Xəbər lenti

Leyla Əliyeva sərgidə - FOTOLAR
Sənət 00:30 27.05.2014

Leyla Əliyeva sərgidə - FOTOLAR

Bu gün Heydər Əliyev Mərkəzində XX əsrin görkəmli fotoqraflarından olan Anri Kartye-Bressonun “Paris” adlı fərdi sərgisi açılıb. 

“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub.

“Magnum photos” agentliyinin direktoru Klemen Sakkomani görkəmli fotoqraf Anri Kartye-Bressonun həyat və yaradıcılığından geniş söhbət açıb. Diqqətə çatdırıb ki, Heydər Əliyev Mərkəzində bu sərginin təşkili Fransa və Azərbaycan arasında məsafənin qısalığını bir daha təsdiqləyir.

Xatırladaq ki, Anri Kartye-Bresson 1908-ci ildə Fransanın Şantelup şəhərində doğulub. Onu fotojurnalistikanın sütunu adlandırırlar. Məşhur fotoqraf rəssamlıqla da məşğul olmuşdur. O, fotoqrafiyada zamanın və “həlledici an”ın roluna böyük əhəmiyyət verib.

“Magnum photos” fotoagentliyinin yaradıcılarından olan Anri Kartye-Bresson sadə insanlarla yanaşı, XX əsrin ən mühüm hadisələrini və bir çox məşhurların - İren və Frederik Jolio-Kürilər, Anri Matiss, Alber Kamyu, Pol Valeri, Vilyam Folkner, Trimen Kapote, Xoan Miro, Merilin Manro, Koko Şanel, Jan Pol Sartr və digərlərinin fotolarını lentə almışdır.

Anri Kartye-Bresson 2004-cü ildə vəfat etmişdir. Hazırda onun əsərləri dünyanın bir çox muzeylərinin kolleksiyalarında saxlanılır.

Sonra sərgiyə baxılıb.

“Magnum photos” agentliyinin direktoru Klemen Sakkomani təmsil etdiyi şirkətin kitabını Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təqdim edib.

Sərgidə müəllifin müxtəlif illərdə və fərqli mövzularda lentə aldığı 80-dən çox əsər nümayiş olunur. Bu əsərlər müəllifin daim mövzuya və öz yaradıcılığına yüksək hörmət hissi ilə yanaşdığını bir daha təsdiqləyir.

Heydər Əliyev Mərkəzində məşhur fransız fotoqrafı Anri Kartye-Bressonun fərdi sərgisi iyulun 27-dək davam edəcək.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->