Xəbər lenti

Aİ missiyası Ermənistanda sayını niyə artırır? (ŞƏRH)
Dünya 17:00 12.12.2023

Aİ missiyası Ermənistanda sayını niyə artırır? (ŞƏRH)

"Bu say artımında məqsəd İrəvana nəzarəti gücləndirmək, Azərbaycanla Ermənistan arasında münasibətləri gərginləşdirməyə çalışmaqdan ibarətdir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Ermənistandakı Avropa İttifaqı missiyası üzvlərinin sayını 138-dən 209-a qaldırmaq barədə qərarını şərh edərkən deyib.

Politoloq bildirib ki, Avropa İttifaqı say artımına getməklə gələcəkdə Ermənistanda daha uzun müddətə yerləşməyi hədəf götürüb:

"Onlar elə fikirləşir ki, artırdıqları 209 nəfərlə Ermənistanda yerləşən Rusiyanın hərbi bazasını çıxarmağa nail olacaqlar. Bu, ağılsızlıqdır. Bu say artımında məqsəd İrəvana nəzarəti gücləndirmək, Azərbaycanla Ermənistan arasında münasibətləri gərginləşdirməyə çalışmaqdan ibarətdir. Bunun da arxasında Fransa dayanır. Onlar bu yolla bölgədəki gələcək münasibətləri daim gərgin vəziyyətdə saxlamağa çalışırlar ki, proses Aİ-nin maraqlarına xidmət etsin".



Ekspertin qənaətinə görə, say artımı heç də Avropa İttifaqının sifarişi deyil:

"Sifariş daha yuxarıdan, ABŞ-dan gəlib. Rusiyanı bölgədən heç cür çıxara bilmirlər. Aİ ölkələrinin bəziləri tədricən iqtisadi cəhətdən çökməmək üçün Moskva ilə münasibətləri yaxşılaşdırmağa çalışırlar. Niderland, Almaniya, Çexiya bu istiqamətdə addım atmaq niyyətindədir. Görünən odur ki, yavaş-yavaş Aİ-nin Rusiya ilə münasibətlərdəki gərginlik aradan qalxacaq. Ona görə də onlar gərginliyin ağırlıq mərkəzini Cənubi Qafqaza keçirmək istəyirlər. Bu mənada da Ermənistandakı Aİ missiyanın tərkibinə birdən-birə 50 faiz yeni heyət əlavə edilir. Ora gələnlər də müxtəlif ölkələrin kəşfiyyat orqanlarından istefaya gedənlərdir".
 
Ekspertin fikrincə, Aİ-nin Ermənistandakı missiya üzvlərinin sayını artırmaq nəticə verməyəcək:

"Ona qədər Azərbaycanla Ermənstan arasında sülh sazişi imzalanacaq. Həmin missiyanın heç bir rolu qalmayacaq. Bölgəmizdə ATƏT-ə yer olmadığı kimi, Aİ-nin bu missiyasına da Cənubi Qafqazda yer olmayacaq". 

Qeyd edək ki, Aİ xarici siyasət idarəsinin rəhbəri Cozep Borrell qurumun xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında Ermənistandakı Aİ missiyasının sayını 138-dən 209-a çatdırmaq qərarına gəldiklərini bildirib: "Bu gün Aİ Şurası olaraq yerdəki mövcudluğumuzu 138-dən 209-a çatdırmaqla Ermənistandakı mülki missiyamızı gücləndirmək qərarına gəldik. Bu, missiyanın sayının mühüm artımıdır və Ermənistanın Azərbaycanla beynəlxalq sərhədinin sabitliyini artırmaq üçün bir yoldur".

Rüfət Sultan

--> -->