Xəbər lenti

Suriya ilə qaz sazişi, Əhməd Aş-Şaraanın Bakı səfəri və Aralıq dənizinə çıxış...
Ekonomiks 13:08 14.07.2025

Suriya ilə qaz sazişi, Əhməd Aş-Şaraanın Bakı səfəri və Aralıq dənizinə çıxış...

"Bu müqavilə iqtisadi nöqteyi-nəzərdən daha çox geosiyasi əhəmiyyət daşıyır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov Suriya hökumətilə SOCAR arasında Azərbaycan qazının bu ölkəyə ixracı ilə bağlı imzalanan sazişi şərh edərkən deyib.

"Bu addımın atılması ilk növbədə Azərbaycanın ixrac coğrafiyasının artımı deməkdir. Qaz ixracı məsələsində Azərbaycanın heç bir problemi yoxdur. Bu müqavilə iqtisadi nöqteyi-nəzərdən daha çox geosiyasi əhəmiyyət daşıyır", deyə Fuad İbrahimov bildirib.

Ekspert qeyd edib ki, bu addım Azərbaycanın regionda varlığının güclənməsi anlamına gəlir:

"Türkiyə ilə İsrail, habelə İsraillə Suriya arasında gərginliyin sülh istiqamətinə yönəlməsində Azərbaycanın müstəsna xidmətləri var. Bu fonda ölkəmizin iqtisadi maraqlar baxımından bölgədə yer alması eyni zamanda, geostrateji mövqeyimizi də möhkəmləndirir. Bununla Azərbaycan həmçinin, Aralıq dənizi və Şimali Afrikanın ödəniş qabiliyyəti olan məkanına yönəlik dəhlizə də çıxış əldə edir. Azərbaycan şimalla cənub, habelə şərqlə qərb arasında ən elastik nöqtədə yerləşir. Bu mənada da Suriya ilə bağlanan qaz sazişi mühüm əhəmiyyət kəsb edir".



Ekspertin fikrincə, bağlanan saziş Yaxın Şərqdə uzun illərdən bəri mövcud olan gərginliyi əhəmiyyətli dərəcədə aradan qaldırmağa da kömək edəcək:

"Bu həmin prosesdə əsas dönüş nöqtələrindən biri olacaq. Ermənistan Azərbaycan müharibəsinin bitməsindən sonra qarşı tərəfin siyasi və iqtisadi maraqlarla susdurulması istiqamətində mühüm işlər aparılır. Düşünürəm ki, bu fonda İsraillin Türkiyə və Suriya ilə bağlı problemlərinin sülhlə çözülməsi istiqamətində də mühüm addımlar atılıb və atılır".

Qeyd edək ki, Suriyanın keçid hökumətinin rəhbəri Əhməd əl-Şaraanın Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında qaz sazişi də imzalanıb. Ona əsasən, Azərbaycan qazı Suriyaya da daxil olacaq. Bu isə Türkiyə ilə yanaşı Azərbaycanın da Yaxın Şərqdə möhkəmlənməsi anlamına gəlir. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->