Hüseynbala Səlimov
Siyasət 11:27 23.09.2019

İrəvanın növbəti hədəfi: İsraildə səfirlik açmaq...

Hüseynbala Səlimov

Biz Ermənistanın bütün kanallarını bağlamağa çalışdığımız kimi, onlar da bunu bizə münasibətdə etməyə çalışırlar.

İlk növbədə neçə illərdir ki, Rusiya ilə münasibətlərimizə təsir etməyə cəhd edir, Moskvanı KTMT-da və Avrasiya İttifaqındakı üzvlükləri ilə təhdid etməyə və bu yolla da Moskva-Bakı münasibətlərini soyutmağa və xüsusən də bir məsələdə - Bakı ilə Moskva arasındakı hərbi-texniki əməkdaşlıqda əngəllər yaratmağa səy göstərirlər.

Rusiyalı siyasətçilər və diplomatlar dəfələrlə bildiriblər ki, Ermənistan Moskvanın Bakıya silah-sursat, hərbi texnika satmasından çox narazılıq edir və Rusiya tərəfi hər dəfə belə arqumentlə bu iradlara nöqtə qoyur ki, Bakı silahı pulla alır və əgər biz satmasaq, başqa ölkədən alacaq...

Azərbaycanın geniş hərbi-texniki əməkdaşlıq etdiyi ölkələrdən biri də məlum olduğu kimi, İsraildir. Elə bu səbəbdən təsadüfi deyil ki, İrəvan bu istiqaməti də nəzarətdə saxlamağa və Azərbaycanın bu hərbi kanalı üçün də problemlər yaratmağa çalışır. Xüsusən də N.Paşinyan cənabları hakimiyyətə gələndən sonra İrəvanın İsrailə marağı birə beş artıbdır. 

Hələ bir neçə ay bundan əvvəl belə xəbərlər yayıldı ki, bəs Ermənistanın baş naziri İsrailə səfərə hazırlaşır. Hətta bu məqsədlə Ermənistanın bir qrup nümayəndə heyətinin İsraildə səfərdə olması xəbərlənmişdi. Amma sonradan bu xüsusda informasiyalar səngidi. 

Fəqət, bu günlərdə belə xəbərlər yayıldı ki, İrəvan Təl-Əvivdə səfirlik açmağa çalışır. Üstəlik, belə məlum oldu ki, qonşularımız səfirliyi Qüds şəhərində -Yerusəlimdə deyil, Təl-Əvivdə açmağı planlaşdırır ki, bu da onların daha hiyləgər tərpənməsindən və İsrailin paytaxtı ətrafında yaranmış vəziyyətdə, necə deyərlər, neytrallığı saxlamağa çalışmasından xəbər verir.

Əlbəttə, İsraillə Azərbaycan arasında əlaqələr elə səviyyədədir ki, düşünmürük İrəvan ən azı yaxın perspektivdə burada hər hansı problem yarada bilsin. 

Amma bizim bir ənənəmiz, bir xasiyyətimiz var, ermənilər həmişə bizi qabaqlayır, konkret iş görürlər və yalnız bu iş böyüyəndən sonra biz yuxudan ayılır və əl-ayağa düşür, ermənilərə çatmaq istəyirik, fəqət, tez də məlum olur ki, bir az gecikmişik və ona görə də tez də həvəsdən düşür və ermənilərin bizim üçün yaratdığı problemləri həll etmək üçün çarəsiz - xaotik cəhdlər göstəririk.

Həm də iki ölkə arasında mədəni və iqtisadi əlaqələr nə qədər dərin olsa da, hətta onlar arasında geniş hərbi-texniki əməkdaşlıq qurulsa da, iki ölkə arasındakı münasibətlərin əsas göstəricisi diplomatik münasibətlərdir və onlar bərqərar olmayıbsa, münasibətlər nə qədər isti olsa da, dayanıqlı əlaqələrdən danışmaq çətindir.

Bu illər ərzində biz bir probemi – İsraildə Azərbaycan səfirliyinin açılması məsələsini daim diqqətdə saxlamağa çalışmışıq. Doğrusu, bu məsələnin illərlə yubanmasını əsaslandıran hər hansı ciddi bir arqument eşitməmişik. 

Hətta vaxtlar olubdur ki, səfirliyin yaxın vaxtlarda açılacağı bəyan edilib, amma sonradan məsələ qeyri-müəyyən müddətə təxirə salınıbdı.  

Adətən belə ehtimallar səslənir ki, guya problemin həll olunmamasının səbəbi müsəlman ölkələrinin, xüsusən də İranın mümkün təzyiqləridi, di gəl, aydın məsələdir ki, Azərbaycanın İsraildə səfirlik açması heç də onun Yaxın Şərq və Fələstin problemində tutduğu mövqeyin dəyişməsi demək deyil, əksinə sıx diplomatik münasibətlərin olması bu münasibətin Təl-Əviv üçün daha anlaşıqlı bir səviyyə çatmasına səbəb ola bilər.

Məşhur paytaxt qalmaqalından, Trampın Yerusəlimlə bağlı qərarından və ABŞ-ın öz səfirliyini Yerusəlimə köçürməsindən və digər ölkələrin buna etirazından sonra guya belə bir "problem” yaranmışdı ki, bəs biz səfirliyi harada açaq? Ermənilər prinsipcə, bu suala da cavab verirlər və belə məlum olub ki, onlar Təl-Əvivi seçiblər. 

Biz də belə edə bilərik, səfirliyi gəlin Təl-Əvivdə açaq, sonrasına isə, necə deyər, baxarıq. Bütün halllarda, məsələni yubatmaq olmaz, üstəlik, bizim İrəvandan fərqli olaraq bu işi görmək üçün maliyyə problemlərimiz yoxdur və bu işin maliyyə xərcləri yüksək çinli məmur elitamız bir yana, hətta icra başçılarımızın gücü səviyyəsindədir. Amma min təəssüflər ki, bizim həmişə ağılla bağlı problemimiz olur və təsadüfi deyil ki, bədnam qonşularımızın da tarix boyu bir arzusu olubdur: kaş bu  müsəlmanların sonrakı ağlı bizdə olaydı...