Xəbər lenti

Təcrübəli məşqçi kimləri günahlandırdı? - “Sonra deyirik ki, niyə 1:8 uduzduq?”
İdman 18:59 21.11.2022

Təcrübəli məşqçi kimləri günahlandırdı? - “Sonra deyirik ki, niyə 1:8 uduzduq?”

Millimiz ötən gün beynəlxalq yoldaşlıq matçı çərçivəsində Şimali Makedoniyanı məğlub etməklə qazandığı ardıcıl qələbələrin sayını 5-ə çatdırdı. Bu, azərbaycanlı futbolsevərlər üçün nə qədər sevindirici hal olsa da, bizi məyus edən digər bir məqam var - U-21-in durumu. Sonuncu yoldaşlıq matçında İsveç yığmasına 1:8 hesabı ilə məğlub olan Samir Əliyevin rəhbərlik etdiyi komandanın durumu hər kəsi narahat edir.

Təcrübəli mütəxəssis, AFFA-nın Məşqçilər Komitəsinin üzvü Şakir Qəribov Qaynarinfo-ya müsahibəsində hər iki yığmamızın çıxışını dəyərləndirib. 

- Əvvəlcə, əsas millinin son çıxışıları haqqında fikirlərinizi bildirərdiniz…

- Millimiz səfərdə oynasa da, həqiqətən də çox gözəl oyun keçirdi. Görünür ki, oyunçularda inkişaf var. Düşünürəm ki, bu "Qarabağ”ın, "Sabah”ın, "Neftçi”nin çempionatda yaxşı iştirak etməsindən və həmin komandaların üzvlərinin milliyə dəvət olunmasından irəli gəlir. Xüsusən də "Qarabağ”ın Çempionlar Liqası və Avroliqadakı oyunları göstərir ki, futbolçular xeyli hazırdırlar. Özlərinə inam var ki, istənilən rəqiblə oynaya bilərlər. "Lex”i, "Fernetsvaroş”u keçmişik. "Viktoriya”ya uduzsaq da, yaxşı oynadıq. Bu rəqiblərə qarşı hücumda oynayırıq, qol vəziyyətləri yaradırıq, mübarizə aparırıq və bunun milliyə təsiri var. Uşaqlar göstərdilər ki, həqiqətən də potensial var. Millidə oynayan futbolçuların istəkləri var. Həmişə deyirdik ki, uduzsunlar, amma yaxşı oynasınlar. İndi həm yaxşı oynayırlar, həm də qələbə qazanırlar. Top nisbətində də rəqiblərdən üstünük. 

- Son 5 oyunda qələbəyə görə hər kəs tərif yağdırır. Millidə nə dəyişib? Bunu inkişaf adlandırmaq olarmı?

- Siz də, mən də, ümumiyyətlə, hamımız istəyirik ki, hər şey tez olsun. Bir az oynayan kimi nəticə tələb edirik. "Qarabağ”ı nümunə göstərim. Qurban Qurbanov gələndən sonra 3-4 il nəticə əldə etmədilər. Nisbətən aşağı yerləri tuturdular, Avroliqada irəliləyə bilmirdilər. Yalnız bir neçə ildən sonra çempion oldular. Onu demək istəyirəm ki, uşaqlar da inkişaf etməlidir. Ola bilər ki, qaçırsan, amma tullanmağı bacarmırsan. Yaxud tullanırsan, amma qaça bilmirsən. Bunları bir yerə yığmaq üçün vaxt lazımdır. Reallığa baxanda, hər oyunçunun püxtələşməsi, formaya düşməsi, topla yaxşı davranması, sürəti olması, mübarizə aparması üçün zamana ehtiyacı var. Şimali Makedoniyanı indiyəcən udmamışdıq. Ancaq dünən heç bir əziyyət çəkmədən qələbə qazandıq. Düzdür, qol buraxdıq, amma uşaqlar özünəinamlı oynayırdı. Musa Qurbanlı ilk dəfə 90 dəqiqə oynadı və özünü yaxşı tərəfdən göstərdi. Ramil Şeydayevi, o cümlədən millidə debüt edən Ceyhun Nuriyevi qeyd edərdim. Nuriyev debüt etdi, ancaq sanki 2-3 ildir milliyə çağırılır. Adaptasiyadan əlavə, kollektiv yaxşı oynadı. Zəif çıxış edən futbolçu olmadı. Uşaqların nə vaxtsa inkşaf dövrünə çatacağını gözləyirdik, indi həmin vaxt gəlib çatıb. Klublar yaxşıdırsa, milli də o şəkildə oynayacaq. Uşaqlar da klublarda hazırlaşıb yığmaya gəlir. Millidə əsas taktikadır. Nə fiziki hazırlıq, nə də başqa amillər var. Məşqçilər komandanı taktiki və psixoloji cəhədən hazırlayırlar. Kimlər hazırdırsa, onlar da dəvət alır. Bəzən deyirik ki, niyə 26 nəfər çağırırlar, onsuz da, onların 15-i oynayır. Bunun sirrini də deyim. Komandanın içində olmaq, o havanı udmaq lazımdır. Nə olsun ki, oynamırsan, oturub baxırsan, izləyirsən. Ora gedən və oynamayan uşaqlar var ki, onlarda inam yarandı, təcrübə qazandılar. Əslində, ehtiyatda oturanlar daha çox oynamaq istəyirlər. Onların bu oyunları görməsi özü bir təcrübədir. Bundan da artığına qadir ola bilərik.

