Sənət 14:28 23.05.2018

"ADAM" - hekayə

CELAL İLHAN
(Ankara)

Qatar  sürətini azaldaraq sonrakı stansiyaya yaxınlaşır, birinci qoşqudakı atlar kimi kəhildəyir, burnundan fısıldayaraq dayanırdı. Metro yolçularının müxtəlif rəngli geyimləri kimi üzləri, boy-buxunları və davranışları da bir-birindən fərqli idi. Fərqlilik yalnız cib telefonunda duyulmurdu – bu sehirli alətin önündə başını əyməyən az adam olardı.

Bu boyda vaqonda kitab oxuyan  tək bircə nəfərdi – kürəyinə yayılan qumral saçları göz oxşayan, nazik geyimi ilə insanda üşüyəcək qayğısı yaradan gənc bir qadın. Sarı balıqçı geyiminə oxşayan yun arxalığının içində tənha və hüzünlü görünürdü. Enəcəyi stansiyanın adının elan edildiyini eşitcək kitabı bağladı. Çantasına qoyarkən yanındakı adam: "Kürkünüzü geyinin, bayır çıx soyuqdur” dedi.
Bir an ona şübhəylə baxdı. "Sizə nə canım, mənim kürkümnən” demək istədi. 

Çıxışda göz-gözə gəldilər onunla. Adamın əlindəki kağız torbada bir neçə kitab görünürdü. Orta yaşını başa vuranlardan idi. Əynində mixəyi kürk, başında qara papaq vardı.  Kişiyə həddini bildirəcək tonda deməyə hazırlaşdığı dilinin ucundakı sözdən vaz keçdi gənc qadın. Adamın gözündə görəcəyi həris baxışlar yerinə imisti, insancıl bir işıq duydu. İçindəki darlığın fərəhlə əvəzləndiyini, qəlbinə ilıq bir axının dolduğunu  anladı. Bu an onu körpə ikən tərk etmiş atasının gözləri can evinə tuşlandı. Bu günlərdə belə baxışlara elə möhtacdı ki...
Qatardan enib özüyeriyən pillələrə adladı. Evdə gönməsini gözləyən əri ilə ciddi bir dartışma gözləyirdi onu. Dartışma xəstəxanada yatan qayınatası ilə bağlı idi.

Adam arxada qalmışdı. Az sonra qələbəliyin içində yox oldu. İndi dilinin ucunda ona deyiləsi təşəkkür vardı, amma gecikmişdi.
Nə qədər də uzunmuş bu pilləkənlər. İki yanda sıralanmış, insanların beyninə soxulan reklam afişalarını görmürdü. Dalğın gözləri içinə sinmişdi.Gülümsər baxışlardan süzülən o sözlər beynində yenidən canlandı: "Kürkünüzü geyin, bayır çox soyuqdur...”
Gözlərinin dolduğunu hiss etdi. Üzünü unuda bilmədiyi adamın sifəti atasınınkı ilə iç-içə idi. Atası olsa-olsa belə birisi ola bilərdi. İki kəlmə sözdən, bir isti baxışdan bu qədər təsirlənməsi olacaq şey deyildi. 
Pilləkənlər bitməyəcək kimi uzandıqca uzanırdı. Az sonra yer üzünə çıxdı. Soyuq gözlədiyindən də artıq gəldi ona. Yolu qısa olsa da, kürkünü geydi, düymələrini bağladı, başlığını da qaldırdı.

Evə çatmaq üçün cəmi üç yüz addımlıq yolu vardı.
Qapı zəngini basanda içində bir həlimlik, gözlərinin dərinliyində yaş vardı. 
Atasızlığını yadına salan duyğu içində çat vermiş, onu iyirmi il öncəyə aparmışdı. Digər problemi unutdurmuşdu hər necəsə.
Qapının açılmasını gözləyərkən başlığını çıxardı, qumral saçları arxasına töküldü. İlk andaca olumlu bir hava ilə o mənasız  dartışmalarını önləmək istəyirdi.
Uşaq səsi ilə isidə bilmədiyi evin qapısını əri qçdı. Gülər üzlə qarşılanmayacağını bilirdi.

