Ağdaş rayon sakini Məhərrəmova Nəzakət 21 yaşlı qızı Məhərrəmova Arzu Eldəniz qızının xəstəliyinə görə əlillik dərəcəsi ala bilmədiyini bildirib.
Qaynarinfo Sfera.az-a istinadən xəbər verir ki, ana 21 yaşlı Arzunun "Şereşevski Terner" sidromundan əziyyət çəkdiyini qeyd edib.
O əlavə edib ki, pandemiyaya qədər müalicə xərclərini qarşılaya bilib. İndi isə vəziyyətinin çətin olduğunu, qızının aylıq dərman xərclərinin 1050 manat olduğunu deyib.
Məhərrəmova Nəzakət iddia edib ki, qızının əlillik dərəcəsi alması üçün ondan iki min manat istənilib.
Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov bildirib ki, səsləndirilən fikirlər tam əsassızdır:
"Bəzi sosial şəbəkələrdə 2000-ci il təvəllüdlü Məhərrəmova Arzu Eldəniz qızı ilə bağlı səsləndirilən fikirlər tam əsassızdır. Belə ki, Məhərrəmova Arzu Eldəniz qızının əlilliyinin qiymətləndirilməsi ilə bağlı səhiyyə müəssisəsi tərəfindən elektron sistemə daxil edilən forma 88 elə həmin tibb müəssisəsinə 20.09.2021-ci il tarixində geri göndərilib.
18 saylı şəhər poliklinikası tərəfindən tərtib edilən göndərişdə Arzu Məhərrəmovanın əsas diaqnozu Şereşevski-Terner sindromu qeyd edilsə də, xəstəliyin ağırlaşmaları barədə dəqiq məlumatlar verilməyib. Əqli, fiziki, cinsi inkişafdan geriqalma, oynaqlarda funksional pozğunluğun dərəcəsi qeyd edilmir, anadangəlmə ürək qüsuru, qapaq çatışmazlığının dərəcəsi göstərilməyib.
Astiqmatizmin olması qeyd edilsə də, görmə itiliyi barədə məlumat verilməyib, neyrosensor eşitmənin neçənci dərəcə olması və həmin ağırlaşmanı təsdiq edən dianostik müayinələr, ümumiyyətlə, yoxdur.
Nəzərinizə çatdırırıq ki, Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən vətəndaşın iddia etdiyi kimi, Arzu Məhərrəmovanın Psixiatriya Xəstəxanasında stasionar müalicə alması barədə hər hansı bir qərar verilməyib. Yuxarıda qeyd edilən çatışmazlıqlar səbəbindən xəstəliyin ağırlaşmaları, funksional pozğunluqlarının dəqiqləşdirilməsi barədə qərar verilib.
Səhiyyə müəssisəsi tərəfindən həmin çatışmazlıqlar aradan qaldırıldıqdan sonra şəxsə dair yeni göndəriş əsasında onun əlilliyinin qiymətləndirilməsi ilə bağlı müvafiq qərar veriləcək. Bir daha nəzərinizə çatdırırıq ki, əlilliyin qiymətləndirilməsi səhiyyə müəssisəsi tərəfindən elekton sistemə daxil edilən forma 88 əsasında vətəndaş-ekspert ünsiyyəti olmadan həyata keçirilir”.
Şərhlər