100 ilin konkret sualı...

100 ilin konkret sualı...

Məmməd Süleymanov

"Söhbət iş gününün uzadılmasından, yaxud maaşların azaldılmaından gedəndə onlardan primitiv vətənpərvərlik tələb edirlər. Əgər onlar narazılıqlarını ifadə edirlərsə - bəzən bu cür də olur - bu narazılıq nəticəsiz qalır, çünki ümumi ideyaların olmaması səbəbindən bu narazılıqlar yalnız xırda konkret çatışmazlıqlara qarşı yönəlir. Böyükfəlakətlər onların diqqətindən yayınır..." (Corc Oruell. "1984”)

*** 

"Siz kiminləsiz, mədəniyyət xadimləri?” - Qanadlı kəlməyə çevrilmiş bu ifadə Maksim Qorkinin 1932-ci ildə yazdığı məqaləsinin başlığıdır. 

Məqalə ABŞ müxbirlərinə cavab kimi yazılmışdı və bu cümlələrlə bitirdi: "Məsələni həll etmək zamanıdır: siz kiminləsiz, "mədəniyyət xadimləri”?  Həyatın yeni formalarını yaradan mədəniyyət qüvvələrinin yanında, yoxsa bu qüvvənin əleyhinə, məsuliyyətsiz yırtıcılar kastasının saxlanılmasının tərəfində? O kastanın ki, başdan çürüyüb və yalnız ətalətə görə hərəkətini davam etdirir...”

Bu kəlmə adətən ictimai burulğan dövrlərində mədəniyyət xadimlərinin öz siyasi və ya əxlaqi mövqelərini müəyyənləşdirməsindən söhbət gedəndə işlədilir. Yəni, həqiqət anı yetişib və hər kəs öz mövqeyini açıqca ortaya qoymalıdır. Postsovet illərində Qorkinin sözlərinə gülmək, onu karikaturalaşdırmaq cəhdləri nə qədər desəz oldu. Ancaq vaxt gəldi, o yenə aktuallaşdı. 

Maksim Qorkinin ardınca bu sualı dünyanın 4 yanında vermək və cavab eşitmək zamanıdır. İndiki dövrün kolliziyaları əvvəlkilərlə müqayisədə daha mürəkkəb və daha məchuldur.

Ancaq məlum olur ki, cavab heç də həmişə sadə və asan deyil. Məlum olur ki, hakim siniflərin təbliğat şouları çərçivəsində cavab öz məzmununun əksinə də çevrilə bilər. Ədalətə çağırış köləliyə dəvət, maarifçilik isə debilləşdirmə fəndi kimi təqdim olunar. Bu cür olarsa, müəllifin faciəsi başlayır...

***
  
Dinin dirçəldilməsinin - tərəqqi, orta əsr ideallarının - Azadlıq, dünyaya real baxışdan imtinanın isə realizm kimi sırındığı dövrdə yaşayırıq. Vaxtilə Sovet filosofu və ədəbiyyatşünası Mixail Lifşits bu vəziyyəti "anti-düşüncə” adlandırmışdı. Özünün "Liberalizm və demokratiya” məqaləsində (1968-ci il) o, yazırdı: "Anti-düşüncə dəbinə uyğun olaraq, siz qabaqcıl ideyaları - qaranlıq, qaranlıq ideyaları isə mütərəqqi saymalısız. Əks halda sizi cahil və tərəqqinin düşmənləri siyahısına daxil edəcəklər”.

Əlbəttə, Lifşits liberalizmlə demokratiyanın əslində bir-birinə zidd olduğunu təsvir edən o yazısında Qərbin "kütləvi dəyərlər”ini nəzərdə tuturdu. Və vədə yetişdi - onlar gəlib bizləri də fəth etdi.

Mass-kultla və bayağılıqla müəyyən mənada hər şey aydındır - onlar debilləşdirmə vasitələridir. İndiki dünyada hakimiyyətlər milyardları maarifçiliyə yox, məhz biliklərin unutdurulmasına, obskurantizmin təbliğinə və qələbəsinə ayırırlar. Yəni, büdcə xərcləri kütləşdirməyə və savadsız nəsillər yetişdirməyə yönəldilib. Fərqi yoxdur, söhbət dünyanın hansı tərəfindən və hansı qitəsindən gedir - dünya 30 ildir savadsızlıq kursu ilə yeriyir və kim etiraz etsə, retroqrad kimi damğalanır. 

Bu cəhətdən indiki mədəniyyətdə və incəsənətdə Endi Uorxol müqəddəsdir, Harri Potter - dahiyanə əsərdir, məişət serialları - həyat məktəbidir, degenerativ incəsənət və postmodern - möhtəşəmdir... Bəşər zir-zibilin Olimpə ucaldıldığı mənasız illərin bataqlığında gülərək və təşəkkürlər edərək boğulmağındadır.

Ancaq bu, problemin hamısı deyil - əsl incəsənət (o incəsənət ki, ümumbəşəri dəyərlərə, humanizmə, ədalətin təbliğinə və maarifçiliyə çağırır, dövrü analiz edir, yeni-yeni suallar formalaşdırır) ostrakiyaya məruz qalmaqla bərabər, həm də təhrif olunur, hətta təbliğatda özünün tərsi kimi təqdim edilir. Tələbə İvanovu öldürmək əmri vermiş terrorçu Neçayevin əməlindən təsirlənərək "Şeytanlar”ı ("Besı”) yazan Dostoyevski  üçün ən qorxulu ssenari nə ola bilərdi? - Əlbəttə, neçayevçiliyin təntənə çalacağı cəmiyyətdə onun əsərinin qəddarlığın ikonasına çevrildilməsi. Yaxud, Qaşek "Qoçaq əsgər Şveyk”ini müharibə əleyhinə yazıb - indi təsəvvür edək ki, onu militarist qüvvələr öz təbliğatlarına qatır və Qaşek də pasifist yox, "qırğı” kimi qəbul etdirilir. 

