Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın İsveçrə banklarına yerləşdirdiyi 800 milyon frank (810 milyon dollar) vəsaitin ölkəyə qaytarılması ilə bağlı məhkəmə iddiası təmin edilib.
Qaynarinfo cebhe.info-ya istinadən xəbər verir ki, sözügedən məsələ ilə bağlı Özbəkistan və İsveçrə hökumətləri arasındakı siyasi danışıqlar da başa çatıb.
İsveçrəli məmurlardan birinin "Azadlıq” radiosunun Daşkənd bürosuna verdiyi açıqlamaya görə, rəsmi Bern Gülnarə Kərimovanın adına hesaba qoyulmuş pulların tezliklə Özbəkistan hökumətinə qaytarılmasında maraqlıdır.
"Müzakirələr kifayət qədər uzun sürdü. Məlum olduğu kimi, həmin pullarla bağlı bir neçə tərəf müraciət edib. Əgər birinci tərəf Özbəkistandırsa, ikincisi ABŞ, üçüncüsü "Zeromax” kredit təşkilatıdır. ABŞ-ın Ədliyyə Nazirliyi təsdiq edir ki, Kərimova və onun tərəfdaşları ABŞ dolları ilə maliyyə fırıldaqçılığı törədiblər. ABŞ bank sistemindən istifadə edərək, bu pulların bir qismini ala bilər. "Zeromax” kreditorları isə ittihamı hələ sübuta yetirə bilməyib. Bu şirkətin əsl sahibi Kərimova olduğundan onların bu pulların heç olmasa, bir hissəsini belə almaq şansı yoxdur”-isveçrəli məmur belə deyib.
Xatırladaq ki, 20-dən artıq Avropa şirkəti İsveçrədə qeydiyyatdan keçmiş və Gülnarə Kərimovanın sahibi olduğu "Zeromax” GmmH (Zeromaks) şirkəti ilə Daşkənddə Forum Sarayı, eləcə də "Bunyodkor” stadionu kimi böyük obyektlərin inşası ilə bağlı müqavilə imzalayıb. Həmin şirkətlər dondurulmuş aktivlərdən kreditlər üzrə borcun alınması haqqında iddia qaldırıb. 2010-cu il oktyabrın 28-də özünü müflis elan etmiş "Zeromax” GmbH şirkəti Avropa şİrkətlərinə 5 milyard ABŞ dolları borc ödəməlidir. "Zeromax”ın sabiq icraçı direktoru Murodil Cəlilov hazırda Özbəkistanda həbsdədir.
"Azadlıq" xəbər verir ki, İsveçrə hökuməti dondurulmuş pulun əsl sahibinin Özbəkistan olduğu qənaətinə gəlib. Özbəkistandakı hakimiyyət dəyişikliyi həmin pulları ölkəyə qaytarmaq üçün həm hüquqi, həm də mənəvi əsas yaradır.
"Özbəkistanın yeni prezidenti özünü islahatçı kimi göstərir. ABŞ-a səfəri zamanı Ağ Ev onun ölkədə islahatlar aparmasını yüksək qiymətləndirib. Rəsmi Daşkənd bu məsələyə İsveçrədən olan zəngin iş adamlarını lobbiçi kimi cəlb edib. Bu isə Özbəkistan hökumətinə Gülnarənin pullarını geri almağa kömək edəcək”,-deyə İsveçrə rəsmisi bildirib.
"Azadlıq” radiosunun mayın 25-də Gülnarə Kərimovanın istintaqı və cinayət işinin məhkəməyə göndərilməsi ilə bağlı İsveçrə Prokurorluğuna göndərdiyi suallara təfərrüatlı cavab verilməyib. Prokurorluq yalnız "Cinayət işinin araşdırılması davam edir” cavabı ilə kifayətlənib.
"Azadlıq” radiosunun İsveçrə hökumətinə yaxın mənbədən əldə etdiyi məlumata görə, Daşkənd və Bern arasında əldə edilmiş razılaşmadan asılı olaraq Gülnarə Kərimovanın pulları Özbəkistan hökumətinə məhkəmə qərarı olmadan da qaytarıla bilər.
Şərhlər