Xəbər lenti

KİV seçkilərdə işini necə qurmalıdır və ödənişlər necə tənzimlənməlidir?
Siyasət 14:07 03.05.2024

KİV seçkilərdə işini necə qurmalıdır və ödənişlər necə tənzimlənməlidir?

Bir müddətdir ki, mətbuatda 2024-cü ildə bələdiyyə və parlament seçkilərinin keçirilməsi ilə bağlı məlumatlar yayılır və bu seçkidə dəyişikliklərin olacağı bildirilir. Ayrı-ayrı partiya sədrləri seçkilərlə bağlı hazırlıq işlərinə başlanılması, dairələr üzrə namizədlərin müəyyənləşdirilməsi ilə bağlı açıqlamalar verirlər. 

Ümumiyyətlə, media istər bələdiyyə, istərsə də parlament seçkilərində işini necə qurmalıdır? Namizədlərin təbliğatı ilə bağlı ödənişlər media subyektlərində necə tənzimlənməlidir?

Siyasi şərhçi Qulamhüseyn Əlibəyli Qaynarinfo-ya açıqlamasında bildirib ki, media subyektləri istər bələdiyyə, istərsə də parlament seçkilərində seçkilərin gedişini, siyasi partiyaların, yaxud da müstəqil namizədlərin seçkiyə necə hazırlaşması mexanizmini oxuculara aşılamalıdır:

"Əslində, media seçkilərdə bitərəf mövqedən çıxış etməlidir. Parlament seçkiləri əvvəlki illərlə müqayisədə fərqlidir. Əvvəllər siyasi partiyalarla bağlı media subyektləri vardı ki, onların seçki vaxtı fəaliyyəti diqqət çəkirdi. Hazırda siyasi partiyaların media quruluşları təsis eləmək imkanları zəifdir. Partiyalar media saxlaya bilmir. Siyasi fəaliyyəti işıqlandıran ayrıca media qurumları indi yox dərəcəsindədir. Hamıya aydındır ki, media quruluşlarını saxlamaq, yaxud da yenisini yaratmaq çətindir. İstər-istəməz onlar bu və ya digər formada konyunkturaya getməlidirlər. Reklam xarakterli məlumatlar yerləşidrmək, yaxud da müqavilə ilə məqalələr vermək mümkün ola bilər”.

Qulamhüseyn Əlibəyli hesab edir ki, bu gün fəaliyyət göstərən siyasi partiyaların cəmiyyətə o qədər güclü təsir etmək imkanları yoxdur:

"Onlar sadəcə olaraq öz varlıqlarını bu və ya digər formada qoruyub saxlayırlar. Düzdür, bu gün az da olsa siyasi arenda müəyyən qədər canlanma var. Amma nə qədər olsa belə, bütövlükdə əvvəlki kimi siyasi həyata təsir göstərmək imkanlarına malik deyillər. Ona görə hesab edirəm ki, onların ayrıca seçkiyə hesablanmış media qurumları yaratması mümkün olmayacaq. Düzdür, yarada bilərlər, amma yenə də onun ömrü seçkiyə kimi olacaq. Seçkidə təbliğat üçün daha çox pulsuz efir vaxtından istifadə etmək lazımdır. Bundan əlavə, sosial şəbəkələr var. Təbliğat və təşviqat kampaniyasını daha çox sosial şəbəkələrdə aparmaq məqsədəuyğundur. Prinsip etibarı ilə ayrıca seçkilərə hesablanmış media qurumlarının yaradılması prespektivsiz görünür”.

Siyasi şərhçi bildirib ki, seçkilərdə əks-təbliğatın aparılması mümkündür:

"Seçki platformasını təhlil edib onun əleyhinə çıxış etmək, əvəzində özünün platformasını önə çıxartmaq olar. Amma seçki prosesində, xüsusi ilə də təbliğat zamanı "qara piar” məsələsinə müsbət yanaşmıram. Bu, seçki kompaniyasının ruhuna, məzmununa zidd olan məsələdir.  Bu prosesdə hər bir namizəd özünün fəaliyyət proqramının üstünlüklərini seçiciyə çatdırmaq istəyir. Bunun üçün əks təbliğat aparmaq olar, amma xüsusi ilə şər-böhtan xarakterli təbliğat aparmaq, namizədin şəxsi həyatını önə çıxartmaq yolverilməzdir. Bu kimi məsələlər mətbuatda yer almamalıdır, hətta qadağan olunmalıdır”.
 


Qulamhüseyn Əlibəylinin sözlərinə görə, namizədlərin reklamlarının media subyektlərində aparılması üçün ödənilən rüsumlar media rəhbərlərinin özləri tərəfindən nizamlanmalıdır:

"Qanunla, yaxud da inzibati göstərişlə bu məsələni həll eləmək mümkün deyil. Qanun ancaq təbliğat aparmağa yol verir, amma hamı üçün eyni şərtlər daxilində. Ödənişin həcmini inzibati qaydada müəyyənləşdirmək, düşünürəm ki, düzgün olmazdı. Media orqanları aralarında ümumi razılığıa gəlib, aşağı-yuxarı bir qiymət təyin etməlidir ki, bütün namizədlər ondan faydalana bilsin. Sonuncu prezident seçkisi də göstərdi ki, pulsuz efir vaxtlarının dəyərləri yüksəkdir, hamı ondan yararlanmağa çalışır. Media qurumları da seçki kampaniyasından istifadə edib müəyyən qədər gəlir əldə etmək sitəyir. Bu baxımdan media qurumlarının özlərinin bu məsələni tənzimləməsi daha yaxşı olar”.

Bahar Rüstəmli
 


 


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->