Bu gün "1xeber” informasiya platformasının fəaliyyətə başlamasından 10 il ötür.
2016-cı il iyulun 19-da sosial şəbəkələr üzərindən fəaliyyətə başlayan "1xeber” ötən müddət ərzində sosial, ictimai-siyasi və gündəmdə olan hadisələrin operativ, obyektiv və məsuliyyət prinsiplərinə uyğun şəkildə ictimaiyyətə çatdırılmasını əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirib.
Platforma fəaliyyətə başladığı ilk illərdən etibarən yalnız xəbərlərin operativ yayımı ilə kifayətlənməyərək, vətəndaşların sosial problemlərinin işıqlandırılmasına və ictimailəşdirilməsinə də xüsusi diqqət ayırıb. Bu istiqamətdə qaynar xəttə daxil olan çoxsaylı müraciətlər araşdırılıb, aidiyyəti dövlət qurumlarının diqqətinə çatdırılıb və bir sıra hallarda problemlərin həllinə dəstək göstərilib.
"1xeber” bildirir ki, ötən 10 il ərzində qazandığı ən böyük uğur statistik göstəricilər deyil, oxucuların və izləyicilərin etimadıdır. Məhz bu etimad platformanın fəaliyyətini peşəkar jurnalistika prinsiplərinə uyğun şəkildə davam etdirməsi üçün əsas motivasiya hesab olunur.
Hazırda "1xeber” operativ və etibarlı informasiya resursu olmaqla yanaşı, vətəndaşların müraciət ünvanlarından biri kimi də fəaliyyət göstərir və sosial məsələlərin ictimailəşdirilməsində fəal iştirak edir.
Platforma fəaliyyətinin 10 illiyi münasibətilə oxucularına, izləyicilərinə, əməkdaşlarına, tərəfdaşlarına və fəaliyyətinə dəstək göstərən hər kəsə təşəkkürünü ifadə edib.
"1xeber” bundan sonra da peşəkar jurnalistika prinsiplərinə sadiq qalaraq obyektiv, operativ və etibarlı informasiya təqdim etməyə, cəmiyyət üçün əhəmiyyət kəsb edən mövzuların işıqlandırılmasını davam etdirməyə çalışacaq.
Qaynarinfo "1xeber"in kollektivini təbrik edir, onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayır!
Şərhlər