Dünyanın iki ən böyük futbol qurumu arasında uzun müddətdir davam edən soyuq müharibə açıq hüquqi mübarizəyə çevrilib. Beynəlxalq Futbol Federasiyası Avropadakı həmkarını təşkilatlanmış “dezinformasiya kampaniyası” aparmaqda və FIFA prezident seçkilərinə təsir göstərməyə çalışmaqda ittiham edib. Bundan sonra UEFA ABŞ məhkəməsində Canni İnfantinoya qarşı iddia qaldırıb.
Qaynarinfo "Goal"a istinadən xəbər verir ki, növbəti FIFA prezident seçkilərinin martın 18-də Mərakeşin paytaxtı Rabatda keçirilməsi planlaşdırılır. Beynəlxalq Futbol Federasiyası hazırkı prezident Canni İnfantinonun yenidən seçilmək üçün namizədliyini irəli sürəcəyini açıqlayıb.
20 milyard dollarlıq plan böhranı alovlandırıb
Böhranın kökləri ötən aya gedib çıxır. UEFA FIFA prezidenti İnfantinoya qarşı İsveçrədə qaldırmağı planlaşdırdığı cinayət işi çərçivəsində ifadə və sənədlər əldə etmək üçün ABŞ federal məhkəməsinə müraciət edib.
İş Dünya Kubokunun kommersiya hüquqlarının “FIFA Forward Enterprise” (FFE) adlı yeni törəmə şirkətə ötürülməsi ilə bağlı artıq ləğv edilmiş gizli planla əlaqədardır.
“Reuters” agentliyinin araşdırdığı məhkəmə sənədləri investorların şirkətdə pay əldə etmək üçün 4,2 milyard dollar ödəməsinin nəzərdə tutulduğunu və bunun şirkətin təxminən 20 milyard dollar dəyərində qiymətləndirilməsinə səbəb olacağını göstərib.
UEFA iddia edib ki, bu qiymətləndirmə FIFA-nın kommersiya hüquqlarının dəyərini əhəmiyyətli dərəcədə aşağı salıb və proses açıq tenderə və ya müstəqil qiymətləndirməyə çıxarılmayıb. Qurum İnfantinonu təklifi kiçik bir məsləhətçilər qrupu ilə gizli şəkildə hazırlamaqda, adi idarəetmə prosedurlarından yan keçməkdə və FIFA Şurası, eləcə də qitə federasiyaları ilə məsləhətləşməməkdə ittiham edib.
FIFA-dan sərt cavab: əsassız ittihamlar və şəxsi maraq yoxdur
“Reuters”in məlumatına görə, FIFA Florida ştatının Cənub Dairəsi üzrə Dairə Məhkəməsinə təqdim etdiyi və sübutların açıqlanması tələbinə etiraz etdiyi sərt cavabında UEFA-nın ərizəsində “FIFA və İnfantino haqqında çoxsaylı yanlış və ya yanıltıcı bəyanatların” yer aldığını bildirib.
FIFA məhkəməyə təqdim etdiyi sənəddə deyib:
“UEFA-nın cənab İnfantinonun şirkətlə bağlı təklifdən şəxsi mənfəət əldə etməyə çalışdığı barədə iddiasının heç bir əsası yoxdur. Açıqlanmış olduğu kimi, təklif həm üzv federasiyaların, həm də FIFA Şurasının təsdiqindən asılı idi və hər iki qurumun nəzarəti altında olacaqdı.”
Maliyyə qiymətləndirməsini müdafiə edən FIFA əlavə edib:
“UEFA, istər qəsdən, istərsə də bilməyərəkdən, mülkiyyət hüquqlarının dəyəri ilə şirkətin dəyərini bir-birinə qarışdırır. Mülkiyyət hüquqlarının ilkin qiymətləndirilməsinin 20 milyard dollar olduğu mübahisəsizdir. Lakin şirkətin ümumi dəyəri 30 milyard dolları əhəmiyyətli dərəcədə ötüb. Bu isə mülkiyyət hüquqlarının dəyərinin iki qatından çox və UEFA-nın ədalətli hesab etdiyi qiymətdən xeyli yüksəkdir.”
FIFA vurğulayıb:
“UEFA-nın cənab İnfantinonun hər hansı qanunu və ya etik prinsipi pozması ilə bağlı iddialarının heç bir real əsası yoxdur.”
Ləğv edilmiş layihə və şübhəli zamanlama
Sənədlər göstərib ki, FFE layihəsi UEFA-nın özü, Şimali və Mərkəzi Amerika, eləcə də Karib hövzəsi Futbol Konfederasiyası “CONCACAF” və Asiya Futbol Konfederasiyası da daxil olmaqla qitə federasiyalarının məsləhətləşməyə cəlb edilməməsi səbəbindən göstərdiyi kəskin etirazlardan sonra ötən iyulda tamamilə dayandırılıb. Bu vəziyyət FIFA-nın idarəetmə sistemində islahat aparılması ilə bağlı tələbləri də gücləndirib.
Ötən həftə İnfantino böhranı nəzarətə götürmək üçün 211 üzv federasiyanın hamısına məktub göndərib və qərar qəbuletmə proseslərinin müstəqil şəkildə nəzərdən keçirilməsini təklif edib.
İsveçrəli funksioner gələn ilin martında yenidən seçilmək uğrunda mübarizə aparacaq. FIFA isə ən sərt ittihamını məhz bu məqamla bağlı irəli sürüb.
FIFA ABŞ məhkəməsinə təqdim etdiyi ərizənin sonunda bildirib:
“UEFA məhz FIFA seçkilərindən əvvəl 1782 nömrəli bu sorğunu və cənab İnfantino haqqında yanıltıcı məlumatlar yayan daha üç sorğunu təqdim edib. Məhkəmə bu əsaslara söykənərək FIFA prezident seçkilərinə təsir göstərmək cəhdlərinin qarşısını almalıdır.”
Aydın
Şərhlər