Xəbər lenti

Hüseynbala Səlimov
Ölkə 12:30 18.03.2019

Bir-iki redaktor qalıb ki, onlar olmasa...

Hüseynbala Səlimov

"Bəy, burada Rusiyaya "sataşmısınız”. Burada isə İranla bağlı "mübahisəli” fikir var. İnciməyin, üzrlü sayın, verə bilməyəcəyik”. Bəli, təxminən altı-yeddi ildir ki, belə iradlar eşitməyə başlamışıq. Ən pisi isə budur ki, getdikcə onları daha çox eşidirik.

Deyə də bilmirsən ki, oğlum, qardaşım, Vallah, yaşımın elə vaxtıdır ki, mənə kiməsə sataşmaq daha yaramaz: 99 faiz "soyuq təhkiyə” üslubunda, olanı yazmağa çalışırıq, hətta azcıq mübahisəli fikir olanda "məncə”, "mənim fikrimcə” yazırıq ki, kimsə bizə aid olan məsuliyyəti bölüşmək məcburiyyətində qalmasın. 

Yazıya yalnız cəmi bircə faiz emosiya qatırırq ki, azca "oynaqlı” forma alsın, oxunsun. Əslindəsə media elmi - riyaziyyat dərgisi deyil ki, burada artıq nötqə belə olmasın; media düşündürməlidir, mübahisə - disskussiya açmalıdır, operativ xəbərlər verməlidir, təndiq etməlidir, nəyisə aramağa –araşdırmağa çalışmalıdır. 

O ki qaldı bütün bunların formasına, bir daha deyirik ki, biz həm də "Azadlıq” radiosunun məktəbini keçmiş adamlarıq: axır illərdə burada elə şeylərə "ilişirdilər” ki, bir cümləni yazmazdan əvvəl on dəfə götür-qoy edirdin ki, bunu mən ən azı iki arqumentlə subut edə bilərəmmi?..

Əlbəttə, bizim öz milli mediamızda əvvəllər qat-qat artıq sərbəstlik vardı, hətta onu da etiraf edirik ki, mətbuatda bəzən bu sərbəstlik tamam bayağı bir forma alırdı, bir çox hallarda arqumentli, soyuq analitik təhlillə "gopologiya”, doğru -dürüst informasiyayla ağ yalan yap-yanaşı, eyni bir səhifədə yerləşirdi.

Heç sözsüz, belə qala bilməzdi, vəziyyət dəyişməli idi. Amma hazırki durum da tamam anormallıqdır: Azərbaycan mediasında bir vaxtki total söyüşçülük, qaragürühçuluq, ittihamçılıq - müstəntiqlik üslubu indi total yaltaqlığa çevrilibdir. 

Bu isə eyni vərəqin iki üzüdür. Bir vaxt müxalif və hətta müstəqil medianın işi-gücü gecə-gündüz hakimiyyəti yamanlamaq, bəzən də şərləməkdisə, indi tərsinə çevrilibdi; azacıq müxalif-tənqidi mövqe bütün ənənəvi informasiya tribunalarından yığışdırılıb və mövcudluğunu saxlamaq naminə elliklə hakimiyyətin tərəfinə keçən media isə indi gecə-gündüz "müxalifəti”, özü də reallıqda mövcud olmayan müxalifəti söyür və bu da qaranlıq otaqda söyə-söyə qapqara pişik axtarmağa bənzəyir, özü də hamı gözəlcə bilir ki, burada heç bir pişik-filan yoxdur. 

Bu haqda çox düşünmüşəm və axırda qandığım bu olub ki, rəsmi hakimiyyət ideoloqları vəziyyəti idarə etməyin bir texnologiyasını da siyasi maketçilikdə, reallıqda mövcud olmayan siyasi konstruksiyaların mövcudluğu təəssüratını yaratmaqda görürlər ki, boşluqlar olmasın. 

Odur, çağdaş media üslubu indi tamam buna köklənib: artıq bu müstəvidə peşəkar "təhlilçi” və "politoloq”lar yetişib ki, bunların işi - peşəsi o adamları yamanlamaq və söyməkdir ki, bunları bəlkə heç öz qohum - qardaşı belə nəinki lider, heç ağsaqqal da saymır. 

