Xəbər lenti

Ölkə 14:02 29.01.2013

AYB-nin müsabiqəsi yetim günə qaldı!

Yazıçı Azad Qaradərəli də Azərbaycan Yazıçılar Birliyinin (AYB) keçirdiyi ədəbiyyat müsabiqəsindən imtina etdi. O, “Nəsr” nominasiyasında qısa siyahıya keçmişdi.


“Oxu zalı”na yolladığı məktubu olduğu kimi yayımlamağı xahiş edən yazar bunu seçimin ədalətli olmasına inanmaması ilə əlaqələndirir: “Dekabrın sonlarında dostların təhriki və Slavyan Universitetinin müsabiqədə iştirakı (hətta deyilənə görə əsas söz sahibi olması) məni də yoldan çıxardı. Əsər qəbuluna iki gün qalmış – gərək ki, dekabrın 29-da – kitabımı Slavyan Universitetindəki  komissiyaya təhvil verdim. Nədənsə oranı tərk edəndə sümüyüm sızıldadı. Axı mən  bir dəfə bu tələyə düşmüşdüm. Polşa haqqında  əsərlər müsabiqəsində hekayəmlə iştirak edib  bir vərəq  diplom  almışdım! Onda da Polşa səfirliyinin müsabiqədə iştirakı məni aldatmışdı. Heç vaxt üzvü olmadığım və olmaq fikrinə düşməyəcəyim  bu təşkilatın – AYB-nin oyuncaq müsabiqəsində nə işim var axı? Nə isə! Lənət şeytana. Mən, Azad Qaradərəli, bildirirəm ki, AYB-ın Ədəbiyyat müsabiqəsində mərhələ adlamış “Burda yer fırlanmırdı” kitabımın (hekayələr və roman)  müsabiqədə iştirakından imtina edirəm”.

Xatırladaq ki, bundan qabaq Poeziya nominasiyasında qısa siyahıya keçmiş şairlər Aqşin Yenisey, Şəhriyar del Gerani və nəsr nominasiyasında qısa siyahıya keçmiş yazıçı Zakir Sadatlı da müsabiqədən imtina etmişdilər.

Onlar müsabiqənin ədalətsiz keçirildiyini, qaliblərin əvvəldən bəlli olduğunu iddia edirlər.

İlk olaraq isə Münsiflər Heyətinin sədri, yazıçı Kamal Abdulla müsabiqəni tərk etmişdi. Amma o, işinin çoxluğunu əsas gətirmişdi.

Müsabiqənin nəticələrinin yaxın vaxtlarda açıqlanması gözlənilir. Hər biri 2 min manat olmaqla 5 mükafat veriləcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?