- Düşünmək olar ki, milli "Qarabağ”ın taktikasına yaxın, yəni hücum futbolu sərgilədiyi üçün uğur qazandı? Çünki həmişə De Byazi müdafiə futboluna görə təqnid olunurdu…

- Əvvəl 5 müdafiəçi ilə oynayırdılar ki, çox top buraxmasınlar. Ancaq hər klubun, millinin 2-3 taktiki planı olmalıdır. Hər komanda qarşısına fərqli taktika ilə çıxmaq lazımdır. Həmişə az top buraxmaq üçün eyni taktikanı seçib oynamaq olmaz. Bu, əvvəllər də var idi. Futbol yerində dayanmır, gündən-günə inkişaf edir. Bəzən komandada əvəzetmə uğurlu olanda deyirlər ki, "məşqçi "əjdahadır”. Amma uğursuz olanda yenə məşqçi günahlandırılır. İki oyunçunu dəyişməklə oyunda nə qədər gediş dəyişir. Bəzi futbolçuları meydana buraxırlar və hücuma qoşulmamaq tapşırığı verirlər. Hücum futbolu oynamaq üçün onun xırdalıqlarına varmaq lazımdır. Biz sual veririk, amma cavabının açıqlanmasını gözləmirik. Hər şey aydınlaşmalıdır: nəyə görə hücum futbolu?

- Qarşıdan Avropa çempionatının seçmə mərhələsi gəlir. Millimizin şanslarını necə dəyərləndirirsiniz?

- Hamı deyir ki, Estoniyanı məğlub edək, bununla da hər şey bitəcək. Amma mən belə düşünmürəm. Baxın, Azərbaycan futbolunun lideri "Qarabağ”dır. Klubumuz Avropaya səs salıbsa, deməli, imkanlarımız var. "Sabah” yavaş-yavaş pik formasına çatır. "Neftçi” bu il axsayır. Əvvəlki illərdə milliyə çox futboçu verirdilər. Avstriya, İsveçlə, Belçika ilə əvvəllər də oynamışıq. Üstündən görün nə qədər zaman keçib? Əlbəttə ki, bu müddətdə onlar inkişaf ediblər. Biz də inkişaf etməliyik. 5 qələbədən sonra rəqiblər bizi təhlil edəcəklər, Şeydayevə, İsayevə, Almeydaya, Mahirə qarşı necə oynamaq lazım olduğunu fikirləşəcəklər. Azərbaycan millisində taktiki cəhətdən dəyişikliklər oldu. Moldovadan, Şimali Makedoniyadan belə oyun gözləmirdik. Fikirləşirdik ki, qələbələr təsadüfən oldu. Amma son iki oyun göstərdi ki, heç də təsadüf deyil. Statisikaya baxsaq, görərik ki, heç kimdən geri qalmırıq. Fikrimcə, Avropa çempionatının seçmə mərhələsindəki rəqiblərlə oyunda çətinlik çəkməyəcəyik. Sürət baxımından və qol vəziyyətlərindən istifadədə bizdən müəyyən mənada üstün ola bilərlər. Çünki futboçularımız indi-indi o formaya çatır. Əsas odur ki, bu inamı, birliyi, oyunumuzu mart ayına qədər saxlayaq. Məncə, belədə nə Belçika, İsveç, nə də Avstriyadan geri qalacağıq. Elə də böyük fasilə olmayacaq. Çempionatımız davam edir. Futbolçular öz formasını saxlamalıdır. İndi elə nəsil yetişib ki, oynamaq istəyir. Biri var, oynamaqdan yorulasan, biri də var yeni "qan” gəlib. 26 nəfərin içində xeyli yeni adlar var.  Onlar daha yaxşı oynamaq, özlərini göstərmək istəyir. 

