Xəbər lenti

Kopmanın Cənubi Qafqaza səfərinin pərdəarxası: Gündəlikdə nələr olacaq? (ŞƏRH)
Siyasət 17:25 30.04.2024

Kopmanın Cənubi Qafqaza səfərinin pərdəarxası: Gündəlikdə nələr olacaq? (ŞƏRH)

"Hər bir ölkədə keçiriləcək görüşlərin gündəliyi bir-birindən fərqli olacaq".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Avropa Komissiyasının Genişlənmə və Qonşuluq Siyasəti üzrə baş direktoru Qert Yan Kopmanın Cənubi Qafqaz 3 ölkəsinə səfərini şərh edərkən deyib.
 
"Avropa Komissiyasının Genişlənmə və Qonşuluq Siyasəti üzrə baş direktoru Qert Yan Kopman aprelin 30-dan mayın 4-nə qədər Cənubi Qafqaz ölkələrinə səfər edəcəyi barədə məlumatı Ermənistan KİV-ləri bu ölkədə yerləşən Avropa İttifaqı nümayəndəliyinə istinad edərək yayıb. Məlumatda qeyd edilir ki, səfərin məqsədi ikitərəfli və regional əməkdaşlıq məsələlərini müzakirə etmək və yeni təşəbbüslərlə çıxış etməkdir. Şübhəsiz ki, ikitərəfli əməkdaşlıq və regional məsələlərin müzakirəsi və yeni təşəbbüslərlə çıxış etmək hər bir Cənubi Qafqaz ölkəsində ayrı-ayrı gündəliklə müşayiət olunacaq. Çünki hər üç Cənubi Qafqaz ölkəsinin Avropa İttifaqı strukturları ilə əməkdaşlığı müxtəlif istiqamətlərdədir. Bu baxımdan hər bir ölkədə keçiriləcək görüşlərin gündəliyi bir-birindən fərqlənəcək", deyə Taleh Əliyev bildirib.
 


Həmsöhbətimiz düşünür ki, İrəvanda Ermənistana Aİ tərəfindən yeni dəstəyin verilməsi barədə açıqlamalar gündəmə gələ bilər:

"Görüşün Ermənistandan başlanması da təsadüfi deyil. Qərb son zamanlar Ermənistanı Rusiyanın basqılarından qorumaq üçün bu ölkəyə aşırı siyasi və müəyyən maliyyə dəstəyi verir. Güman ki, İrəvanda keçiriləcək görüş zamanı Ermənistana Aİ tərəfindən yeni dəstəyin verilməsi barədə də müəyyən açıqlamalar verilsin".

Aİ nümayəndəsinin Tiflis səfərində isə ekspert bildirir ki, daha çox Gürcüstan hökumətinin qəbul etdiyi xarici agentlər haqqında qanunla bağlı məsələlər müzakirə predmeti olacaq:

"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu ilə başlanan daxili siyasi böhran istər-istəməz Aİ-ni də ciddi narahat edir. Avropa parlamentariləri Tiflisi buna görə qınayıb. Əvəzində Gürcüstan hakimiyyəti də onlara sərt açıqlamalar verib. Bu mənada Tiflisdə olacaq görüşdə daha çox ikitərəfli münasibətlərin bundan sonrakı inkişaf dinamikası müzakirə predmeti olacaq".

Bakıdakı görüşdə isə Taleh Əliyevin fikrincə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rola diqqət çəkiləcək:

"Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi üçün Bakıya çağırışlar və ölkəmizin bu istiqamətdə atacağı addımların dəstəklənməsilə bağlı bəyanatların verilməsinin şahidi olacağıq".

Qeyd edək ki, Avropa Komissiyasının Genişlənmə və Qonşuluq Siyasəti üzrə baş direktoru Qert Yan Kopman aprelin 30-dan mayın 4-ü tarixlərində Cənubi Qafqaz ölkələrinə səfər edəcək. Bu barədə Avropa İttifaqının İrəvandakı nümayəndəliyinə istinadən məlumat yayılıb. Məlumata görə, baş direktor aprelin 30-da Ermənistana, daha sonra Gürcüstan və Azərbaycana səfər edəcək. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->