Əməkdar jurnalist, yazıçı, publisist Yusif Kərimov bu gecə vəfat edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Ahıl Jurnalistlər Mərkəzinin rəhbəri Məzahir Süleymanzadə məlumat yayıb. O bildirib ki, Y.Kərimovla vida mərasimi bu gün saat 14:00-da yaşadığı evin qarşısında, Mirəli Seyidov küçəsi, 1 ünvanında keçiriləcək.
Xatırladaq ki, Yusif Kərimov 1940-cı il mayın 5-də Bərdə şəhərində anadan olub. Burada 1 saylı orta məktəbi bitirdikdən sonra ADU-nun jurnalistika fakültəsində təhsil alıb. Beyləqan rayonunda "Yüksəliş" adlı rayonlararası qəzetin redaksiyasında məsul katib (1962-1964), "Bakı” qəzetində şöbə müdiri (1964-1973), Azərbaycan Televiziyasının gənclər üçün proqram Baş redaksiyasında şöbə müdiri, baş redaktor (1973-1978) vəzifələrində çalışıb.
"Azərbaycan gəncləri” qəzetinin redaktoru (1981-1995), Mərkəzi Seçki Komissiyasının mətbuat katibi (1995-1997), Azərbaycan Respublikası Ticarət Nazirliyi Mətbuat Xidmətinin rəhbəri (1997-2001) işləyib.
İqtisadi İnkişaf Nazirliyində mütəxəssis, Azərbaycan Yazıçılar İttifaqı Təftiş komissiyasının sədri (1986), Respublika Jurnalistlər Birliyinin sədr müavini (1987-ci ildən) kimi də fəaliyyət göstərib.
2010-cu ilde Prezident İlham Əliyevin sərəncamı ilə əməkdar jurnalist fəxri adına layiq görülüb.
Şərhlər