"Salam, canım” sözüylə ortalığı isitmək istəyi, kürəyinə töküb dalğalandırdığı saçlarının belə  yararı olmamışdı. Başını yerdən qaldırmayan əri yuxarılarda nələrin olub-bitdiyini görmədi. Əhvalı hələ də sabah yaşadıqları gərginliyə ilişib qaldığını göstərirdi. Arxasını çevirib salona keçdi. Sabah çıxarkən "Dövlət xəstəxanasında hər cür imkan varkən, özəl xəstəxanaya nə gərək var? İllərdir maşın alacağıq deyə yığdığımız pulu modern soyğunçulara vermənə razı ola bilmərəm” demişdi.

Əslində puldan çox, ərinin atasına olan istəyi onu incidirdi. Alpərin heç böyüməməsi, ana quzusu kimi olması hələ sürürdü. Anasının ölümündən sonra bu kimi halların arxadan qalxacağını uman Pınar, bu kəz onun mehrini atasına saldığını görmüşdü. Bu yöndə heç dəyişiklik yox idi.
Rəhmətlik qayınanası Alpərlə onun anlaşaraq uşaq dünyaya gətirmək fikirini ertələdiklərinə görə Pınara acıqlı idi. Bu qərara görə oğlundan çox ona hirslənirdi. Qayınatası isə gəlinindən narazı deyildi.
Pınarı  ərə verdikdən sonra özü də ərə gedən anası onların işinə heç qarışmırdı. "Qızım, necə istəyirsən, elə et. Bu rəzil dünyaya uşaq da gətirsən nə olacak sanki?” deyirdi söz açılınca.

Bir az öncə metroda yaşadığı olay yenidən içində qaynadı. İndi Alpərlə girişdiyi dava-dalaşa başqa gözlə baxırdı. 
Sevirdi Alpəri, bunda ən kiçik bir şübhəsi belə yoxuydu. Amma bir az sıxışdıranda "atam mənim qırmızı xəttimdir, keçə bilmədiyim” demişdi.
Üzünü belə xatırlamadığı atası xəstə olsaydı necə davranacağını düşündü. Alpərin "Atasız böyüdüyünçün qiymətini bilmirsən” fikri ağlına gəldi. Həmişə onu üzən yanlış yanaşmalardan biriydi bu. Bəli. Atasız böyümüşdü. Amma bunu ikidə bir üzünə vurmaq yaraşardımı ona?
O əsmər, orta yaşını keçmiş mixəyi kürklü adamın sözləri bir kəz daha gəzdi içində: "Kürkünüzü geyin...”  Uşaqlığına getdi xəyalı. Ata yoxluğunu acılar içində xatırladığı o günlərə. 
Nə isti, nə sevgili baxışı vardı adamın...
İçinin yenidən isindiyini, Alpərin boyatımış sevgisiylə çuğlaşdığını sezdi.

Qadın duyğusu, birlikdə yaşadıqları gözəlliklər, əlaqələrinin yoxuşa dirəndiyi dönəmləri aşmaq üçün göstərdikləri çabalar və ona duyduğu sevgi birləşincə, geri dönüş etməkdə çox da darılmadı. Yerinə oturmadan "Alpər, bu gün çox düşündüm, sənə haqsızlıq etdiyimi anladım” dedi.
Alpər arvadının üzünə baxıb-baxmamaqda qərarsız idi. Yavaşca ona döndü.
"Nə oldu sənə, Pınar xanım, başına daşmı dəydi?” dedi.

"Lütfən”, dedi, "Bunun hesabını sorma bana, indi maşına o qədər də ehtiyacımız olmadığını düşünürəm, yetməzmi?”
Arvadının gözlərində qışdan bahara dönüşü ilk kəz gördü Alpər.
Yaşadığı gərginliyi bir neçə saniyədə keçdi.

Birlikdə yaşadıqları gözəl günləri xatırladı. Bənzərsiz bir qadın olduğunu bir daha düşündü. 
Gözünü Pınardan ayırmadan qalxdı, əlini uzatdı. Qucaqlaşdılar.
Öpdüyü qulağına pıçıldadı: ”Xəstəxanadan zəng etdilər, qumrum. Analizlər göstərib ki, qorxulu bir şey yoxmuş. Əməliyyat-filan da oilmayacaq” dedi.

Çevirən: Azad Qaradərəli