Xəbər lenti

Ölkə 19:25 10.02.2025

"150 mindən çox müəllimdən cəmi 2300-ə qədəri tədrisdən uzaqlaşdırılacaq"

"Elm və təhsil naziri Emin Əmrullayevin Dünya Bankının illik qlobal hesabatının təqdimat tədbirində səsləndirdiyi fikirlərdə yeni və qeyri-adi nəsə görmürəm. Hələ 4 il bundan əvvəl müəllimlərin sertifikatlaşdırılması müsabiqəsi başlayanda onun əsas məramı təhsil mühitində pedaqoji yararlılıq baxımından tələblərə tam cavab verə bilməyən, bu səbəbdən də məktəbin nüfuzuna xələl gətirən təhsilverənlərin tədris prosesindən uzaqlaşıdırılması olub".

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elmin Nuru elm və təhsil naziri Emin Əmirullayevin 2026-cı ildə müəllimlərin sayının azalacağı ilə bağlı fikirinə münasibət bildirərkən deyib. 

Ekspert bu gün təkrarən və daha açıq şəkildə səsləndirilən fikirlərin hər hansı yeniliyi özündə əks etdirmədiyini vurğulayıb:

"5 illik proses olan sertifikasiyanın məhz iki missiyası var: birincisi, zəif nəticə göstərən, tədrisin tələblərinə cavab verməyən müəllimlərin uzaqlaşdırılması, ikincisi isə yüksək bal toplayan təhsilverənlərin diferensial qaydada maaşlarının artırılması və onlara əlavə dərs saatlarının təhkim olunması. Qısaca desək, nazirin sözlərinə əsasən, keyfiyyət amilinin kəmiyyət müstəvisindən daha ön cərgəyə keçirilməsi təhsil sahəsində bir neçə il bundan sonra atılacaq əsas addımlardan biridir".
 

 
Elmin Nuri bildirib ki, statistikaya görə sertifikatlaşdırılmanın nəticələrinə əsasən, bu günə kimi 1300 müəllimin əmək müqaviləsinə xitam verildiyini qeyd edib:

"Proses gələn il - 2026-cı ilin sonlarında tamamlanacaq və bu müddətədək də əmək müqaviləsinə xitam verəcək müəllim sayının 1000-i keçəcəyi inandırıcı görünmür. Demək, ilkin 5 illik qiymətləndirməyə əsasən 150 mindən çox müəllimdən cəmi 2300-ə qədəri tədris prosesindən uzaqlaşdırılacaq. Bəli, nazirin də dediyi kimi, müəllimlərin sayında azalma müşahidə olunacaq. Amma ilkin təxmin olaraq deyə bilərik ki, bu nə zamansa kəskin rəqəmlərlə deyil, cüzi faiz göstəriciləri ilə müşahidə olunacaq. Doğrudur, ümumi kəmiyyət göstəricilərinin yanında bu statistika cüzi görünsə də, ən sonda işini itirən hər bir şəxsi də anlamaq, onları müəllimlikdən uzaqlaşdırdıqdan sonra məktəbdaxili, eləcə də məktəbdənkənar digər texniki-təşkilati işlərlə təmin etmək lazımdır". 

Elmin Nuri qeyd edib ki, həmin sabiq müəllimlərin də məsələyə emosiyalarla deyil, soyuq başla yanaşmaları daha yaxşı olardı:

"Çünki bildiyimiz kimi, yalnız iki dəfə ard-arda sertifikasiyadan kəsilən, tələb olunan 50%-lik göstəricini yumşaq imtahan şərtləri altında cavablaya bilməyən müəllimləri saxlanılması da şagirdlərimizin gələcəyi baxımından yaxşı hal sayılmaz". 

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının illik qlobal hesabatının təqdimat tədbirində təhsil sistemində mühüm dəyişikliklərin ediləcəyini açıqlayıb. Nazir 2026-cı ilə qədər müəllimlərin sayı azalacağını bildrib:

"Lakin hər bir müəllimin dərs saatı artacaq, bu da onların maaşlarının yüksəlməsinə səbəb olacaq. Eyni zamanda, sistemdə çalışan gənclərin sayı 20%-ə qədər artacaq". 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->