Xəbər lenti

Dünya hüquqla maraq arasında...
Hüseynbala Səlimov
Siyasət 11:25 21.09.2020

Dünya hüquqla maraq arasında...

Hüseynbala Səlimov  

Beynəlxalq hüquqdan şikayətlənmək, demək ki, guya ki, beynəlxalq hüquq, ümumiyyətlə, yoxdur, dünyanı beynəlxalq hüququn prinsipləri yox, maraqlar və bir daha maraqlar idarə edir, - bu, tanış, adət etdiyimiz məsələdir. Oxşar bəyanatla təkcə siyasətçilər və diplomatlar yox, hətta beynəlxalq hüquq üzrə mütəxəssislər də çıxış edirlər.

Bu baxımdan elə Dağlıq Qarabağ münaqişəsi də istisnalıq təşkil etmir. 30 ildən artıq davam edən bu münaqişənin hələ də həll olunmaması bizi belə fikirlərə yönəldir ki, ya beynəlxalq hüquq dekalarasiyadan başqa bir şey deyil, ya da ki, onun tərkinində oxşar münaqişələrin həll mexanizmləri nəzərdə tutulmayıbdır.

Sözsüz ki, bir çox münaqişələrin hələ də həll olunmaması cənab beynəlxaıq hüquq həzrətlərinə elə də şərəf gətirmir. Amma biri var ki, qlobal hüququn hansısa tələbləri yerinə yetirilmir, biri də var deyəsən ki, oxşar presidentlər bu hüquqda, ümumiyyətlə, nəzərdə tutulmayıbdır.

Biz daha çox ona meylliyik ki, "Əslində beynəlxalq hüquqda hər şey nəzərə alınıbdır” deyək. Problem ondadır ki, beynəlxalq institutların bir çox qərarlarına hələ də imperativ xarakter vermək olmur, zəruri sanksiya mexanizmləri hələ də təmin olunmayıbdır.

Məsələn, BMT -nin Nizamnaməsində dövlətlərin suverenliyinə qarşı yönələn bir fenomen kimi təcavüzün - aqressiyanın bütün xarakteristikaları müəyyən edilib və ona qarşı reaksiya da məzmun və forma baxımından təsbit olunubdur.

Amma baxmayaraq ki, bilavasitə Dağlıq Qarabağ münaqişəsilə bağlı BMT TŞ düz dörd qətnamə qəbul edibdir, onlar hələ də kağız üzərində qalır və problem ölü nöqtədən tərpənmir.

Ya da problemin başqa aspektlərini götürək. Məlum olduğu kimi, artıq 25 ildən də çoxdur ki, Ermənsitan Azərbaycan xalqına qarşı ərazi, etnik, mədəni və hətta ekoloji müharibə aparır. Beynəlxalq hüququn müvafiq paraqraflarını, prinsiplərini oxusaq görərik ki, bu problemlərin hər birilə bağlı beynəlxalq hüquq institutlarının müvafiq praktikası vardır.

Artıq qeyd etmişik ki, BMT-nin Nizamnaməsində təcavüz beynəlxalq cinayət kimi təsbit olunubdur. 

Ayrı-ayrı xalqlara qarşı cinayətlərə gəldikdə isə, məşhur Nürenberq prosesindən başlayaraq bu və ya digər hərbi caniləri cəzalandırmaq və cinayətlərə qiymət vermək üçün bir neçə beynəlxalq hərbi tribunal təşkil olunubdur. 

Onlardan biri də keçmiş Yuqoslaviya ilə bağlı tribunal idi. Bu tribunal keçmiş Yuqoslaviyanın ayrı-ayrı xalqlarına, xüsusən də onun müsəlman əhalisinə qarşı cinayət törədən hərbçiləri cəzalandırmışdı.

Və yaxud da başqa bir problemi götürək. Məsələn, indi Azərbaycanın işğal olunmuş rayonlarına Livan və Suriya ermənilərinin köçürülməsi geniş müzakirə olunur. 
Doğrudanmı beynəlxalq hüquqda bununla bağlı heç nə nəzərdə tutulmayıbdır? Yox, belə maddələr var və onlar, məsələn, məşhur Cenevrə Konvensiyalarında əks olunub. Məsələn, bu sənədə görə, işğalçı dövlətin işğal etdiyi ərazilərdə öz əhalisini yerləşdirməsi qadağandır. 

Ona görə də Ermənistanın Dağlıq Qarabağda demoqrafik vəziyyəti özünün xeyrinə dəyişmək cəhdləri tamamilə əbəsdir. Sadəcə, bizim müvafiq strukturlar həm bu, həm də digər məsələlərlə bağlı lazımi beynəlxalq qurumlara (BMT, ATƏT, Aİ, AŞ və s.) vaxtaşırı hesabatlar göndərə, bu, çox yaxşı olar.

İndi isə beynəlxalq hüququn bu və ya digər qərarlarının xarakteri haqqında. Aydındır ki, onların hüquqi qüvvəsi olmalıdır. Amma təəssüf, böyük dövlətlərin maraqları uzlaşanda bu və ya digər qərarı qəbul etmək olur. Elə ki, bu maraqlar üst-üstə düşmür, o halda çox çətin olur, məsələlər uzanır, konfliktlər həll olunmur, illərlə hərbi qarşıdurmalar və hətta lokal müharibələr davam edir. Bununla bağlı amerikalıların maraqlı deyimi var: "Somosa köpəkoğludu, amma bizim köpəkoğludu!”

Bəli, belə hallarda münaqişələr süni şəkildə uzanır, bəzən hətta on illərlə davam edir, bir azca əvvəldə dediyimiz kimi, hərbi qarşıdurmalarla, hətta lokal müharibələrlə müşayiət olunur və belə təəssürat yaranır ki, oxşar problemlər üçün həll mexanizmləri yoxdur. Əslində isə onlar var, sadəcə, belə istək və ya xoş niyyət yoxdur...

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->