Xəbər lenti

HƏMAS Trampın təklifinə nə cavab verəcək və bu, problemi aradan qaldıracaqmı?
Dünya 18:15 31.10.2025

HƏMAS Trampın təklifinə nə cavab verəcək və bu, problemi aradan qaldıracaqmı?

"HƏMAS simvolik şəkildə silahlarından imtina edə bilər, amma bu, silahlı müqavimətin tamamilə dayandırılacağı anlamına gəlməməlidir".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov ABŞ-ın HƏMAS yaraqlılarına gərginliyi azaltmaq və dayanıqlı atəşkəs əldə olunması üçün Qəzza ərazilərini tərk etmək təklifini şərh edərkən deyib.

Həmsöhbətimiz qeyd edir ki, Fələstin tərəfi belə bir yanaşmanı Fələstin məsələsinin həllinə əngəl olması iddiası ilə qəbul etməyəcək:

"ABŞ-ın HƏMAS-a "silahı yerə qoyun və ərazini tərk edin" təklifi əslində məlum  məsələdir. Belə bir yanaşma ABŞ və onun müttəfiqlərinin prioritetlərindən biridir. Onların fikrincə, HƏMAS-ın silahlı qalması və bölgədəki silahlı qrupların mövcudluğu təhlükəsizlik üçün ciddi təhdiddir. Lakin Fələstin tərəfi və digər regional aktorlar bu məsələyə fərqli baxışdan baxırlar. Onlar hesab edirlər ki, HƏMAS-ın silahsızlaşdırılması Fələstin məsələsinin həllinə və ya Fələstin dialoqunun bərpasına zəmanət verməyəcək".
 


Ekspertə görə, məsələnin əsas çətinliyi odur ki, HƏMAS-ın silahsızlanması onun özünün və ya xalqın gələcək təhlükəsizliyinin təminatı ilə əlaqədar qorxuları aradan qaldırmır:

"Əgər gələcəkdə Fələstinin təhlükəsizliyi təmin edilməsə və ABŞ ilə İsrail tərəfindən birbaşa müdaxilə riski ortaya çıxarsa, HƏMAS yalnız kağız üzərində silahsızlana bilər, yəni simvolik şəkildə silahlarından imtina edə bilər, amma bu silahlı müqavimətin tamamilə dayandığı anlamına gəlməz. Həmçinin, onların düşüncəsinə görə, tərksilah işğalın avtomatik olaraq sona çatması demək deyil. 1993-cü il Oslo sazişlərindən sonra Fələstin muxtariyyəti yaransa da, faktiki nəzarətin bir çox hallarda İsrail tərəfində qalması bu narahatlığı gücləndirir".

Qeyd edək ki, ABŞ HƏMAS yaraqlılarına gərginliyi azaltmaq və dayanıqlı atəşkəs əldə olunması üçün Qəzza ərazilərini tərk etmək imkanı təklif edib.
Bildirilir ki, Vaşinqton Misir və Qətər vasitəsilə HƏMAS-a hazırda İsrail ordusunun nəzarətində olan ərazilərdən yaraqlıların təhlükəsiz keçidini təmin edən bir təşəbbüs göndərib. Təklifin məqsədinin atəşkəsi sabitləşdirmək və Qəzzanın demək olar ki, yarısını silahlı qruplardan təmizləmək olduğu bildirilir.

Amerika rəsmilərinin sözlərinə görə, bu tədbir münaqişənin gərginliyini azaltmaq və mülki infrastrukturun bərpası və beynəlxalq təşkilatların təsirlənmiş ərazilərə çıxışı da daxil olmaqla humanitar məsələlər üzrə gələcək danışıqlara yol açmaq məqsədi daşıyır.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->