Xəbər lenti

2015-ci ilin devalvasiya şoku təkrarlana bilərmi?
Ekonomiks 19:25 10.04.2018

2015-ci ilin devalvasiya şoku təkrarlana bilərmi?

ABŞ sanksiyalarının növbəti neqativ təsirləri Rusiya birjalarında müşahidə edilməkdədir. 

Bu barədə çodern.az-a danışan iqtisadçı Samir Əliyev bildirib ki, fond birjalarının qırmızıya "boyanması" ilə yanaşı, rubl da digər valyutalara münasibətdə mövqeyini itirməkdə davam edir:

"Artıq bəzi banklar dolları 65 rubldan da baha satmağa başlayıb. Nisbətən oxşar taleni türk lirəsi də yaşayır.

Məlumdur ki, hər iki ölkə qonşu olmaqla yanaşı, Azərbaycanın əsas ticarət tərəfdaşları sayılır. Xüsusən də Rusiya qeyri-neft ixracımızda, daha dəqiq desək, xammala əsaslanan ixracımızda əsas rolu tutur. Hər iki ölkədə milli valyutaların ucuzlaşması haqlı olaraq cəmiyyətdə manatın da ucuzlaşması ilə bağlı narahatlıqları artırıb. Hətta rəsmilərin sakitləşdirici çıxışları da fayda vermir. Çünki beyinlərdə acı 2015-ci il təcrübəsi var”.

İndi hamını bir sual düşündürür: manatı nə gözləyir? 

İqtisadçı deyib ki, məhdud informasiyalar fonunda, ölkədə bazar münasibətlərinin işləmədiyi və qərarların sırf siyasi konteksdə verildiyi bir vaxtda bu suala dəqiq cavab vermək asan məsələ deyil:

"Ancaq hökumətin davranışları əsasında müəyyən təxminlər etmək olar. Təxmin ondan ibarətdir ki, hökumət 2015-ci il ssenarisini təkrarlamaq niyyətində deyil. Devalvasiyanın acı nəticələri hələ də aradan qalxmayıb. Elə buna görə də, Mərkəzi Bank üzən məzənnə siyasətinə keçidi elan etməsinə rəğmən, manatı əvvəlki qaydada tənzimləyir.

Manatın qorunması üçün əsas zəmin var: neft 40 dollardan bahadır. Tədiyyə balansının vəziyyəti manatın xeyrinədir. Nə qədər ki, neft indiki səviyyədədir manatı təhlükə gözləmir. İndiki şəraitdə manata neftdən savayı ölkədəki siyasi vəziyyətin gərginləşməsi neqativ təsir göstərə bilər. Qısası, hazırda manatın "buxovu" Mərkəzi Bankın timsalında hökumətin əlindədir. Ola bilsin qeyri-neft ixracını stimullaşdırmaq üçün ucuzlaşdıra da bilər, daxildə sabitliyi qorumaq üçün indiki səviyyədə saxlaya da bilər. Hər bir halda yuxarıda göstərdiyim 2 amildən biri baş verməzsə, manatı yaxın dövrə ciddi təhlükə gözləmir. Rusiyada baş verənlər isə bir müddət sonra sabitləşəcək. Ancaq şimal qonşumuzu qarşıda çətinliklər gözləyir”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->