“Azərbaycanın orta məktəblərində vakant yerlərin gizlədilməsi hazırda direktorlara heç bir şey vermir. Çünki bu gün direktorlar müəllimləri işə qəbul edə və ya hansısa işə təyin edə bilməz”.APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ölkədə müəllimlərin işə qəbulu üçün ciddi reqlamentləşdirici qaydalar mövcuddur. Bu qaydalardan kənara çıxanlara qarşı ciddi intizam tədbirinin görüləcəyini deyən F.Qədirov qeyd edib ki, getdikcə belə halların sayı azalacaq və minimuma enəcək.
Nazirlik rəsmisinin sözlərinə görə, əvvəlki illərdə məktəb direktorları tərəfindən vakant yerlərin gizlədilməsi və ya əlavə müəllimlərin işə qəbulu ilə bağlı müəyyən hallar olub: “Bunlara qarşı Təhsil Nazirliyi tərəfindən çox ciddi intizam tədbirləri görülüb. Əgər sonradan da hər hansı bir məktəb rəhbəri tərəfindən vakant yerin təqdim olunmaması faktı aşkar olunarsa, onun barəsində müvafiq tədbir görəcəyik”.
F.Qədirov orta məktəblərdə 10 ildən çox çalışan müəllimlərə yerdəyişmə zamanı tətbiq olunacaq güzəştlər barədə də məlumat verib. O qeyd edib ki, əgər müəllim 10 ildən çox məktəbdə işləyirsə və işləməkdə davam edirsə, müvafiq təlimat sənədlərinə əsasən o, yerini başqa məktəbə dəyişə bilər: “Əgər müəllim 10 il işlədikdən sonra hər hansı bir səbəbdən işdən çıxıb və hazırda işləmirsə, onlar müsabiqə vasitəsilə işə qəbul ola bilərlər. Ancaq müsabiqədə iştirak etməsələr də, onlar vakansiya yarandıqda Təhsil Nazirliyinə müraciət edirlər. Təhsil Nazirliyi onların sənədlərini araşdırır, çox ciddi müsahibə keçirir və uyğun vakant yerlərə göndərir”.
Qaynar.info
Şərhlər