Azərbaycanda demoqrafik vəziyyət açıqlanıb.
Dövlət Statistika Komitəsindən Unikal.org-a verilən məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 7994 nəfər və ya 0,1 faiz artaraq 2021-ci il mart ayının 1-i vəziyyətinə 10127127 nəfərə çatmışdır. Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olmuşdur.
Əhalinin 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1002 qadın düşür.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk iki ayı ərzində ölkədə 20984 doğulmuş körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 13,0 təşkil etmişdir. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrdən 510-u əkiz, 9-u isə üçəm doğulanlardır.
2021-ci ilin yanvar-fevral aylarında ölkədə 13338 ölüm halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 8,2 təşkil etmişdir.
Cari ilin yanvar-fevralında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 5672 nikah və 2417 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,5, boşanmaların sayı isə 1,5 olmuşdur.
Bu ilin yanvar-fevral ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 395 nəfər gələn, Azərbaycandan isə 47 nəfər gedən qeydə alınmış, miqrasiya saldosu ölkə üzrə müsbət 348 nəfər təşkil etmişdir.
Şərhlər