Ölkə 13:52 21.02.2018

Cinsi azlıqlar Kəbəni ziyarət edə bilərmi?

Xəbər verdiyimiz kimi, transseksualların cəmiyyətə inteqrasiya prosesini dəstəkləmək məqsədilə 40 pakistanlı transseksual Səudiyyə Ərəbistanına Həcc ziyarətinə yola düşəcəklər.

Dində cinsi azlıq nümayəndələrinin müqəddəs yerləri ziyarət etməsinə münasibət necədir?

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən dinşünas alim Elşad Miri bu gün Məkkə və Mədinəni ziyarət etmək üçün Səudiyyə Ərəbistanı tərəfindən heç bir qadağanın qoyulmadığını və müsəlman olan istənilən şəxslərin ziyarətə gedə biləcəklərini söyləyib:

"Oraya gedənlərin heç birindən cinsi azlıq və ya "cinsi çoxluq" olduğunu soruşmurlar. Elə bir qayda yoxdur. Bir insan ictimai asayişi pozmursa, heç kim heç bir şəkildə ona müdaxilə edə bilməz. Səudiyyə Ərəbistanının qoyduğu şərtlərə görə, müsəlman olanlar və ya islam ölkələrindən gedənlər Məkkə və Mədinəyə sərbəst şəkildə daxil ola bilirlər.

Bu gün özünü ateist adlandıran biri belə Azərbaycandan ora gedib-gələ bilir. Bunun qarşısını almaq mümkün deyil. Lakin insanlar bu ziyarəti ali məqsəd üçün etməlidirlər. Bunu hansısa bir kampaniyaya çevirib, reklam xətrinə etmək düzgün deyil".

Çingiz Səfərli