Xəbər lenti

Asiya özü nəyin axtarışındadır?
Hüseynbala Səlimov
Siyasət 15:41 06.03.2018

Asiya özü nəyin axtarışındadır?

Hüseynbala Səlimov

Çin şəxsən mənə həmişə ayrıca, hətta əlahiddə bir sivilizasiya kimi görünüb. Buna hələ Çin fəlsəfəsilə ötəri tanış olarkən əmin olmuşdum. Üstəlik, məsələ tək fəlsəfədə də deyil – bunun musiqisi var, ədəbiyyatı var, təsviri sənəti, hətta teatrı var və bunların hamısının əvvəlinə çəkinmədən Çin kəlməsinə artırmaq olar, çünki bütün bunlar sözün elə həqiqi mənasında əsl orijinal Çin mədəniyyətidir.

Desəm, Çinin iqtisadi-siyasi modeli də az təəccübləndirmir, güman ki, ifrata varmaram; təkpartiyalı siyasi sistem, özü də kommunist partiyası, amma tamam azad və çevik bazar iqtisadiyyatı...

Belə vəziyyət çoxuna bir anormallıq kimi gəlir və hamı neçə illərdir, düz Den Syaopinin ilk iqtisadi islahatları başlayandan indiyədək Çində siyasi islahatların da vüsət alacağı günü gözləyir.        

Doğrusu, özümüzü də qətiyyən bu cərgədən ayırmırıq. Ona görə də "Mao Çini ayağa qaldırdı, Den onu varlı etdi, Si isə Çinə güc verdi” kimi fikirlər hətta bizim üçün də yenilik olmasa da, Çin prezidenti Si Tszinpinin əməlli-başlı kultunun yaradılmasına və onun ətrafında "böyük rəhbər” mifinin formalaşdırılmasına bir neçə il öncə başlanılsa da, ölkədə konstitusiyaya dəyişiklikləri ediləcəyi haqda xəbəri oxuyanda yenə də düşündüm ki, görünür, siyasi iqlimin bir az yumşadılması, siyasi azadlıqları iqtisadi azadlıqlar səviyyəsinə olmasa da, hər halda, indikilə müqayisədə nisbətən yüksək səviyyəyə qaldırmaqçün addımlar atılacaq, çünki bir daha deyirik ki, on illərdir, hamı bu ölkədəki iqtisadi islahatların davamınca təkpartiyalı və avtoritar siyasi sistemin özünün də ciddi şəkildə transformasiya olunmasını gözləyir.

Amma yox, məlum olur ki, burada da tamam başqa küləklər əsir, Çin prezidenti də "uzunömürlü siyasilər” cərgəsinə qoşulmaq niyyətindədir. 
Əslində bu xəbər azərbaycanlı oxucunu ciddi şəkildə cəlb edəcək bir xəbər deyil, baxmayaraq ki, cəmi dünyada olduğu kimi Azərbcaynda da "səmaltı imperiya” ilə bağlı xəbərlər və şərhlər maraqla izlənir. 

Hələ heç onu demirik ki, neçə illərdir, Azərbaycan da Çinin də cəlb ediləcəyi çox nəhəng bir geoiqtisadi layihənin –"ipək yolu”nun reallaşdırılması üçün ən çox "tər tökən” ölkələrdən biridir və hətta ötən il Bakı – Tbilisi - Qars dəmiryolu xətti istifadəyə verilərkən belə fikir formalaşdı ki, artıq "ipək yolu” haqqında tarixi aspektdə yox, bir geo -futuroloji layihə kimi deyil, bir gerçəklik, tamam rentabelli proyekt kimi danışmağın vaxtıdır.

Amma bizi Çini xatırlamağa, Asiya mövzusuna müraciət etməyə vadar edən səbəblər hətta bunlar da deyil. 

Sadəcə, Azərbaycanın dünyadakı real geosiyasi arxitekturalara maraqlı münasibəti yaranıb. Böyrümüzdəki ən yaxın geosiyasi qütblərdən birinin - Rusiyanın layihələrinə qoşulmuruq, nə KTMT-nın, nə də ki, Avrasiya İttifaqının üzvü deyilik, çünki müstəqilliyimizi və suverenliyimizi təkrar məhdudlaşdırmaq istəmirik. 

