XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

1,4 milyon dollara xəyal şəhəri alıb oraya köçdü: İki il sonra nə baş verdi?
Dünya13:22 15.08.2026

1,4 milyon dollara xəyal şəhəri alıb oraya köçdü: İki il sonra nə baş verdi?

Amerikalı sahibkar Brend Andervud Kaliforniyada yerləşən tərk edilmiş Serro-Qordo şaxtaçı şəhərini 1,4 milyon dollara alıb. O, şəhəri bərpa etməklə yanaşı, orada yaşamağa da başlayıb və bu böyük layihəni həyatının əsas işinə çevirib.

Qaynarinfo "Timesof İndia"ya istinadən xəbər verir ki, Andervud biznes tərəfdaşı Con Biyerlə birlikdə şəhəri 2018-ci ilin iyulunda satın alıb. Bu məbləğə 120 hektardan çox ərazi və 22 tarixi tikili, o cümlədən XIX əsrə aid otel, fəhlələr üçün ev və mədən rəhbərinin keçmiş iqamətgahı daxil olub.

Serro-Qordo İnyo dağlarının ucqar hissəsində yerləşir. Ərzaq mağazası olan ən yaxın şəhər təxminən 40 kilometr məsafədədir. Qəsəbəyə yalnız asfalt və torpaq yollarla getmək mümkündür.

Vaxtilə burada minlərlə insan yaşayırdı

Serro-Qordonun tarixi 1865-ci ildə ərazidə gümüş yatağının aşkarlanmasından sonra başlayıb. Qəsəbə qısa müddətdə böyük şaxtaçı mərkəzinə çevrilib. 1870-ci illərdə çiçəklənmə dövründə burada təxminən 4 min insan yaşayıb.

Şəhər Kaliforniyanın ən böyük gümüş və qurğuşun istehsalçılarından biri olub. Lakin sonradan metal qiymətlərinin düşməsi və baş verən yanğın qəsəbənin tənəzzülünə səbəb olub. Artıq 1870-ci illərin sonlarında şəhər demək olar ki, tamamilə boşalıb.

Andervud şəhəri satın alan zaman Serro-Qordoda yalnız bir baxıcı qalmışdı. Bununla belə, əvvəlki sahiblər onilliklər ərzində tikililəri qarətçilərdən və əlverişsiz hava şəraitindən qoruduqları üçün tarixi binaların əhəmiyyətli hissəsi qorunub saxlanılmışdı.

Ərazidə bir vaxtlar şəhərin iqtisadiyyatının əsasını təşkil edən və yerin altında yüzlərlə metr uzanan şaxta tunelləri də qalıb.

Şəhər uğrunda təxminən 12 alıcı mübarizə aparıb

Serro-Qordo satışa çıxarılanda ilkin qiymət 925 min dollar olub. Elana təxminən 12 təklif daxil olub və onların bəziləri hətta 1,4 milyon dolları keçib.

Buna baxmayaraq, satıcılar Andervud və Biyerin təklifini seçiblər. Çünki sahibkarlar şəhərin tarixi görünüşünü qorumağı və ərazini tikinti ilə doldurmaq əvəzinə, ziyarətçilər üçün açıq etməyi planlaşdırırdılar.

Andervud bildirib ki, alış üçün demək olar, bütün şəxsi əmanətlərini xərcləyib. Qalan məbləğ isə kredit və layihəyə qoşulmaq istəyən dostlarının kiçik maliyyə töhfələri hesabına tamamlanıb.

Şəhərə köçdü və fəlakətlə üzləşdi

Sahibkar Serro-Qordonu yaşayış imkanı olan turizm kompleksinə çevirmək, eyni zamanda qəsəbənin tarixi atmosferini qorumaq istəyib.

Lakin alışdan iki ildən də az müddət sonra layihə ciddi fəlakətlə üzləşib. 2020-ci il iyunun 15-də səhər şəhərin mərkəzində yerləşən və 1871-ci ildə istifadəyə verilmiş Amerika otelində yanğın başlayıb.

Alov oteli, onun yanındakı buzxananı və XIX əsrin tanınmış cinayətkarına məxsus olmuş qonşu evi tamamilə məhv edib. Hadisə zamanı xəsarət alan olmayıb.

Müstəntiqlər yanğına köhnə elektrik naqillərinin və binanın divarlarını onilliklər ərzində izolyasiya etmək üçün istifadə olunan qəzetlərin səbəb ola biləcəyini ehtimal ediblər. Andervud üçün yanğın bütün layihənin ən ağır anlarından birinə çevrilib.

Bərpa işləri illərlə davam edib

Yanğından sonra sahibkar oteli sadəcə təmir etməli olmayıb, faktiki olaraq yenidən inşa etməli olub. Bərpa işləri təxminən 2025-ci ildə başa çatdırılıb.

Bununla belə, Serro-Qordonun problemləri bununla bitməyib. Qəsəbənin ucqar yerləşməsi səbəbindən burada sabit su təchizatını təmin etmək çətindir. Andervud suyun yük maşınları ilə daşınması və dərin şaxtalardan çıxarılması da daxil olmaqla müvəqqəti həllərdən istifadə edib.

Sahibkar 2020-ci ilin martından etibarən Serro-Qordoda daimi yaşayır. O, şəhərin bərpası prosesini geniş onlayn auditoriya üçün sənədləşdirir və tərk edilmiş şaxtaçı qəsəbəsinin turizm obyektinə çevrilməsini nümayiş etdirir.

Aydın