Xəbər lenti

İdman 15:00 18.04.2024

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: "Qərəzli cəza idi"

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri "Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu.
 
Qurum 30-cu turda baş hakim Rauf Cabarovun idarə etdiyi "Qəbələ” – "Turan Tovuz” oyununun fasiləsində "Qəbələ”nin menecerini hakimləri təhqir etdiyinə görə üçü şərti olmaqla beşoyunluq cəzalanıb. Bununla yanaşı, klub 4000 manat cərimələnib. Cəza ilə bağlı sınaq müddəti isə üç ay təyin edilib.

Maraqlıdır, Səfiyarlı bu cəzanı necə qarşıladı? "Qəbələ” rəsmisi Qaynarinfo-ya açıqlamasında hakimin ona qarşı qərəzli qərar qəbul etdiyini deyib:

"Orada hakimi təhqir etməmişəm. Düzdür, bir az emosiyalı idim. Çünki təkrara baxanda da qapıçımız həmin epizodda oyunçuya deyil, topa təmas edib. Bir də ki, 42-ci dəqiqədə Şəhriyar Əliyevin əlinə dəyən topa görə rəqib qapısına penalti təyin etmək olardı. Belə qərar, məncə, çox ağırdır. Etiraz etmək üçün fikrimi bildirmişəm. Məhz etirazdan sonra mənə qırmızı vərəqə göstərdi. Fikrimcə, hakim öz eqosunu göstərmək üçün belə etdi. Bundan əvvəlki, "Səbail”lə oyunda da Rauf Cabarov futbolçumuza qırmızı vərəqə göstərmişdi. Halbuki oyundan sonra mütəxəssislər orada qırmızı vərəqə olmadığını bildirmişdi. Çünki həmin vaxt top Romalinqomun nəzarətində deyildi. Sanki hakimlərin klubumuza antipatiyası var. Hesab edirəm ki, mənə verilən cəza qərəzlidir. Çünki adım protokolda olmadığına görə, mənə cəza düşmür. Çox güman sonradan səhvini düzəltmək üçün belə qeyd edib. Dediklərimdə təhqir elementi olmayıb. Oyundan sonra bu qərarın səbəbini hakimdən soruşsam da, tutarlı cavab vermədi. Guya təhqiramiz ifadələr işlətdiyimi dedi. Halbuki həmin vaxt ona, "Rauf, öz hakimliyinə kənardan baxsan, nifrət edərsən” - demişdim. Cümləni bu cür seçmişdim ki, təhqir elementi olmasın. O isə cavabında mənə, "Get işinlə məşğul ol” dedi. 

Səfiyarlı, artıq apelyasiya müraciəti etdiyini də söylədi:

"Hakimlər Komitəsinə, həmçinin AFFA-nın İntizam Komitəsinə məktubla müraciət etmişəm. Düşünürəm ki, imicimə zərər gətirən haldır. Lap məhkəməyə vermək lazım olsa, bunu da edəcəyəm”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->