Amma bununla belə Moskvanın geosiyasi maraqları və tabuları ilə hesablaşmağa məcburuq, məhz bunun nəticəsidir ki, digər real və güclü gesosiyasi qütblə - Qərblə də münasibətlərimizə sərhəd qoymuşuq və bu mərkəzlə münasibətlərimizi Kremli hiddətləndirməyəcək səviyyəyədək inkişaf etdiririk. Hərçənd ki, bu həddi müəyyən edən səbəblər yalnız və yalnız Kremlin maraqları deyil. 

Avrointeqrasiya prosesinin ləngliyi, Qərbin keçmiş Baltik respublikalarından savayı qalan sovet respublikalarına hələki real qarantlar verə bilməməsi və təbii ki, bizim hakimiyyətimizin özünün spesifik maraqları da Qərbə qarşı soyuq münasibəti şərtləndirən ən əsas səbəblər cərgəsinə yazılmaq gücündədir. Amma sırf geosiyasi prizmadan yanaşanda təbii ki, real təhdid Rusiyanın mümkün təzyiq və təpkiləridir.

Buna görə də bizim Rusiya siyasətimizi yığcam şəkildə belə ifadə etmək olardı: Kremlı qıcıqlandırmamaq... 

Amma qeyri-müəyyənlik və eləcə də real geosiyasi təminatların olmaması elə bir məsələdir ki, düşünən insanları daim axtarışlara sövq edir. İnsanlar yeri gələndə özləri də hansısa yeni geosiyasi formatlar, düsturlar və ya alyanslar təklif etməkdən çəkinmirlər: diqqətlər gah türk, gah islam dünyasına, gah da bütün Asiyaya yönəlir...

Məsələn, elə bu yaxınlarda maraqlı bir təklif səsləndi: Asiya Birliyi ideyası ilə çıxış etmək. Amma təəssüf ki, bu cür təkliflər səsləndirərkən insanlarımız bir neçə amili nəzərə almırlar.

Ən birincisi, istənilən geosiyasi alyansın yaranması üçün ciddi amillər olmalıdır, yeni konfiqurasiyaya cəlb edilməsi nəzərdə tutulan ölkələr də bunda həqiqətən də maraqlı olmalıdırlar.

İkincisi, bir sıra parametrlər–hərbi güc, iqtisadi və texnoloji inkişaf səviyyəsi, demoqrafik göstəricilər, təbii resurslar mühüm amillərdir və əgər bunlar yoxdursa, formalaşacaq geosiyasi axitektura heç bir halda reallaşa bilməyəcək və "havadan asılı” qalacaqdır.

Üçüncüsü, bütün bu amillərdən savayı ortada məntiqli bir siyasi fəlsəfə olmalıdır ki, o, ölkələri real addımlara təhrik edə bilsin.

Beləcə götürəndə, indiyədək elə Asiyanın özündə azmı birliklər, koalisiyalar və alyanslar yaranıb? Məsələn, Rusiya əvvəl "Şanxay beşliyi”ni yaratdı və bir sıra ölkələr buna maraq göstərdilər. Amma nəticəsi nə oldu? Və yaxud bunun ardınca Avrasiya İttifaqı formalaşdı. Bəs bu nə verdi? Artıq demək olar ki, nəinki Mərkəzi Asiya ölkələri, hətta Moskvanın dili-qolu bağlı nökəri Ermənistan da başa düşür ki, bu strukturun real perspektivi yoxdur.

Səbəbi də budur ki, birincisi, Rusiyanın sovet çağlarından fərqli olaraq böyük geoiqtisadi və geosiyasi layihərin mühərriyi olmaq gücü yoxdur. İkincisi də, masa üstündə bayaq dediyimiz siyasi fəlsəfə çatışmır. 

Məsələn, ölkələr Şanxay təşkilatında və yaxud Avrasiya İttifaqında niyə cəmləşməli, niyə özlərini bu təşkilatla bağlamalıdırlar? 