- Çatışmayan cəhət kimi nəyi göstərmək olar?

- Bütün komandalarda "Real”da "Barselona”da, "Çelsi”də, "Mançester Siti”də də çatışmazlıqlar olur. Komanda uduzanda çatışmazlıqlar daha çox görünür. Bunlar aradan qalxacaq. Fərq odur ki, uşaqlarda inam var. İnam olan yerdə çatışmazlıqlar gözə girmir. Bəhlul oynamadı, Bəxtiyar Həsənalızdə onu əvəzlədi. Hansı ki, klubunda əsas heyətdə oynamırdı. Uşaqlarda birlik, inam, əsas da odur ki, oyun var. Belə olanda istənilən rəqibə qarşı oynamaq mümkündür. İnanıram ki, millimiz bundan sonra da yaxşı oynayacaq. 

- U-21-in də durumu ilə bağlı fikirlərinizi öyrənmək maraqlı olardı. Komanda niyə bu gündədir?

- Samir Əliyev komandanı yeni götürüb. Uşaqların əksəriyyəti öz klublarında oynamırlar. Çətinlikləri var. Samir istərdi ki, özümüzdən güclü rəqiblərlə oynayaq ki, çatışmazlıqları tez görək. Əsas problem odur ki, uşaqlar öz heyətlərində az oynayırlar. Orqanizm o yükə öyrəşməlidir. Oynamayan futbolçunu heyətə dəvət edirik və gedib İsveçlə oynayırıq. Sonra da deyirik ki, niyə 1:8 uduzduq? Ancaq gəlin baxaq, o uşaqlar Azərbaycan çempionatında neçə dəqiqə oynayıb? Fərq bundadır ki, analiz etməmiş deyirik ki, Samir məşqçi deyil. 

- Yəni, günahkar klublardır?

- Bəli, uşaqlar daxili çempionatda oynamırlar. Bu, Samirin günahı deyil. Həmişə milli komandaların məşqçilərindən tələb edirik ki, kimin neçə dəqiqə oynaması haqda statistika gətirsinlər. Samir Əliyev neyləsin? Birdən-birə nəticə əldə etsin? Bu uşaqlar birlikdə oynamalı, bərkiməlidir. Yoldaşlıq görüşləri keçirilməlidir. Biz nə kömək lazımdırsa edərik. Ancaq o uşaqlar da oynamalıdır axı. Qolların vurulduğu dəqiqələri gördünüz? Sona yaxın 4-5 qol vurdular. Yəqin ki, fiziki cəhətdən çatdıra bilməyiblər. Ya da o səviyyədə deyillər. Bizim uşaqların o komandalarla oynaması hələ tezdir. Əlbəttə, nəticənin 1:8 olması yaxşı deyil. Amma qolların əksəriyyəti 75-ci dəqiqədən sonra vuruldu. Samir çox yaxşı məşqçidir. Bilirəm ki, qısa müddətdə öz işinin öhdəsindən gələcək. Ona vaxt lazımdır. Məşqçilər bütün oyunları izləyirlər, ən yaxşı uşaqları seçiblər. Öz fəlsəfəsini oturtması üçün zamana ehtiyacı var. O, ən azı bir-iki il işləməlidir ki, ona irad tuta bilək. İnşallah yaxşı olar. Əsas millimiz belə nəticələr göstərirsə, aşağıdakılar da onlara baxıb yaxşı çıxış edəcək.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->