İdman 12:07 08.03.2020

"Neftçi"nin ilk transferi açıqlandı

"Neftçi” mövsümün sonunda "Sumqayıt”ın futbolçusu Əmir Ağayevi heyətə qatmaq istəyir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, hücumameyilli yarımmüdafiəçi və Bakı klubunun rəsmiləri arasında danışıqların ilkin mərhələsi geridə qalıb. Yayın ilk ayında "kimyaçılar”la olan müqaviləsinin müddəti bitəcək Əmir "Sumqayıt”dakından 2 dəfə yaxşı maddi şərtlər qarşılığında ağ-qara formanı geyinməyə razılıq verib. 

Bu isə o deməkdi ki, "Neftçi”də rəhbərlik dəyişməsə və ya sözügedən oyunçuya Bakı təmsilçisindən çox pul təklif edən yeni müştəri peyda olmasa, keçid reallaşacaq.

Qeyd edək ki, Əmir "Sumqayıt"a ötən ilin yanvarında Təl-Əviv "Hapoel"indən keçib. İsrail vətəndaşı olan 28 yaşlı futbolçu cari mövsümdə "gənclik şəhəri" təmsilçisinin heyətində keçirdiyi 21 oyunda 5 qol vurub və 4 məhsuldar ötürmə edib.