Sərhədsiz Reportyorlar Təşkilatı 2018-ci il üçün hesabat açıqlayıb.
Qaynarinfo xəbər verir ki, təşkilatın apardığı araşdırmalara görə, bu ilin yanvar-noyabr aralığında dünydana 80 jurnalist öldürülüb. 348 media təmsilçisi həbs olunub, 60 nəfər isə girovluqdadır.
İl ərzində öldürülən jurnalistlərin yarıdan çoxu 5 ölkənin payına düşür: Əfqanıstan - 15, Suriya - 11, Meksika - 9, Yəmən - 8, Hindistan - 6.
İyun ayında ABŞ-da "Capital Gazette” nəşrinin redaksiyasına edilən hücum nəticəsində də 5 nəfər jurnalistin dünyasını dəyişməsi faktı beynəlxalq təşkilatın hesabatında öz əksini tapıb.
Hesabatda qeyd edilir ki, bu ilin 11 ayında öldürülən jurnalistlərin sayı 2017-ci il üzrə ölənlərin sayından çoxdur. Meksika silahlı münaqişələrin olmamasına baxmayaraq, qətlə yetirilən jurnalistlərin sayının çox olduğu tək ölkədir. Hərbi münaqişələrin olduğu bölgələrdə 2018-ci ilin 11 ayı ərzində 44 jurnalist həyatını itirib.
Hazırda dünyada 348 jurnalist həbsdədir. Ötən il bu rəqəm 326 olub. Həbsdəki jurnalistlərin yarıdan çoxu Çin, İran, Səudiyyə Ərəbistanı, Misir və Türkiyədə saxlanılır. Təkcə Çində 60 jurnalist həbsdədir.
Girovluqda olan 60 jurnalistin çoxu Suriya, İraq və Yəməndə saxlanır.
Şərhlər