Xəbər lenti

Ölkə 14:14 15.08.2013

Rövnəq Abdullayev italyan mafiozdan neft zavodu alır

ARDNŞ Moratti ailəsinə məxsus “Saras” neftayırma zavodunda “Rosneft”lə ortaq ola bilər

İtaliyada ARDNŞ-in bu ölkənin ən zəngin klanlarından birinə məxsus neftayırma zavodunun aktivlərini almağa maraq göstərdiyi barədə xəbərlər yayılıb. Virtualaz.org-un xəbərinə görə, bu haqda İtaliyanın “İl Foglio” qəzeti yazıb.

Qəzet bildirir ki, ARDNŞ-in İsveçrədəki törəmə şirkəti olan “Socar Trading”in rəhbəri Valeri Qolovuşkin məşhur Moratti ailəsinə məxsus “Saras” neftayırma zavodunun aktivlərini almağa maraq göstərdiklərini hələ 2010-cu ildə açıqlayıb. Daha sonra isə bu söz-söhbət səngiyib. Ancaq ötən il İtaliya mediası Moratti ailəsinin maliyyə vəziyyətinin pisləşməsi səbəbindən zavodu ARDNŞ-ə satmağa hazırlaşdığı haqda yeni xəbər yayıb.

Moratti ailəsi XX əsrin  əvvəllərində İtaliyaya ABŞ-dan köçüb. Onlar ABŞ-da italyan mafiyasının mərkəzi hesab edilən Karleone şəhərciyindəndir. İtaliyada Moratti klanının mafiyaya bağlı olduğu haqda hamı danışır, ancaq maraqlıdır ki, indiyədək bu haqda heç kim tutarlı dəlil ortaya qoya bilmir. Moratti klanı sözügedən zavodu ABŞ-ın Texas ştatında alıb və sökərək İtaliyada, Siciliya adasında yenidən quraşdırıb.

Bu ilin aprelində Rusiyanın dövlət neft şirkəti “Rosneft” zavodun səhmlərinin 21 faizini Moratti ailəsindən satın alıb. “İl Foglio” yazır ki, “Rosneft” Bakıda ARDNŞ-lə uzunmüddətli neft-qaz əməkdaşlığı sazişi bağlayıb və bu saziş “Saras” zavodunun taleyini həll edə bilər. Belə ki, zavodun səhmlərinin qalan hissəsini ARDNŞ-in alacağı haqda xəbərlər yenidən gündəmə gəlib.

Məlumatlarda bildirilir ki, ARDNŞ-in aydın strategiyası var və şirkət Avropanın cənubunda neft məhsullarının istehsalına, neft-qaz nəqli şəbəkələrinə investisiya qoyur. Yada salaq ki, ARDNŞ bundan  əvvəl Yunanıstanın qazpaylayıcı şəbəkəsinə nəzarət edən “Desfa” şirkətini alıb.

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?