Deyirsiz, nonsensdir? Qətiyyən. Humanist Nitsşenin mətnləri, Vaqnerin ilahi musiqisi sonralar nasist təbliğatının tərkib hissəsinə çevrildilmədimi? Oruellin "Dayanın!” imperativindən yoğrulan antitotalitarizmi 20-ci əsrin sonlarına doğru gerçəkləşdirilmədimi? Onun Həqiqət Nazirliyi indi dünyanın bütün dövlətlərində yoxdurmu? Xaksli, Zamyatin, Stanislav Lem insanlığı nələrdən qorumaq istəyirdilərsə, bu qaçılmalı ssenarilərin az qala hamısı reallaşdırıldı. Nahaq yerə 1960-cı illərdə "Biz Kafkanı gerçəkləşdirmək üçün doğulmuşuq” deyilmirdi...

O müəlliflər insanlığa insan kimi qalmaqda yardımçı olmaq, irəlidəki fəlakətlərdən bəşəri xəbərdar etmək istəyirdilər - əvəzində isə onların ən qorxunc proqnozları nəinki gerçəkləşdi, üstəlik rəsmi ideologiyaya, idarəçilik doktrinasına çevrildi.

***

Əsas sual da elə budur -  Necə oldu ki, "Hara gəlib çıxdığımıza utanaq” demək istəyən yaradıcıların yaratdıqları "Gəlib çıxdığımız yerdə necə möhkəmlənək” planını gerçəkləşdirən doktrinalara xidmət etməyə başladı? Bu, absurddu, paradoksdu, yoxsa məntiqi idi?

Hegel fəlsəfəni "müdriklik quşu” adlandırırdı, quşlar arasında müdriklik rəmzi bayquş sayılır, o da gecələrin sakitliyində uçur. Yəni, hadisələr baş verib qurtarıb və səssizliklə baş-başa qalan düşüncə adamları olmuşları saf-çürük edir, yeni suallar ortaya qoyurlar. Düşüncənin bu "koordinat başlanğıcı”nda istənilən tərəfə doğru irəliləyiş dəyərlərin üzərində müəyyənləşməlidir. Yəni, dəyərlər - hansısa proseslərin nəticəsi deyil, hansısa eksperimentlərdən sonra ərsəyə gəlmir, əksinə, dəyərlər - başlanğıcdadır. Hər şeydə əndazəni, ölçü hissini bilən qədim yunanlarda məhz bu cür idi - mənəvi dəyərlər hərəkətlərin əvvəlində gəlirdi və onun hüdudlarını müəyyənləşdirirdi. İndi isə vəziyyət diametral fərqlidir: qəbul olunur ki, özü-özlüyündə dəyərlər mövcud deyil, onlar əməllərin sonunda yaranır və biz onları o vaxt dərk edəcəyik ki, tarixin sonuna gedib çıxaq. Tarix hələ bitmədiyindən, dəyərlərin təftişinin də sonu görünmür. Heraklit üçün ölçüsüzlük yanğın idi, bizim dövrümüz üçün - qlobal yanğın banal hadisə olub.

Madam ki, "əsl dəyərlər”ə hələ gedib çatmamışıq, istənilən ölçüsüzlüyə, əndazəsizliyə, absurda haqq qazandırmağa çalışılır. Unudulur ki, ölçü tanrısı Nemezida heç vaxt yatmır və əndazəni aşan hər kəsi mütləq amansızlıqla cəzalandıracaq. Və deyirlər: madam ki, "əsl dəyərlər”ə hələ gedib çatmamışıq, deməli, heç nəyi dəyər saymaq olmaz. Nə Ədaləti, nə Azadlığı, nə vaxtilə Kantı heyrətə gətirmiş "daxilimizdəki əxlaq qanunu”nu. Nəticədə də, ümumbəşəri dəyərləri təbliğ edən, qoruyub saxlayan mədəniyyət və incəsənətin "çıxdaş”ı gedir, hər cür masskult əsl incəsənət kimi sırınır.

Bu da hamısı deyil. Ən xoş niyyətlər, ən humanist çağırışlar əks işarəyə çevrildilir, ən sərt tənqidlər, ən amansız ifşalar insani dəyərlərin məhvi üçün vasitə rolunu oynayır. Marksistlər hadisələrə sinfi yanaşma sərgiləyəndə növbəti dəfə yanılmırlar: əzən sinif öz repressiya cəbbəxanasını zənginləşdirərək Qiyamı əhlilləşdirir, ədəbiyyatı öz mənafeyinə xidmət etdirir, mədəniyyəti barbarlığı yaymaq alətinə çevirir, Sözü küy səviyyəsinə endirir. 

Humanist Oruell totalitarizmi yayanların laboratoriyasında öyrənilir, Zamyatinin "Biz”indəki ideyalar təbliğat mətnlərinə çevrilir.

Antiutopiyalar reallaşıb...
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR
X  No Image