Siyasət 13:01 14.07.2013

İlham Əliyevə mükafat verildi

Türkiyənin “Ekovitrin” jurnalı tərəfindən keçirilmiş rəy sorğusunun nəticələrinə görə seçilmiş “10 ilin dövlət adamı” və “İlin ulduzları” mükafatlarının İstanbuldakı Haliç Konfrans Mərkəzində təqdimat mərasimi keçirilib.

Qaynar.info-nun AzərTAc dövlət agentliyinə istinadən verdiyi məlumata görə, rəy sorğusunun nəticələrinə əsasən Azərbaycan Prezidenti İlham Əliyev “Türkdilli respublikalarda 10 ilin ən uğurlu dövlət adamı” seçilib. “Türkiyədə 10 ilin ən uğurlu dövlət adamı” nominasiyasında Baş nazir Rəcəb Tayyib Ərdoğan, “10 ilin naziri” nominasiyasında Binəli Yıldırım, “İlin xarici sərmayə yatırımı” nominasiyasında isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) qalib elan ediliblər. Sorğuda “İlin ulduzları” nominasiyası üzrə qalib gələnlər də mükafatlandırılıblar.

Təqdimat mərasimində Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov, Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binəli Yıldırım, bu ölkənin dövlət və özəl qurumlarının, ictimaiyyətin nümayəndələri, iş adamları, ziyalılar və s. iştirak ediblər.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Ekovitrin” jurnalının kollektivinə təşəkkürlərini çatdırıb. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasından sonra Azərbaycanın və Türkiyənin Avropanın enerji bazarında yeni aktorlar kimi çıxış etməyə başladıqlarını bildirən Əli Həsənov deyib ki, ötən 10 il dünyaya çox şey verib: “Amma ən dəyərli sərvətini - güc artımını Türkiyəyə və Azərbaycana veri. Azərbaycan enerji resurslarını dünya bazarlarına çıxararaq iqtisadi, siyasi, sosial və digər sahələrdə bütün ehtiyaclarını aradan qaldırıb, eyni zamanda, bölgənin ciddi aktoruna çevrilib. Türkiyə isə Xəzər neftini dünyaya çatdıran mühüm enerji mərkəzi olub. Bu gün Avropanın enerji təhlükəsizliyini nə Türkiyəsiz, nə Azərbaycansız, nə də Bakı-Tbilisi-Ceyhansız təsəvvür etmək mümkün deyil”.

Çıxışlardan sonra mükafatların təqdim edilməsi mərasimi olub. Nazir Binəli Yıldırım Azərbaycan prezidenti İlham Əliyevin layiq görüldüyü “10 ilin dövlət adamı” mükafatını Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənova təqdim edib.

Məlumat verilib ki, “Ekovitrin” jurnalının bu il fevralın 1-dən aprelin 24-dək keçirdiyi rəy sorğusunda 270 min 992 respondent iştirak etmişdir. Rəy sorğusunda 35 kateqoriya üzrə 105 namizədə səs verilib.