Xəbər lenti

Veteran futbolçu: “Neftçi”nin beşinci, altıncı yerlərdə olması ayıbdır”
İdman 14:02 14.11.2023

Veteran futbolçu: “Neftçi”nin beşinci, altıncı yerlərdə olması ayıbdır”

Adrian Mutunun və yeni rəhbərliyin gəlişindən sonra "Neftçi”də müsbətə doğru dəyişikliklər olacağı gözlənilsə də hələ də bu özünü doğrultmur. Üstəlik son vaxtlar komanda Premyer Liqada da gözlənildiyi kimi çıxış etmir. Son turda "Sumqayıt”a məğlub olan flaqman azarkeşlərin və futbol ictimaiyyətinin haqlı tənqidlərinə də məruz qaldı. 

"Neftçi”ni sevən, uğrunda ayaqlarını, canını qoyan veteran futbolçu Asif Əliyev də sabiq komandasının durumundan məmnun deyil. O, Qaynarinfo-ya açıqlamasında "Neftçi” üçün ürəyi yandığını, amma komandanın heç də yaxşı vəziyyətdə olmadığını deyib:

"Neftçi” üçün ömrümü vermişəm. Mən də o klubda çalışmaq istərdim, ürəyim yanır. Bütün oyunlarını izləyirəm, buraxmıram. Komandanı ümumilikdə yaxşı görmürəm. Belə pis oyun göstərmək olmaz. "Qəbələ”ni çətinliklə məğlub etdilər. Tez-tez dəyişikliklər nəyə lazımdır? Gətirdikləri legionerlər də yüksək səviyyəli deyil. Günahı baş məşqçidə və onun transfer etdiyi futbolçularda görürəm. Təcrübəli məşqçi də deyil ki, güclü heyət qurub oyun göstərsin. "Neftçi”nin beşinci, altıncı yerlərdə olması ayıbdır. Həmişə "Qarabağ”la mübarizə aparırdılar, çempion da olublar. Nə olsun ki, Mutu yaxşı futbolçu idi. Amma görünən odur ki, müsbətə doğru dəyişiklik yoxdur”.

Əliyev hər şeyə rəğmən baş məşqçiyə vaxt verilməli olduğunu bildirib:

"Vaxt vermək lazımdır, ikinci mövsümü də işləsin, görək nə edə biləcək? Heyətdə gənc uşaqlar var. Onlardan yararlanmaq lazımdır. Yoxsa Haqverdidi, nədi, gətirib milliləşdirib oynadırlar. Onsuz da oyunları çətinliklə keçirirlər. Heç olmasa, yerlilərə şans versinlər. Legionerlər də oyun göstərə bilmir. Ola bilər baş məşqçi sistem yaratmağı, heyəti tapmağı bacarmır. Dərindən fikirləşsinlər, problemlərin səbəbini araşdırsınlar. Ürəyim yanır, "Neftçi”də canımı qoymuşam, ayaqlarım protezdir. 188 oyun keçirib, xeyli qol vurmuşam. Adam pis olur. "Sumqayıt”a məğlubiyyəti gördüm, çox üzüldüm. Mərkəzdə oyunçuları yoxdur, Emin Mahmudov yorulub, ya hansısa səbəbdən, sanki ruhdan düşüb, canını qoymur. Bir ara gedəcəyini deyirdilər. Ya da millidə yaxşı oynayır, "Neftçi”yə gələndə güc qalmır. Keçən il də üçüncü yeri tutdular. "Neftçi”yə 5-6-cı yerlər yaraşmır”.

O, növbəti oyunda qələbəyə ümid etdiyini söyləyib:

"Gələn oyun "Araz-Naxçıvan”a qarşı olacaq. Rəqib də pis oynamır, yaxşı legionerlər yığıblar. "Qarabağ”ı, elə "Neftçi”ni də məğlub etmişdilər. İnanıram ki, qələbə qazanacaqlar. Komandanın bu durumda olmasına heyifsilənirəm. İstərdim ki, "Neftçi” yüksək pillələrdə qalsın. Mövsümün sonuna qədər vaxt var, Allahın köməkliyi ilə yaxşı olar. Məşqçini tez-tez dəyişmək də düz deyil, vaxt vermək lazımdır. Ümid edirəm ki, heyəti tapar, formalaşdırar”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->