından Qərbin əlində ciddi kozurlardır. Hələki proses davam edir".

Qeyd edək ki, ABŞ-ın Gürcüstandakı səfiri Robin Dunniqanın "Gürcüstan hakimiyyəti ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan da imtina edib" mesajı Birləşmiş Ştatların "agent şəbəkəsi" ilə əlaqədar dərin təşviş və narahatlığının təzahürüdür. Gürcüstanın qarşısında isə konkret tələb qoyulur - "Xarici agentlər haqqında" qanunun qəbulundan imtina edin, əks təqdirdə, sanksiyalar qaçılmaz olacaq.

Siyasət şöbəsi

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->