Xəbər lenti

100 yaşlı qadın hələ də idman zalına gedir: Onun sirri nədir?
Sağlamlıq 10:00 15.09.2025

100 yaşlı qadın hələ də idman zalına gedir: Onun sirri nədir?

ABŞ sakini Meri Koroneos bu ilin iyununda 100 yaşını qeyd edib və hələ də gündəlik həyatını aktiv idmanla davam etdirir. O hesab edir ki, uzunömürlülüyünün sirri fiziki məşqlərdə, güclü sosial əlaqələrdə və həyatdan zövq alma bacarığında gizlənir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Business Insider" məlumat yayıb.

Fəal həyat tərzi

Meri gününü qəzet oxumaq, idman zalına getmək və çimərlikdə vaxt keçirməklə başlayır. Yubileyini Konnektikut ştatının Norvolk şəhərində yaşayan 65 yaşlı qızı Afinanın təşkil etdiyi səs-küylü məclislə qeyd edib.

Uşaqlığını Pensilvaniyanın kiçik mədənçi şəhərində keçirən Koroneos ailəsinə kömək üçün tez-tez fiziki iş görüb, qardaşları ilə birlikdə daim aktiv oyunlarla məşğul olub. Məktəb illərində basketbol və voleybol oynayıb, daha sonra isə təhsilini davam etdirərək magistr dərəcəsi alıb.

İdman sevgisi və davamlılıq

100 yaşında olmasına baxmayaraq, Meri hələ də şəxsi məşqçilərlə idman zalına gedir. O, yüngül qantel və rezinlərlə güc məşqləri edir, trenajorlarla işləyir, velosiped trenajorunda kardio və hətta yüklənmiş xizəkləri itələmə kimi intensiv məşqlər də yerinə yetirir. Yayda yıxılaraq iki sümüyünü sınmasına baxmayaraq, üç həftə sonra yenidən məşqlərə qayıdıb.

Meri deyir ki, qidalanmada da intizam vacibdir: "Mən çox yemirəm və spirtli içki içmirəm". 

Onun gündəlik menyusuna yumurta, çay, toyuq şorbası daxildir, axşam yeməyini isə qızı hazırlayır. Şirniyyatlardan imtina etmir, amma həmişə ölçünü gözləyir.

Zehni və sosial aktivlik

Koroneos yalnız bədənini deyil, beynini də məşq etdirir – xəbərləri izləyir, yeni şeylər öyrənir. Onun sözlərinə görə, həyatda maraq və öyrənmək istəyi insanı gənc saxlayır. O, həmçinin cəmiyyətlə ünsiyyətdən, yeni dostluqlardan zövq alır və hətta zarafatla 80 yaşdan yuxarı cazibədar kişilərə diqqət yetirdiyini gizlətmir.

Qızı Afinanın fikrincə, anasının müəllimlik fəaliyyəti, yarış ruhu və dini inancı da onun sağlam qocalmasına müsbət təsir göstərib: "Əgər insan dostluq, təhsil və yeni təcrübələrlə dünyagörüşünü genişləndirirsə, həyatından həzz ala və məqsəd tapa bilər. Bunu başlamaq üçün heç vaxt gec deyil".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->