"Nvidia" süni intellekt sahəsindəki qabaqcıl texnologiyaları ilə 2024-cü ildə diqqət mərkəzində olub və digər çip istehsalçılarından sürətlə fərqlənib.
Qaynarinfo xəbər verir ki, bu uğurlar, şirkətin gəliri və bazar dəyərini artıraraq, onu texnologiya dünyasının zirvəsinə çıxarıb. İndi isə 2025-ci ildə şirkəti nə gözlədiyi maraqla izlənilir.
"Nvidia" süni intellekt texnologiyalarına etdiyi strateji investisiyalarla həm gəlirini, həm də səhmlərinin qiymətini kəskin şəkildə artırıb. Şirkət, "Apple" ilə dünyanın ən böyük ictimai şirkəti adına görə dəfələrlə yer dəyişdirib və bazar dəyəri ilə 3 trilyon dollar həddini aşıb. Şirkətin baş direktoru Yensen Huanq Silikon Vadisinin ən çox axtarılan rəhbərlərindən birinə çevrilib.
"Nvidia" yüksək güclü "Blackwell" çiplərinin istehsalını genişləndirərək süni intellekt tətbiqləri üçün avadanlıq təminatını artırır. Təkcə dördüncü rübdə şirkət bir neçə milyard dollar dəyərində donanım göndərməyi planlaşdırır və 2025-ci il ərzində bu rəqəmin daha da artması gözlənilir.
AMD və digər rəqiblər, "Nvidia"nın bazar payından (təxminən 80-90%) pay almaq üçün çalışır. "Nvidia"nın bəzi müştəriləri belə, şirkətin yarımkeçirici məhsullarından asılılığı azaltmaq üçün öz çiplərini inkişaf etdirməyə başlayıblar.
Çərşənbə günü "Nvidia" səhmləri 1% ucuzlaşsa da, süni zəka çipləri hazırlayan "Broadcom" kimi şirkətlərin səhmlərində artım müşahidə olunur. "Broadcom"un rəhbəri Hok Tan süni intellektin 2027-ci ilə qədər şirkət üçün 60-90 milyard dollar dəyərində fürsət yarada biləcəyini bildirib.
Buna baxmayaraq, "Nvidia" ilə rəqabət aparmaq çox şirkət üçün çətin olacaq. Ən azı 2025-ci ildə "Nvidia"nın süni zəka sahəsində lider mövqeyindən geri çəkilməsi demək olar ki, mümkün görünmür.
"Nvidia" süni intellekt proqramlarına erkən investisiyaları və "Cuda" proqram təminatı sayəsində bazarda lider mövqeyini qoruyur. Bu proqram, inkişaf etdiricilərə "Nvidia" çipləri üçün xüsusi tətbiqlər yaratmağa imkan verir.
"Microsoft", "Google" (Alphabet), "Amazon", "Meta" və digər iri bulud hesablaması təminatçıları "Nvidia" çiplərinə böyük miqdarda vəsait xərcləməyə davam edir. Şirkət sonuncu rübdə 35,1 milyard dollar gəlir əldə edib ki, bunun 30,8 milyard dolları, yəni 87%-i məlumat mərkəzi seqmentindən gəlib.
Aydın
Şərhlər