"ABŞ verdiyi bu təkliflə Rusiyanı nəzarəti bölüşməyə çağırır".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Mehman Əliyev Amerikanın Zəngəzur dəhlizilə bağlı yeni planını şərh edərkən deyib.
Mehman Əliyev bildirib ki, Zəngəzur dəhlizi barədə çoxsaylı təkliflər var:
"Ermənistanın, Rusiyanın, ABŞ-ın ayrı-ayrı təklifləri var. Hamı çalışır ki, dəhlizə nəzarəti özləri həyata keçirsin. Amma hesab edirəm ki, dəhlizlə bağlı müxtəlif təkliflər sonda məsələdə konsensusa gətirib çıxaracaq. Nəticədə dəhliz hansısa beynəlxalq konsorsium tərəfindən idarə olunacaq. Yəni Zəngəzur koridoru ABŞ, Rusiya, Çin, Avropa Birliyi və digər başqa ölkələrin iştirakı ilə fəaliyyət göstərəcək. Yalnız belə olarsa, dəhlizin fəaliyyətinin heç zaman bağlanmayacağı, pozulmayacağına dair zəmanət verilə bilər".
Ekspertin fikrincə, dəhlizə nəzarət bir tərəfin əlində cəmləşsə, başqa tərəflər üçün problem yaradacaq:
"Bu isə öz növbəsində dəhlizin normal fəaliyyətinə əngəl yaradacaq. Ona görə də indi hamı məsələni qabardır ki, proses məhz bu istiqamətdə getsin, kimsə təkbaşına eksklüziv şəkildə dəhlizə sahib olmasın. Amerika da belə təklifləri gündəmə gətirməklə istəyir ki, Rusiya bu məsələdə nəzarəti bölüşsün. Ermənilər müharibə vaxtı Bakı-Tiflis-Ceyhan kəmərini vuracaqlarını bəyan edirdilər. Amma kəmər konsorsiuma məxsus olduğundan buna getməklə prosesdə maraqlı olan güclərlə üzləşməli olacaqdılar. Bu səbəbdən kəmərə toxunmadılar. Rusiya qoşunları da 2008-ci ilin avqustunda Gürcüstana daxil olanda kəməri vurmadı".
Mehman Əliyev düşünür ki, Zəngəzur dəhlizi məsələsində də riskləri aradan qaldırmaq üçün ən optimal variant məhz konsorsiumdur:
"Ona görə də ABŞ verdiyi təkliflə Rusiyanı nəzarəti bölüşməyə çağırır".
Qeyd edək ki, "Carnegie Politika"nın məlumatına görə, ABŞ prezidenti Donald Tramp administrasiyası qlobal münaqişələrin həllində fəallığını nümayiş etdirmək məqsədilə yeni plan irəli sürüb. Bu plana əsasən, Zəngəzur dəhlizi vasitəsilə yük daşımalarına nəzarət və idarəetmə amerikalı şirkətə həvalə edilməlidir.
Rüfət Sultan
Şərhlər