Təkcə ona görəmi ki, Kreml daim Qərb tərəfindən özünə qarşı təzyiq hiss edir və bunun qarşısında duruş gətirmək üçün də ətrafında müxtəlif "örtük”lər formalaşdırmağa cəhd edir?.. Axı Qərb amili digər ölkələrçün bu qədər aktual deyildir, onlar Rusiyanın az qala, "xortdan” kimi təqdim etdiyi Qərblə də tamam normal münasibətlər qura bilirlər.

Qərəz, bütün bunlara görə, bir sıra alyanslar alınmır, çünki bir daha deyirik ki, oratda məntiqli siyasi fəlsəfə yoxdur. Üstəlik, diqqətimiz Asiya səmtindədrsə, burada da mürəkkəb proseslər gedir. Məsələn, hələ bir neçə il bundan əvvəl Yaponiyanın baş naziri Sindzo Abe "dördtərəfli alyans” ideyasını irəli sürmüşdü: konsepsiyaya görə Yaponiya (Asiyanın ən demokratik ölkəsi kimi), Hindistan (ən çox əhalisi olan ölkə kimi) və Avstraliya (böyük ərazili ölkə kimi) ABŞ - la birləşərək böyük Asiya alyansı yaratmalıdırlar.

Göründüyü kimi, Asiyada da çox mürəkkəb proseslər gedir. Artıq buradakı ölkələr də demokratiyanın fərqində olanlara və olmayanlara bölünürlər...
Bir daha özümüzə qayıtsaq, bizim geosiyasi cabalarımızın başqa səbəbləri də var. Bir səbəbi yenə də odur ki, qonşumuz Rusiya hələki dünyada yerini tapmayıb və belə vəziyyət təkcə onun özü üçün deyil, elə bizim üçün də az problemlər yaratmır. Bəzən bizə elə gəlir ki, "ikibaşlı qartal” təkcə Rusiyanın geosiyasi ambisiyalarının ifadəsi deyil, həm də əsrlər boyunca rus ictimai–siyasi düşüncəsində çözümünü tapmamış dərin metafizik qeyri–müəyyənliyin ifadəsidir.

Amma bir az əvvəldə dediyimiz kimi, hər şeyi Rusiya ilə bağlamaq da düzgün deyil. Problemimizin biri də də budur ki, siyasi fəlsəfə ilə bağlı ciddi çatışmazlığımız var. Bu müstəvidə hələ müəyyənləşməmişik, daha doğrusu, ölkə və dövlət olaraq müəyyənləşməmişik; hakimiyyət olaraq bizim üçün hər şey aydındır, nə istədiyimizi gözəl bilirik, amma bax, bir ölkə olaraq hələ problemlər var...

O ki qaldı bir daha Asiyadakı inteqrativ proseslərə, məsələn, çoxu Cindzo Abenin təklifində Çinə qarşı alyans sezə bilər. Təbii ki, bu da var və guya yoldaş Sinin rəhbərliyi altında Çin son illər yavaş-yavaş geosiyasi iddialar ortaya qoymağa başlayır. Amma biz bu məsələdə çox da uzağa getməyin tərəfdarı deyilik – tarix boyu davakar qonşularından fərqli olaraq Çin təcavüzkar olmayıb. Elə bəlkə Çin səddi həm də geosiyasi simvoldur və bu sədlə "səmaaltı imperiya” özünün coğrafi və hətta geosiyasi iddialarının sərhədlərini müəyyən edib.

Elə indi də ciddi bir şey yoxdur. Hazırda Çinin xaricdə yalnız bir hərbi bazası var və o, da səhv etmirəmsə, kiçik Afrika ölkələrindən birindədir. Digərlərini daha çox onun artan iqtisadi qüdrəti və bir də siyasi modeli narahat edir; avtoritarizm həmişə keçid mərhələsi kimi çıxış edir. Amma bundan müxtəlif vəziyyətlərə keçid ola bilər. Başqa ölkələri, xüsusən də qonşuları qorxudan budur. Hamımız "Sonuncu Çin imperatoru” filminə baxmışıq. Amma filmdə son hələ həyatda son demək deyil...

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->