Siyasət 00:42 03.04.2014

İlham Əliyev fərman verdi

Azərbaycan prezidenti İlham Əliyev Səyahət sənədi haqqında Fərman imzalayıb.

APA-nın məlumatına görə, sənəddə deyilir ki, "Səyahət sənədinin təsviri", "Səyahət sənədinin spesifikasiyası", "Səyahət sənədinin nümunəsi" təsdiq edilsin.

Fərmanda müəyyən edilib ki, Səyahət sənədi Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılan və sərhədkeçmə sənədləri olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilir.

Səyahət sənədi bu Fərmanın 4.1-ci bəndində göstərilən şəxslərə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş hallarda, habelə həmin şəxslər üçün mənşə ölkələrindən sərhədkeçmə sənədləri əldə etmək mümkün olmadığı hallarda verilir. Səyahət sənədi bu Fərmanın 4.1-ci bəndində göstərilən şəxslərin Azərbaycan Respublikasının dövlət sərhədini vizasız keçərək ölkə hüdudlarından kənara çıxması üçün əsasdır.

Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində səyahət sənədi blanklarının hazırlanmasını təmin etməlidir və bu barədə prezidentə məlumat verməlidir; iki ay müddətində səyahət sənədi blanklarının ciddi hesabat sənədi kimi uçotu qaydasını müəyyən edilməli və bu barədə prezidentə məlumat verməlidir. Səyahət sənədinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının prezidentinə təqdim etməlidir; üç ay müddətində Azərbaycan Respublikası prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb prezidentə təqdim etməlidir; üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edilməli və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat verməlidir; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində prezidentə məlumat verməlidir.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etməli və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

Qaynar.info