"2021-ci il iqtisadi anlamda 2020-dən daha ağır il olacaq" (ŞƏRH)

"2020-ci il dünyada və Azərbaycanda iqtisadi olaraq çox ağır keçdi, gələn il məmləkət üçün iqtisadi anlamda ciddi çağırışlarla, problemlərlə dolu bir il olacaq". 

Qaynarinfo xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli gələn ilin büdcə layihəsinin gecikməsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, hökumət büdcə layihəsini qısa müddət ərzində təqdim etməlidir: 



"2020-ci ildə büdcə avqust ayında dəyişdirildi, gəlir hissəsi 10,5 mln. manat azaldıldı, xərc hissəsi isə 598 mln. manat artırıldı – bu il büdcə gəliri 24 mlrd. 124 mln. manat, xərclər isə 27 mlrd. 492 mln. manat olacaq. Büdcə kəsrində ciddi artım var, neftin qiymətini isə avqustda 35 dollara salıb büdcəyə dəyişikliklər edildi. Ümimiyyətlə, hökumətin çox pis praktikası var: Büdcə heç vaxt ciddi müzakirə edilmir, mütəxəssis rəyləri alınmır, Parlamentdə müzakirəsi sönük və mənasız keçir, ən yaxşı halda deputatların bəziləri öz dairələrində müəyyən işlərin görülməsini büdcəyə salınmasını istəyirlər, "vizion” bərbad olduğu üşün də hər il büdcə qəbul edildikdən sonra ilin ortasında dəyişdirilir – bu bir daha onu sübut edir ki, hökumət büdcəyə detallı analiz aparmadan yanaşır. 

Gələk əsas təhlükəsizlik yastığı, əsas güvən yerimiz olan Neft Fonduna – bu il Fondun vəziyyəti gərgindir: 2020-ci ilin ilk 9 ayında Neft Fondunun büdcə gəlirləri 6 593,1 milyon manat, büdcə xərcləri isə 9 046,3 milyon manat təşkil edib. Yəni, Neft Fondunda da ciddi kəsr var – ilk 9 aya kəsr 2 mlrd. 453 mln. manat olub. Daha sadə dillə desək, güya, gələcək nəsillər üçün yaradılan Fond bu il qazandığından 2,5 mlrd. manat yaxın daha çox xərcləyib və il sonuna bu rəqəm bir qədər də artacaq. 

Hələ ki, 2021-ci ilin büdcəsi parlamentə təqdim olunmayıb, obyektiv səbəbi odur ki, Hərbi Qələbə ilə bitən Vətən Savaşımız var, gələn il işğaldan azad edilən torpaqlarımıza yönəlik büdcə xərcləri kəskin artmalıdır. 
Gələk 2021-ci ilin çağırışlarına və xərc istiqamətlərinə: 1) Ənənəvi xərclər öz yerində qalır, maaşlar, təqaüdlər, sosial ödənişlər, amma təhlükəsizliklə bağlı xərclərimiz artacaq, əsas da 600 kmdən çox işğaldan azad edilmiş İran və Ermənistan sərhəddi ciddi qorunmalı, yeni infrastuktur qurulmalıdır, 2) Şəhid və Qazi ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün əlavə vəsait ayrılmalı, onların bütün sosial problemləri həll edilməlidir, 3) İşğaldan azad edilən ərazilər minalardan təmizlənməli, müharibənin hərbi izləri silinməlidir, 4) Yeni yollar, körpülər, eliktrik, qaz, su, kanalizasiya xəttləri çəkilməlidir, 5) Ordumuzun gələcəkdə baş verə biləcək təxribatların qarşısını alması üçün maddi-texniki bazası gücləndirilməlidir, 6) COVİD-19 bəlası iqtisadiyyatı çökdürüb, kiçik və orta biznes can verir, xidmət və ictimai iaşə, qeyri-ərzaq ticarəti kəskin azalıb, turizm yox olub, 2021-ci ildə vətəndaşa və biznesə dəstək üçün hətta 2020-dən daha çox vəsaitə ehtiyac yaranacaq ki, iqtisadiyyatın çarxları yenidən dönməyə başlasın. 

Bir sözlə, 2021-ci il büdcəsinin xərc hissəsi bu ilin büdcəsindən, azı, 4-5 mlrd. manat çox olmalıdır, yəni, xərc hissəsi hardasa minimum 31-32 mlrd. manat arası hesablanmalıdır. Gəlir hissəsi isə obyektiv olaraq artmayacaq, yəni, vergi-gömrük hesabına büdcə artımı çətin ki, mümkün olsun – iqtisadi aktivlik azalırsa, bu istiqamətlərdən daxilolmalar da kəskin arta bilməz.

Deməli, yük yenə Neft Fonduna düşəcək, çox güman, Fondan götürələcək vəsait çox kəskin artacaq. Gələn il üçün neftin optimal və real orta qiyməti 40 dollar civarında olacaq. Çünki, həm dünyada açılın sürəti aşağı olacaq, tələbat kəskin artmayacaq, həm İranın yenidən bazara dönməsi gözlənilir (bu haqda daha geniş sabahkı yazıda), Liviyada istehsal həcmi artır, OPEC+ ölkələri də 2021-ci ildən aprel ayına qədər hər ay hasilatı əlavə olaraq 500 min barel artıracaqlar. Deməli, Neft Fondunun gəlirləri gələn il də xərclərindən çox az olacaq. 

Büdcənin əlavə pul cəlb etmək istiqamətləri çox dardır: 1) Neft Fondundan daha çox vəsait cəlb etmək, 2) Dövlət əmlakının ciddi özəlləşdirilməsi, 3) Şəffaflıq – büdcə oğurluğunun qarşısının alınması, 4) Manatın 15-20%-lik devalvasiyası, 5) Dövlətin ciddi, əlavə xarici borclanmağa getməsi – yəni, başqa qısa vadəli addımlar mümkün görünlür.

İndi seçim hökumətindir, ilin sonuna 25 gün qalıb, 2021-ci il büdcəsinin heç olmasa ilkin variantını açıqlasın, ciddi ictimai müzakirələr başlasın, mütəxəssisləri dinləməyə çalışsınlar, görək nələr edə bilərik. 2021-ci il iqtisadi anlamda 2020-dən daha ağır il olacaq, bəli, Hərbi Qələbəmiz qürurverici və möhtəşəmdir, amma bu Qələbənin də öz iqtisadi dəyəri, ciddi xərcləri var. Məmləkətdə gərək köklü idarəetmə və "vizion” dəyişikliyi olsun ki, biz Hərbi Qələbəni iqtisadi və siyasi dividentə çevirə bilək...”

Orxan Əhmədli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR