Ölkə 15:40 08.12.2021

12 illik təhsilə keçid: müqayisəli dünya praktikası (ŞƏRH)

"Hesab edirəm ki, 12 illik təhsilə keçid uşaqların tədris yükünün, eləcə də fənlər üzrə təlim yükünün hansısa mərhələdə yüngülləşməsinə xidmət edəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Təhsil naziri Emin Əmrullayevin 12 illik təhsil sisteminə keçid haqqında fikirlərinə aydınlıq gətirərkən deyib. Ekspert prosesin mərhələli şəkildə həyata keçirilməli olduğunu vurğulayıb: 



"Azərbaycanda təhsil islahatlarının başlanmasından 15 ildən çox vaxt keçir. Bu gün də davam etməkdə olan islahatların əsas məqsədi ölkəmizin təhsilini dünyanın təhsil meridianına çıxmasına, ən inkişaf etmiş ölkələrin təhsil ənənələri fonunda daha mükəmməl bir sistemin yaradılmasına nail olmaqdır. Bu gün dünya ölkələrində 10, 11, 12, 13, hətta 14 illik ümumi təhsil müəssisələri mövcuddur. Apardığım elmi araşdırmalarda mənə məlum olur ki, hazırda 12 illik sistemdən daha çox istifadə olunur. Xatırlayırsınızsa, Azərbaycanda xeyli müddət ümumi təhsilin 10 illik sistemindən istifadə edilib. Hətta uzun illər boyu 4 illik, 9 illik məktəblərdə təhsil tariximiz də mövcud olub. Hazırda isə 11 illik sistem tətbiq olunmaqdadır və 12 illik təhsilə keçilməsi planlaşdırılır. Keçmişə nəzər salsaq, görərik ki, 12 illik ümumi təhsilə keçid  "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda strateji hədəf kimi müəyyən olunub və Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə də əks olunması ilə demək olar ki, reallığa doğru ilk addımını atdı”. 



Kamran Əsədov bildirib ki, hələ "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında Azərbaycanda 2020-ci ilədək 12 illik təhsil sisteminə keçid nəzərdə tutulub:

"Amma pandemiya bu prosesi başa çatdırmağa mane oldu. Hər şeydən əvvəl Dünya Təhsil Forumunda 12 illik təhsilin minimum standart kimi tətbiq olunması barədə deklorasiya layihəsində bu bir daha öz əksini və təsdiqini tapıb. Hazırda 12 illik ümumi təhsili tətbiq edən ölkələrin dünya üzrə çoxluq təşkil etməsi də beynəlxalq təhsil sisteminə inteqrasiya baxımından bu keçidi zəruri edir. Bundan əlavə, strategiyanın müəyyən etdiyi istiqamətlərə əsasən, təhsilin peşəkar inkişafı, məzmunca yeniləşməsi, təmayülləşmə və ixtisaslaşmanın həyata keçirilməsi, təhsil proqramlarının həddən artıq yükləmələrdən azad olunması, digər pedaqoji, psixoloji, habelə iqtisadi xarakterli məsələlərin həlli də qaçılmazdır”.

Kamran Əsədov hesab edir ki, hazırda V siniflər üçün nəzərdə tutulmuş kurikulumlar 11 illik təhsil sisteminə hesablanıb:

"Bu sistemlə oxuyan şagirdlər bir müddətdən sonra 2019-cu ildə məktəbi bitirdilər. Amma ilk buraxılış məzunlarından biz nəzərdə tutulan nəticəni görə bilmədik. Bilirsiniz, burda ən ciddi məsələlərdən biri dərsliklərin də yeni kurikuluma uyğun yazılması üçün müvafiq təcrübə və müddət tələb olunur. Bunun qəbul sisteminə təsiri, yeni tədris planları, yeni proqramlar, müəllim hazırlığı, əlavə ediləcək 1 ilin təhsilin hansı pilləsinə artırılması, təhsil pillələrinin 4+6+2 və yaxud 5+5+2 və ya digər hansısa sxem əsasında qurulması və s. kimi məsələlərin həlli tələb olunur. 12 illik təhsil sisteminə bütün ölkə üzrə birdəfəlik, yaxud tədricən keçilib-keçilməyəcəyi barədə də hələ ki, konkret qənaətə gəlinməyib”.

Milli Məclisin deputatı, Elm və Təhsil Komitəsinin üzvü Cehyun Məmmədov da Qaynarinfo-ya açıqlamasında 12 illik təhsilə keçidin tərəfdarı oldğunu deyib:



"Bu Beynəlxalq bir norma və təhsil sistemdir. Bu gün dünyanın bir sıra ölkələrində uğurla tətbiq olunur. Burada həm təhsil saatları artmış olur, həm də bir sıra hallarda bizim tələbələr üzləşdikləri çətinlikləri aşmış olurlar. Artıq dünyanın bir sıra ölkələrində 12 illik təhsil sistemi tətbiq edilir. Hesab edirəm ki, uğurlu modeldir. Bütün reallıqlar, proqramlar nəzərə alınaraq biz də belə bir sistemə keçə bilərik. Hesab edirəm ki, bu təhsilin keyfiyyətinə də öz ciddi təsirini göstərəcək”.

Qeyd edək ki, Təhsil naziri Emin Əmrullayev "Azərbaycan Karyera İnkişaf Forumu”nda çıxışında 12 illik təhsil sisteminə keçiddən söz açıb. "Bir çox inkişaf etmiş ölkələrdə 12 illik tədris tətbiq edilir. Orada öyrənmə saatlarının Azərbaycandan 20-30 faiz çox olduğunu görürük. Biz artıq bu istiqamətlərdə işlərə başlamalıyıq ki, aradakı bu fərqi qısa zamanda və yüksək keyfiyyətlə qət edək. Burada təhsilin fərqli-fərqli sahələrinə diqqət edilməlidir”- deyə nazir bildirib.

Bahar Rüstəmli