Son vaxtlarda aparılan sosial islahatlar, xüsusən də bir sərəncamla 55 nəfərlik siyasi məhbus siyahısından düz 52 nəfərin bir günün içində azad olunması özünü müxalifət hesab edənlərin artmaq, güclənmək şanslarını bir az da azaltdı...    

Elə bu səbəbdən də illərdir ki, nəinki müxalifətdən yazmırıq, heç bu sözü işlətməməyə belə çalışırıq, işlədəndə də onu dınaqda veririk, çünki  reallıqda demək olar ki, belə şey yoxdur. 

Mənə etiraz edərlər ki, ola bilərmi ki, heç müxalifət olmasın? Ola bilir, özü də ən azı üç səbəbdən. 

Birincisi, "müxalifət” adı ilə meydana elələri çıxır ki, bunlar hakimiyyətin mövqelərini zəiflətmək əvəzinə onu bir az da gücləndirir və daha da möhkəmləndirirlər, çünki belələrni görən cəmiyyət hakimiyyətə şükürlər diləməyə başlayır. İkincisi, hakimiyyət bir azacıq əvvəldə qeyd etdiyim sosial siyasətlə, humanist sərəncamlarla müxalifət olmaq istəyənlərə şans qoymur.

Nəhayət, üçüncü bir amil də var ki, bu vaxta qədər ondan da istifadə olunub. O, da budur ki, cəmiyyətdə müxalif ovqat, müxalif düşüncə bir şeydir, institusional müxalifət tamam başqa. Müxalifət əslində cəmiyyətdəki narazı ovqatın institusional təcəssümüdür. Elə dövr olur ki, o, bir ictimai-siyasi institut kimi mövcud ola bilmir. Əlbəttə ki, belə vəziyyətdə də müəyyən ictimai-siyasi fəallar olur, amma onlar daha çox seyrək dissidentlər kimi tanınınırlar...

Nə isə. Qayıdaq bir daha bizim milli mediaya. Bir neçə ay bundan əvvəlin söhbətidir. Bir gənc "redaktor”un müsahibəsini oxuyurdum. Deyirdi ki, bizim nəslin boynuna böyük missiya düşübdür – medianı yaşatmaq missiyası! Həmin "redaktorla” bir az əməkdaşlıq etmişdim. Bəlkə də inanmayacaqsanız, amma bu adam üç nöqtə görəndə belə soruşurdu ki, bəy, bu nə deməkdir, bununla nə demək istəyirsiniz?..

İndi bir neçə qəzetlə - saytla (təəssüf, qəzetlər artıq demək olar ki, sayt şəklində mövcuddur!) əməkdaşlıq edirəm. Bəs qənaətim nədir? Nə yaxşı ki, bir- iki redaktor, xüsusən də 80-ci illərin sonlarında, 90-ci illərin əvvəlində bu sahəyə gələn bir-iki redaktor qalıb. Yalnız onların rəhbərlik etdikləri saytlarda-qəzetlərdə hələki nəsə yazmaq, hansısa qeyri-şablon fikir demək mümkündür. 

Bu adamlardan sonra nə olacaq? Doğrusu, bilmirəm, heç təsəvvür də etmirəm. Bildiyim yalnız budur ki, çox təəssüf, heç birimiz əbədi deyilik, amma hər nəsildən sonra da qalmalı, yaşamalı şeylər olmalıdır. 

Belə yaşamalı sahələrdən biri də jurnalistikadır. İnsanlar var ki, özlərindən sonra nöqtə görmək istəyirlər, insanlar da var ki, özlərindən sonra vergül arzulayırlar. 

Məsələn, bəzi ədiblərimiz fəxrlə, hətta razılıqla deyəndə ki, "altımışıncılar”dan sonra başqa ədəbi nəsil yetişmədi, bununla razılaşmamaq bir yana, heç bu haqda eşitmək də istəmirik, çünki hər sahədə sonsuzluqdan pis şey yoxdur – normal adam quru odun olmaq istəməz... 

Odur, mən heç vaxt demək istəməzdim ki, "doxsanıncı”lardan sonra jurnalistika olmayacaq –bunu düşünmək belə adamın ürəyini sıxır. Gəl, tək bir istəklə nəsə həll olunurmu? Ən azı başqaları da bunu istəməlidi...

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->