Yaponiyanın sahillərində yerləşən sualtı Kikay supervulkanı ilə bağlı yeni elmi müşahidələr onun yenidən aktivləşmə əlamətləri göstərə biləcəyini ortaya çıxarıb. Alimlər bildirirlər ki, bu nəhəng vulkan 7 300 il əvvəl baş verən güclü püskürmə zamanı qədim Dzyomon sivilizasiyasının məhvinə səbəb ola biləcək miqyasda partlayışla yadda qalıb.
Qaynarinfo xəbər verir ki, tədqiqatlara görə, həmin vaxt vulkan o qədər böyük həcmdə maqma püskürüb ki, onun miqyası Nyu-Yorkdakı Mərkəzi Parkın bütün sahəsini təxminən 12 kilometr qalınlığında süxurla örtməyə bərabər olub. Partlayış nəticəsində yaranan nəhəng çökəklik — kaldera — bu gün də vulkanın mərkəzində qalmaqdadır.
"Daily Mail”in yazdığına görə, son araşdırmalar göstərir ki, kalderanın altındakı maqma rezervuarı son 3 900 il ərzində tədricən yeni maqma ilə dolur. Son illərdə bölgədə buxar çıxışı və ondan çox kiçik zəlzələ də qeydə alınıb ki, bu da aktivliyin artdığına işarə kimi qiymətləndirilir.
Kobe Universitetinin geofizika professoru Sema Nobukazu bildirib ki, müşahidə olunan maqma sistemi əvvəlki nəhəng püskürməni formalaşdıran eyni rezervuarın davamıdır. Onun sözlərinə görə, belə nəhəng kalderalarda maqmanın necə toplandığını anlamaq gələcək superpüskürmələrin mexanizmini izah etmək üçün həlledici ola bilər.
Əvvəlki püskürmə zamanı təxminən 160 kub kilometr həcmində süxur atmosferə atılıb, piroklastik axınlar isə episentrdən 150 kilometr məsafəyə qədər yayılıb. Alimlər bu hadisənin Yaponiyanın cənubunda yerləşən Dzyomon mədəniyyətinə ağır zərbə vurduğunu hesab edirlər.
Hazırda kalderanın mərkəzində son 4 000 il ərzində formalaşan lav günbəzi yerləşir. Tədqiqatçılar süni seysmik siqnallar vasitəsilə yeraltı strukturu araşdıraraq, dərinlikdə yerləşən maqma rezervuarının ölçüsünü və formasını müəyyən ediblər. Nəticələr göstərir ki, bu rezervuar yenidən maqma ilə dolur və onun tərkibi əvvəlki superpüskürmə zamanı çıxan materialdan fərqlənir.
Professor Nobukazu qeyd edib ki, hazırkı maqma ehtiyatı ehtimal ki, daha yeni geoloji proseslər nəticəsində daxil olub. Bu isə sistemin yenidən aktivləşdiyini göstərə bilər.
Kikay vulkanı ilə yanaşı, ABŞ-dakı Yellouston və İndoneziyadakı Toba kimi nəhəng kalderalar da oxşar "uzunmüddətli yuxu” və yenidən oyanma dövrləri ilə tanınır. Lakin bu dövrlərin dəqiq mexanizmi hələ tam öyrənilməyib.
Tədqiqatçılar bildirirlər ki, bu cür maqma yenidən yığılması prosesi böyük dayaz rezervuarların mövcudluğunu təsdiqləyir və bu, gələcək nəhəng püskürmələrin anlaşılması üçün mühüm ipucu ola bilər. Araşdırma "Communications Earth & Environment” jurnalında dərc olunub.
Digər bir araşdırmaya əsasən, əgər Kikay vulkanı yenidən güclü şəkildə püskürərsə, atmosferə böyük həcmdə vulkanik material atıla bilər ki, bu da bəzi regionlarda Günəş işığının qarşısını alaraq "vulkanik qış” effekti yarada bilər. Həmçinin Yaponiya, Tayvan və Çin sahillərində sunami riski də istisna edilmir.
Vulkan üzrə mütəxəssis, professor Yosiyuki Tatsumi bildirib ki, yaxın 100 il ərzində belə bir superpüskürmənin baş vermə ehtimalı təxminən 1 faiz olsa da, ən pis ssenaridə itkilər 100 milyon insana qədər çata bilər.
Bu nəticələr göstərir ki, Kikay kalderası hələ də aktiv sistemdir və onun davranışı gələcəkdə qlobal miqyasda ciddi təsirlərə səbəb ola biləcək potensial daşıyır.
Aydın
Şərhlər